Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1237/2022 08.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh: Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakda məcburi payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı xx.xx.2021-ci il tarixdə vəfat etmiş nənəsi X6 miras qalmış əmlaklar üzərində vərəsə kimi ona düşən hissədə məcburi pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nənəsi X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum nənəsi xx.xx.2018-ci il tarixdə mülkiyyətində və istifadəsində olan bütün əmlaklarını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını faktiki olaraq vəsiyyətnamə ilə dayısı Cavabdeh2 vəsiyyət etmişdir. Miras xx.xx.2021-ci ildə açılmışdır. Miras əmlak üç əmlakdan - torpaq sahəsi, ev və qeyri-yaşayış sahəsindən ibarətdir. X4 xx.xx.2004-cü ildə vəfat etmişdir. Belə olduğu halda miras əmlakdan anasına düşən hissədə onun da məcburi payı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsində göstərilmişdir ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququnun vərəsəliklə keçdiyi təsbit edilmişdir. O, vərəsəliklə bağlı payının alınması ilə bağlı Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinə müraciət etmiş, lakin Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisi xx.xx.2021-ci il 1818 nömrəli məktubla onu vərəsə kimi tanımaqdan imtina etmişdir. Hesab edir ki, AR MM-nin 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Sadalanan imperativ normalar notariusun onu vərəsə kimi tanımaqdan imtina etməsinin əsassız və qanunsuz olduğunu göstərir. Belə ki, həmin normalardan göründüyü kimi hal-hazırkı vəziyyətdə o, varis sayılır. Mirasın açıldığı vaxt miras qoyanın vərəsələrindən biri olan anası 2004-cü ildə ölmüşdür. Həmin normalarda miras qoyanın övladının miras açılanadək və yaxud miras açıldıqdan sonra dünyasını dəyişməsi barədə heç bir müddəa müəyyən edilməmişdir. Mirasda məcburi pay anlayışı bilavasitə vəsiyyətnamə ilə əlaqədardır. AR MM-in 1193-cü maddəsindən göründüyü kimi məcburi pay uşaqlara, valideynlərə (övladlığa götürənlər), arvada (ərə) aiddir. Bunlardan əlavə AR MM-in 1203.2-ci maddəsi məcburi paydan məhrum etmək səlahiyyətini yalnız miras qoyana sağ olduğunda məhkəmə qaydasında etmək hüququ vermişdir. Ona görə də hesab edir ki, mülki işin həlli yalnız məhkəmə qaydasında mümkündür. Onun vərəsəlik hüququnun tanınmamasına dair notariat ofisinin məktubunda məcburi pay hüququnun nəvəyə şamil edilməməsi göstərilmişdir. Lakin vərəsəlik münasibətlərində məcburi pay hüququ vərəsəliklə keçir. Miras qoyan isə sağlığında onu məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum etməmişdir. Odur ki, xx.xx.2021-ci ildə vəfat etmiş nənəsi X6 miras qalmış əmlaklar üzərində vərəsə kimi ona düşən hissədə məcburi pay hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı iddianı qəbul etmədi, həmçinin təmsil etdiyi şəxsin adından göstərdi ki, notarius düzgün olaraq iddiaçını vərəsə kimi tanımaqdan imtina etmişdir. Çünki iddiaçının məcburi pay almaq hüququ yoxdur. İddiaçının vəsiyyətnamə olmadığı təqdirdə pay almaq hüququ ola bilərdi. Lakin miras qoyan tərəfindən vəsiyyətnamə verilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il tarixli və həmin Məcəllənin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 8 yanvar 2021-ci il tarixli qərarlarında məcburi pay almaq hüququ olan vərəsələrin dairəsi və məcburi payı tələb etmək hüququnun vərəsəlik üzrə keçməsi halları qeyd edilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ölmüş nənəsi X9 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul etməsi ilə bağlı Notariat ofisinə müraciət etmişdir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli, 1818 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 bütün əmlakını vəsiyyət etdiyindən və qanunvericilikdə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququ olan şəxslər arasında nəvələrin nəzərdə tutulmamasına görə İddiaçı bununla belə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin əslindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova (Süleymanova) Arzu İsax qızı xx.xx.1964-cü il tarixdə X12 ilə X9 birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988–ci il tarixdə Mingəçevir şəhərində Nümayəndə ilə X7 birgə nikahından doğulmuşdur. İşdə olan 27 avqust 2018-ci il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını Cavabdeh2 vəsiyyət etmişdir. İşdə olan 19 oktyabr 2010-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 ölən günədək ona məxsus olan ünvan 1 ünvanında yerləşən 185 saylı t/h mağazasını Cavabdeh2 vəsiyyət etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-177/15 saylı məktubdan görünür ki, X9 adına Mingəçevir “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 151 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “ünvan 2 ünvanı qeyd olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-177/15 saylı arayışdan görünür ki, 1936-cı il tarixdə Füzuli rayonunda doğulmuş X11 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci il tarixədək aparılmış yoxlama zamanı əri X12, oğulları Cavabdeh2 və X13 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********07 nömrəli məktubdan görünür ki, Mingəçevir şəhəri, Niyazi küçəsi, ev 5 ünvanında yerləşən 0.0587 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum X9 adına Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən xx.xx.1990-cı il tarixli, 120A nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mingəçevir şəhəri, M. Maqomayev prospekti 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X9 adına dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə verilmişdir. İşdə olan Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, Niyazi küçəsi, ev 5 ünvanında yerləşən 0.0587 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X9 adına Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən xx.xx.1990-cı il tarixli, 120A nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 185 saylı t/h mağazanı X2 almışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı xx.xx.1988– ci il tarixdə Mingəçevir şəhərində Nümayəndə ilə X7 birgə nikahından, doğulmuş, iddiaçının anası Hüseynova (Süleymanova) Arzu İsax qızı xx.xx.1964-cü il tarixdə X12 ilə X9 birgə nikahından doğulmuşdur. iddiaçının anası Hüseynova (Süleymanova) Arzu İsax qızı xx.xx.2004-cü il tarixdə, iddiaçının nənəsi X11 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. X9 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə oğulları, Cavabdeh2 və X13 daxil olmuşdur. X11 27 avqust 2018-ci il tarixdə vəsiyyətnamə vermiş və ölən günə kimi özünə məxsus bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını Cavabdeh2 vəsiyyət etmişdir. Mərhumun əri X12 2004-cü ilin dekabr ayında, mərhumun qızı, yəni iddiaçının X4 isə xx.xx.2004-cü il tarixdə ölmüşdür. İddiaçı isə miras əmlakdan anasına düşən hissədə onun da məcburi payının müəyyən edilməsi ilə bağlı Notariat ofisinə müraciət etsə də, notarius onu məcburi pay almaq hüququ olan vərəsə kimi tanımaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, mərhum Gülarə Hüseynova xx.xx.2021-ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verildiyi üçün miras əmlaka vəsiyyət üzrə vərəsəlik tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Məhkəmə mübahisənin həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, mərhum X6 Mingəçevir şəhəri, Niyazi küçəsi, ev 5 ünvanında yerləşən 0.0587 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Mingəçevir şəhəri, M. Maqomayev prospekti 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi miras qalmışdır. Məhkəmə mübahisənin qanunamüvafiq və düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən iddiaçının mərhum X6 qalmış mirasdan məcburi pay almaq üçün müvafiq subyektiv hüquqa malik olub–olmaması və cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən həmin hüququn pozulub–pozulmaması məsələsinin araşdırılması məqsədilə ilk növbədə vərəsələrin dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara əsasən müəyyən edildi ki, mərhum X5 ikən bütün əmlakını Cavabdeh2 notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə əsasında vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hazırkı vaxta qədər etibarsız sayılmadığı və yaxud dəyişdirilmədiyi və qüvvədən düşmüş hesab edilmədiyi üçün tam şəkildə etibarlı olduğundan, Cavabdeh2 mərhumun vəsiyyət üzrə vərəsəsi olaraq qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2–ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub–olmadığına, habelə hüquqi şəxslər olub– olmadığına baxmayaraq, ola bilərlər. Digər tərəfdən mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik məcburi vərəsələr institutu ilə məhdudlaşdırıldığından, məhkəmə hazırkı mübahisə üzrə məcburi pay hüququ olan vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyini nəzərə alaraq qeyd edir ki, mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Məhkəmə hesab edir ki, mərhumun əri X12 və qızı X3 Hüseynovanın öldüyü məqamda sağ olmadıqlarına görə mərhum X9 ölümündən sonra onun məcburi pay əldə etmək hüququna malik birinci növbəli qanun üzrə vərəsələri dairəsinə oğulları Cavabdeh2 və X13 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Belə olan halda mərhum X9 birinci növbəli qanun üzrə vərəsəsi X13, Cavabdeh2 isə həm vəsiyyət, həm də birinci növbəli qanun üzrə vərəsəsi olmuşdur. Məhkəmə, eləcə də mübahisənin qanunauyğun şəkildə həll edilməsi üçün hazırkı mübahisə üzrə mirasdan məcburi pay tələb etmək hüququnun vərəsəlik qaydasında iddiaçıya keçib-keçməməsinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı sübutların hərtərəfli araşdırılması nəticəsində müəyyən olundu ki, iddiaçının anası mərhum X10 miras qoyan mərhum X6 əvvəl öldüyünə görə mərhum Arzu Süleymanovanın mirasdan məcburi pay hüququ yaranmamış və həmin məcburi pay onun miras aktivinə daxil olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı mərhum X6 qalmış mirasdan məcburi pay almaq üçün müvafiq subyektiv hüquqa malik deyil. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mərhum Gülarə Hüseynovadan qalmış miras açılan an mərhum Arzu Süleymanova sağ olmadığı üçün miras qoyanın birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olmaması səbəbindən, onun mirasdan məcburi pay əldə etmək hüququ əmələ gəlməmişdir. Belə olan halda Arzu Süleymanovanın birinci növbəli qanun üzrə vərəsəsi olan iddiaçıya vərəsəlik üzrə məcburi pay hüququ keçməmiş və onun vəsiyyətnamə üzrə vərəsədən məcburi pay tələb etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1194–cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məhkəmə qeyd olunan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, miras əmlak miras qoyanın öldüyü məqamadək əldə etdiyi əmlak hüququdur. Miras qoyan həmin hüququ sağ ikən əldə etməlidir. Vəsiyyət üzrə vərəsəlik zamanı məcburi pay hüququ da miras qoyan vərəsənin miras toplusuna daxil olan əmlak aktividir. Məcburi pay hüququ mirasın açıldığı an sağ olan vərəsəyə münasibətdə yarandığından, həmin pay hüququ bir vərəsəlik payı kimi onun əmlak toplusuna daxil olduğundan və həmin vərəsə mirasdan məcburi pay tələb etmək hüququnu həyata keçirmədən öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında onun vərəsələrinə keçir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 1193–cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. X8 Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, Mülki Məcəllənin 1193– cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194–cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1–ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. X8 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məhkəmə, həmçinin hesab edir ki, məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyindən, məcburi payı tələb etmək miras açıldığı an sağ olan vərəsənin hüququ olduğundan, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirildiyindən, mirasdan məcburi pay almaq hüququ olan şəxsin vəsiyyətnamə üzrə vərəsədən məcburi payın verilməsini tələb etmək hüququ da mirasın açıldığı andan yaranır. Lakin iddiaçının mərhum X4 miras açıldığı an sağ olmadığı üçün onun mirasdan məcburi pay tələb etmək hüququ əmələ gəlməmişdir. Bu halda iddiaçının da mərhum X9 vəsiyyətnamə üzrə vərəsəsi olan Cavabdeh2 məcburi payın ödənilməsini tələb etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla yanaşı, məhkəmə iddiaçının anasının əvəzinə vərəsə olub-olmaması ilə bağlı qeyd edir ki, qanun üzrə vərəsəlikdə miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmadıqda, nəvələrin, nəticələrin və uşaqların qanun üzrə vərəsə olması nəzərdə tutulmuşdur. Lakin vəsiyyət üzrə vərəsəlikdə miras açılan vaxt vərəsə olacaq valideynləri sağ olmadıqda nəvələrin, nəticələrin və uşaqların məcburi pay almaq hüquq müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi qeyd olunan nomada qanun üzrə vərəsəlik zamanı mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmadıqda, miras qoyanın nəvələrinin, nəticələrinin və uşaqlarının vərəsə olmaq hüquqları təsbit edilsə də, onların vəsiyyət üzrə vərəsəlik zamanı belə bir hüquqlarının olması istisna edilmişdir. Bu da o nəticəyə gəlməyə imkan verir ki, iddiaçının mərhum nənəsindən qalmış miras əmlakdan məcburi pay almaq hüququ yoxdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mərhum X6 qalmış mirasa münasibətdə miras əmlakda məcburi payın müəyyən edilməsi tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmadığından, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–nin 216–220, 227, 357–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakda məcburi payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1237/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1237/2022
08.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver