Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1219/2021 29.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 21 sentyabr 2002-ci ildə faktiki nikah münasibətinə girməklə ailə qurmuş, nikahlarını 25 iyul 2003-cü ildə rəsmiləşdirmişlər. Birgə münasibətlərindən 07 iyul 2003-cü il təvəllüdlü Şahin və 03 dekabr 2010-cu il tarixdə Hüseyn adlı iki nəfər uşaqları doğulmuşdur. Aralarında olan ailə münasibətləri pozulmuş və cavabdehdən 4 ilə yaxındır ki, faktiki ayrılmışdır. Ayrılarkən uşaqlar onun yanında qalmışlar. Yevlax rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 50 manat aliment tutulması qət edilmişdir. Həmin məbləğlə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh İİ qrup əlildir, 265 manat pensiya alır. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 03 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 dekabr 2010-cu il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında 25 iyul 2003-cü ildə Yevlax şəhər VVADQ şöbəsində 234 № ilə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş Yevlax rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(051)-1179/2020 №li qətnaməsindən görünür ki, Cavabdeh 07 iyul 2003-cü il təvəllüdlü X2, 03 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 50 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Hüseyn və Yasin adlı uşaqlar iddiaçının yanında qalırlar. Məhkəmənin 18 iyun 2020-ci il tarixli 2(051)-1179/2020 №-li qətnaməsindən görünür ki, Cavabdeh 07 iyul 2003-cü il təvəllüdlü X2, 03 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 50 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 03 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1219/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1219/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver