Məhkəmə qərarları › İş №2(051)-123/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-123/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-123/2022 26.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" ASC–nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcunun alınması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqda əmlakın boşaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənilməmiş qalan 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6545.06 manat faiz pulu olmaqla, cəmi 22890.69 manat və 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu olmaqla, cəmi 8891.41 manat, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması üçün bank tərəfindən ödənilmiş 41.42 manat dövlət rüsumu xidmət haqqının tutulması, Cavabdeh1 iddiaçı "xxxx" ASC- nin xeyrinə tutulmalı olan məbləğin, 26.12.2014-cü il tarixli və 11 fevral 2015-ci il tarixli ipoteka müqavilələrinə əsasən, ipoteka predmeti olan, Cavabdeh2 məxsus, ünvan 1-də yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətləri müəyyən edilməklə açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC–nin nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə hesablanmaqla, 17.000 (on yeddi min) manat məbləğində kredit və 11 fevral 2015-ci il tarixli, kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6.000 (altı min) manat kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə bank arasında 26.12.2014-cü il tarixli və 11 fevral 2015-ci il tarixli ipoteka müqavilələri bağlanmış və onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-cü mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqavilələrinin şərtlərini pozaraq, əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilələr ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditlərin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmiş və filial tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən 16.07.2021-ci il tarixə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 16345.63 manat əsas, 6545.06 manat faiz pulu olmaqla, cəmi 22890.69 manat, 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə banka 5913.25 manat əsas, 2978.16 manat faiz pulu olmaqla, cəmi 8891.41 manat borc təşkil edir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi kredit borclarının və kreditlərə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 borc öhdəliyini icra etmir, ona görə də borcun təminatı kimi Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş əmlak qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Eyni zamanda, ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, çünki ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 26.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə hesablanmaqla, 17.000 (on yeddi min) manat məbləğində və 11 fevral 2015-ci il tarixli, kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6.000 (altı min) manat məbləğində kredit almışdır. Həmin kredit müqavilələrinin təminatı kimi onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqavilələri Cavabdeh1 adına olsa da, həmin pul vəsaitlərindən o, istifadə etmişdir. Banka olan borcunun bir qismini ödəsə də, qalan borcunu əməliyyat olunduğu üçün və maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda o, banka olan borcu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir,lakin iddiaçı bank tərəfindən əsas məbləğə hesablanmış faiz məbləği kifayət qədər yüksək olduğundan, borcunu birdəfəyə ödəməyə imkanı çatmır. Hesab edir ki, faiz məbləği azaldılmalıdır. Odur ki, məhkəmədən izahatında göstərilənlərə uyğun olaraq iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə hesablanmaqla, 17.000 (on yeddi min) manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış, 11.02.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6.000 (altı min) manat məbləğində kredit verilmişdir. İşdə olan 26.12.2014–cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-cü mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil 26.12.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 11.02.2015–ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-cü mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil 11.02.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 26.12.2014-cü il tarixli və 11.02.2015-ci il tarixli məxaric orderlərindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Mingəçevir filialından Cavabdeh1 müvafiq olaraq 16819 manat və 5940 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 20.08.2021–ci il tarixə banka olan əsas kredit borcu 16345.63 manat, faiz borcu 6545.06 manat olmaqla, cəmi borcu 22890.69 manat, 11.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 20.08.2021–ci il tarixə banka olan əsas kredit borcu 5913.25 manat, faiz borcu 2978.16 manat olmaqla, cəmi borcu 8891.41 manat təşkil edir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış 16.03.2021–ci il tarixli 0744 saylı bildirişlərdən görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmədiyini əsas gətirərək ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında cavabdehlərə xəbərdarlıq etmişdir. İşdə olan Seriya RX ******* saylı, 05.02.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05-05101-093001 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeyd edilmiş ünvan 2 ünvanında yerləşən mənzil "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2014-cü il tarixli kredit müqaviləsinin icrasının təminatı kimi "xxxx" ASC–nin Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Seriya RX ******* saylı, 18.03.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05-05101-093001 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeyd edilmiş ünvan 2 ünvanında yerləşən mənzil "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2015-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı kimi "xxxx" ASC–nin Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən ƏMDK yanında DƏDRX–nin müvafiq Ərazi İdarəsinə ünvanlanmış 17.03.2021–ci il tarixli məktubdan görünür ki, bank ipoteka haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan "xxxx" ASC-yə məxsus 26.08.2021-ci il tarixli ƏD-189 saylı hesabdan çıxarışdan görünür ki, 16.03.2021-ci il tarixli bildirişin qeydə alınması üçün 41.42 manat rüsum və xidmət haqqı ödənilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəmənin 25.11.2021–ci il tarixli qərardadı ilə təyin edilmiş Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 15.03.2022–ci il tarixli 08 nömrəli rəyindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 26.500 manat, likvid dəyəri isə 24.500 manat təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış 26.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə 60 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə hesablanmaqla, 17.000 manat və 11 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda Cavabdeh1 iddiaçı banka 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6545.06 manat faiz pulu olmaqla, cəmi 22890.69 manat, 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2978.16 manat faiz pulu olmaqla, cəmi 8891.41 manat borcu yaranmışdır. Ona görə də iddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş, likvid dəyəri isə 24.500 manat olan, Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh1 banka 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 20.08.2021–ci il tarixə 16345.63 manat əsas, 6545.06 manat faiz borcu olmaqla, cəmi 22890.69 manat, 11.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 20.08.2021–ci il tarixə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu olmaqla, cəmi 8891.41 manat kredit borcu qalmışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 manat əsas, 6545.06 manat faiz borcu olmaqla, cəmi 22890.69 manat və 11.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 manat əsas, 2978.16 manat faiz borcu olmaqla, cəmi 8891.41 manat pul alınıb iddiaçı banka verilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini ardıcıl olaraq iki dəfə pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). İddiaçı bankla Cavabdeh2 arasında bağlanmış 24.12.2014-cü il və 11.02.2015-ci il tarixli ipoteka müqavilələrindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-cü mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil kredit müqavilələrinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, bankın ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin ipoteka qoymuş əmlak satıldıqdan sonra Cavabdeh2 və onunla birlikdə yaşayan digər şəxslərin həmin əmlakdan çıxarılması və həmin mənzilin boşaldılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Azərbaycan Respublikası MM–nin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı bank tərəfindən ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan mənzil ipoteka ilə yüklü edilsə də, onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 ilə birlikdə yaşayan digər şəxslərə münasibətdə ipoteka ilə yüklü edilmiş əmlakdan çıxarılması hisssəsində əsassızdır. Belə ki, iddiaçı digər şəxslərin soyadlarını, adlarını və ata adlarını göstərməmiş, həmçinin cavabdeh Cavabdeh2 ailə üzvülərinin dairəsini müəyyən edən heç bir mötəbər mənbədən əldə edilmiş sənədi iş materiallarına əlavə etməmişdir. Göründüyü kimi iddia tələbi həmin hissədə qeyri müəyyən olduğundan təmin edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC–nin Cavabdeh1 qarşı əmələ gəlmiş borc tələbi ipoteka qoyana məxsus ipoteka predmetinə yönəldilməli və açıq hərracdan satıldıqdan bir ay sonra ipoteka qoyan Cavabdeh2 həmin əmlakdan çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 15.03.2022–ci il tarixli 08 nömrəli rəyi ilə ipoteka predmetinin bazar dəyəri 26.500 manat, likvid dəyəri isə 24.500 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin 20.07.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 24500 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə yekun olaraq iddia tələbinin satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı bankla Cavabdeh2 arasında yalnız ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin mahiyyəti iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış kredit müqavilələrinə əsasən verilən kreditlərin və ona hesablanmış faizlərin qaytarılmasından ibarət olmuşdur. Lakin cavabdeh Cavabdeh2 ilə bank arasında Cavabdeh1 öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsini əks etdirən zaminlik müqaviləsi bağlanmamışdır. AR Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi Cavabdeh2 iddiaçı bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürməmiş və onunla zaminlik müqaviləsi bağlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, satışdan əldə ediləcək vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlərdən müştərək qaydada deyil, yalnız Cavabdeh1 tutulmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 41.42 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumları cavabdehlərdən alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 200 manat məhkəmə xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materialarında olan 15.03.2022-ci il tarixli hesab-fakturadan görünür ki, məhkəmə– əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16345.63 (on altı min üç yüz qırx beş manat, altmış üç qəpik) manat əsas, 6545.06 (altı min beş yüz qırx beş manat, altı qəpik) manat faiz borcu olmaqla, cəmi 22890.69 (iyirmi iki min səkkiz yüz doxsan manat, altmış doqquz qəpik) manat və 11.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5913.25 (beş min doqquz yüz on üç manat, iyirmi beş qəpik) manat əsas, 2978.16 (iki min doqquz yüz yetmiş səkkiz manat, on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 8891.41 (səkkiz min səkkiz yüz doxsan bir manat, qırx bir qəpik) manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Tələb, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 18.03.2015–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********05-05101-093001 reyestr nömrəli və 05.02.2015–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********05-05101-093001 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi, ev 13/1, mənzil 3-də yerləşən, 12 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 30.25 kv.m ümumi, 17.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 31782.1 (otuz bir min yeddi yüz səksən iki manat, on qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC–yə verilsin. İpoteka predmeti satıldıqdan 1 bir ay sonra Cavabdeh2 mənzildən çıxarılsın, onun istifadə hüququna xitam verilsin və mənzil boşaldılsın. Satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 41.42 (qırx bir manat qırx iki qəpik) manat xidmət haqqı alınıb "xxxx" ASC–yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb "xxxx" ASC–yə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə– əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə xərci alınıb, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadəı edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar