Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1189/2023 08.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qıznın katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2009-cu il tarixdə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X3 və xx.xx.2009-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli qətnaməsinə əsasən uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Uşaqlar böyüdükcə, onların tələbatları da artır. Ona görə də təyin edilmiş aliment məbləği uşaqların saxlanması üçün kifayət etmədiyindən, uşaqların saxlanmasında çətinlik çəkir. Cavabdehin isə uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddiaçının tələb etdiyi miqdarda aliment ödməyə maddi imkanı yoxdur. O, İddiaçı ilə ayrıldıqdan sonra 2014-cü ildə ikinci dəfə ailə həyatı qurmuş, yeni nikahından 3 azyaşlı övladı doğulmuşdur. Hal-hazırda o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə stansiyasında post növbətçisi vəzifəsində işləyir və 372 (üç yüz yetmiş iki) manat əmək haqqı alır. Əmək haqqından başqa heç bir yerdən gəliri və gəlir gətirən əmlakı yoxdur. Onu da qeyd edir ki, İddiaçı ilə birgə nikahından olan hər iki övladına uşaqların saxlanması üçün ümumilikdə 140 (yüz qırx) manat məbləğində hər ay aliment ödəyir. İddiaçının iddia tələbini tam əsassız və qanunsuz hesab edir. Belə ki, uşağı saxlamaq həm onun həm də iddiaçının borcudur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2008-ci il tarixdə X3 və xx.xx.2009-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. İşdə olan Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(040)–437/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2009-cu il tarixdə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 70 manat, cəmi 140 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞŞ/1-01327 nömrəli arayışdan görünür ki, həmin arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, alimentin artırılması mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2014-cü il tarixdə Gəncə ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 1734 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Pənahova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2015-ci il tarixdə Yusif, xx.xx.2016-cı il tarixdə Həsən və xx.xx.2018-ci il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahdan xx.xx.2008-ci il tarixdə Aydın və xx.xx.2009-cu il tarixdə Şahin adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 70 manat, cəmi 140 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. Cavabdeh isə başqa qadınla evlənmiş və həmin nikahdan üç nəfər azyaşlı uşağı doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar iddiaçının yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, onda ödənilən hər uşaq üçün ödənilən 70 manat aliment məbləği uşaqların əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin artırılması ilə iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşaqların üstün mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaqlar üçün ödənilən alimentin miqdarı, onlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşalara təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay cavabdehdən hər uşaq üçün 70 manat, cəmi 140 manat alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməsi uşaların mənafeyinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi uşağı saxlamaq hər iki valideynin borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Aydın və xx.xx.2009-cu il tarixdə doğulmuş Şahin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(040)–437/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1189/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1189/2023
08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver