Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1191/2022 29.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Alımzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi,vəkili Vəkil1, Cavabdeh nümayəndəsi X2 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi,vəkili Vəkil1 iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə nikahlarını 06 noyabr 2012-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 16 yanvar 2014-cü il təvəllüdlü Metin adlı bir nəfər uşağı doğulmuşdur. Ailə münasdibətləri əvvəl normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra tərəflər arasında münasibətlər pozulmuşdur. Bu səbəbdən də tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh uşağın saxlanmasında iddiaçıya kömək etmədiyi üçün iddiaçı aliment tələbinə dair məhkəmədə iddia qaldırmış, Mingəçevir şəhər məhkəməsinin 24 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 16 yanvar 2014-cü il təvəllüdlü Metin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat alimentin tutulub iddiaçıya verilməsi müəyyən edilmişdir. Uşağın müalicəyə ehtiyacı olduğu üçün iddiaçı əlavə xərc tələbinə dair iddia ərizəsi ilə də məhkəməyə müraciət etmiş, məhkəmənin 01 iyun 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 30 manat miqdarında əlavə xərc alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment miqdarından artıq uşağın saxlanması üçün kömək etmir. Uşaq artıq böyümüş, onun maddi təlabatları da artmışdır. Belə ki, uşaq məktəbə getməklə onun saxlanma xərcləri artmışdır. Həmçinin ərzaq məhsulları, geyim əşyaları, hər şeyin qiyməti qalxmışdır. Uşaq “Kür” hazırlıq kursunda pullu təhsil alır. Hər ay ödəniş haqqı 125 manat təşkil edir. Müəyyən edilmiş aliment hazırda uşağın maddi tələbatını ödəmir. İddiaçı uşağı saxlamaqda çətinlk çəkir. Cavabdeh də uşağına baxmaqda borcludur. Cavabdeh vergi ödəyicisidir, həm də musiqiçidir, musiqi dəstəsinin rəhbəridir, kfayət qədər qazanca malikdir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 16 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 600 (altı yüz) manat məbləğdə alimentin Cavabdeh alınıb iddiaçıya verilməsini xahiş edir. Cavabdeh nünayəndəsi X2 iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onlrın birgə nikahlarından 16 yanvar 2014-cü il təvəllüdlü Metin adlı uşağı doğulmuşdur. Sonra ailə mübasibətləri pozulmuş, ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 24 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh həmin alimenti çətinliklə ödəyir. Belə ki, cavabdehin daimi iş yeri yoxdur. Musiqiçi kimi ancaq toylarda, şənliklərdə musiqi aləti çalmaqla pul qazanır. Son illərdə ölkə ərazisində yaranmış pandemiya vəziyyəti ilə əlaqədar həmin işlə də məşğul ola bilməmişdir. Müəyyən edilmiş alimenti də onun köməyi ilə ödəmişdir. Cavabdeh işaxtaran kimi 2020-ci ilin aprel ayından məşğulluq mərkəzində qeydiyyatdadır. Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınsa da xx.xx.2019-cu il tarixdən fəaliyyəti dayandırılmışdı. Cavabdeh ikinci dəfə ailə qurmuş, ikinci nikahdan da bir uşağı var, həmçinin, həyat yoldaşı ikinci uşağa hamilədir. Həyat yoldaşı hamiləliyi ağır keçirdiyinə görə daim müalicə alır. İkinci evlilikdən doğulmuş uşağın, ailənin də saxlanması üçün vəsait tələb olunur. Qiymətlərin qalxması yalnız iddiaçının deyil, cavabdehin də maddi vəzyyətinə təsir göstərir. Hesab edir ki, hazırkı vəziyyətdə, eləcə də uşağın indiki yaşında ödənişli hazırlıq kursuna getməsinə də zərurət yoxdur. İddiaçı da alimentin artırılması əsaslarından biri kimi uşağın ödənişli kursa getməsini göstərmişdir. Cavabdehin maddi vəziyyəti nisbətən yaxşılaşdıqdan sonra uşağının ödənişli təhsil almasına da kömək edəcəkdir. Onu da bildirir ki, cavabdeh iddiaçıya, həmçinin, uşağın müalicəsi üçün 2015-ci ildən hər ay 30 manat ödəyir. Halbuki hazırda uşağın müalicəyə ehtiyacı yoxdur. Ancaq cavabdeh həmin pulu da hər ay çətinliklə ödəyir. Cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh vəkili Vəkil2 da məhkəmə iclasında iddia əsassız olduğuna görə təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 yanvar 2014-cü il təvəllüdlü X4 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasındakı nikah 20 fevral 2015-ci ildə ləğv edilmişdir. Nikah pozulduqdan sonra qadına Cəfərli soyadı verilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-1156/2014 №-li 24 iyun 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 16 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-970/2015 №-li 01 iyun 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay 30 manat miqdarında əlavə xərc alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 31 mart 2022-ci il tarixli məktubunda göstəilir ki, uçot baza məlumatlarına əsasən Cavabdeh xx.xx.2009-cu il tarixdən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilmişdir. İşə əlavə olunmuş 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ünvanlandığı cavab məktubunda göstərilir ki, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024cü il tarixədək vergi orqanı tərəfindən fəaliyyətinizin dayandırılması təmin edilmişdir. İşdə olan X1 Sisteminin məşğulluq haqqında arayışında göstərilir ki, BağırovAqşin Namiq oğlu xx.xx.2020-ci il tarixdən Məşğulluq mərkəzində işaxtaran kimi qeydə alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2020-ci ildə Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünürki, xx.xx.2020-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Metin adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 24 iyun 2014-cü tarixli qətnaməsi ilə Cavabdeh 16 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması da məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 16 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 160(bir yüz altmış) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1191/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1191/2022
29.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver