Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1211/2024 28.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 23 iyul 2011-ci il təvəllüdlü Yadigar adlı uşağın saxlanılması üçün ödənilən alimentin miqdarının artırılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin, ödənilmiş 60 manat mediasiya xərcinin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 oktyabr 2010cu ildə nikaha girməklə evlənmişdir. Onların nikahından 23 iyul 2011-ci təvəllüdlü Yadigar adlı 1 övladı olmuşdur. Ancaq aralarındakı nikah Mingəçevir şəhər Məhkəməsinin 18 noyabr 2017-ci il tarixli 2(051)-3316/2016 saylı qətnaməsi ilə pozulmuş və aliment təyin edilmişdir. Uşağın həm tərbiyəsi, həm də yaşayışının çətinliyi onun üzərindədir. Uşaq istəklərinin gündəlik 4-5 manat arasında təmin etməyə vəsait tələb olunur. Geyimi, yeməyi, gəzməyini nəzərə alanda həmin vəsait 500-600 manat pul edir. Cavabdehin gəlirləri imkan verir ki, o, 235 manatdan da artıq aliment ödəsin. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, hazırkı iddia tələbi üzrə cəmi 130 manat aliment ödəyə bilər. Maddi imkanı zəifdir. Əvvəlki təyin olunmuş alimenti ödəməkdə çətinlik çəkir. Ona görə də iddianın qismən təmin olunmasınıxahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci ildə X1 adlı uşağın atası Cavabdeh və anası İddiaçıdır. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı aralarında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə № 256 ilə qeydə alınmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)- 1814/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Yadigar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq 130 manat müəyyən edilməsi və hər ay tutularaq iddiaçı İddiaçı Novruz qızına verilməsi qət edilmişdir. “Azemis” İnformasiya sisteminə verilmiş sorğuya əsasən və işə əlavə olunmuş arayışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində mühafizəçi vəzifəsində çalışır və 346 manat əmək haqqı alır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müəliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, xx.xx.2019-cu il tarixli 2(051)-1814/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Yadigar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin mediasiya xərci üçün ödənilmiş mediasiya xərcindən cəmi 50 manat pul tutulub iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 14:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də ilkin mediasiya xərci olaraq 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il tarixli X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)-1814/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 180 (bir yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilsin. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pul tutulub iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmənin hakimi: Elza Cəbrayılzadə