Məhkəmə qərarları › İş №2(051)-1240/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1240/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1240/2023 12.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, avtomaşın almaq üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə Turbo.az internet sosial şəbəkəsində avtomaşınlara baxan zaman Mercedes Benz markalı 99FH062 dövlət qeydiyyat nişanlı avtomaşın xoşuna gəlmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Turbo.az internet sosial şəbəkəsində qeyd olunan ********** mobil nömrəyə zəng etmişdir. Həmin vaxt özünü İlham kimi təqdim edən şəxs cavab vermiş, X2 markalı 99FH062 dövlət qeydiyyat nişanlı avtomaşını hansı məbləğə satdığını soruşmuş, sonuncu ona əvvəl 12400 manata satdığını demiş, lakin həmin məbləğə İlham adlı şəxslə razılaşmadığı üçün sonunda İlhamla 11500 manata razılaşmış və sonuncu ona qabaqcadan 500 manat pulu Kapital banka məxsus olan hesab nömrəsinə köçürməsini demişdir. 20 dəqiqədən sonra İlham ********** mobil nömrədən ona zəng edərək, ********** mobil nömrəsinə maşın üçün çox zənglər olunduğu üçün həmin nömrəni söndürəcəyini və maşını internetdən götürəcəyini və pul çıxdıqları üçün Kapital bankın hesabına pul köçürtməməsini, pulu ********** mobil nömrəyə köçürtməsini bildirmişdir. Bu səbəbdən həmin gün saat 12:27 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Cənub Market adlanan mağazada olan :‘e-Manat” ödəmə terminalı vasitəsi ilə ********** nömrəsinə 500 manat pulu köçürtmüşdür. Pulu köçürdəndən sonra ona bu barədə qəbz verilmiş və qəbzi götürmüşdür. Bundan sonra İlham adlı şəxsə 500 manat pulu köçürtməsini və avtomaşını almaq üçün artıq İmişli rayonu istiqamətdə hərəkətdə olduğunu demişdir. Cəlilabad rayonu ilə hərəkətdə olarkən ********** mobil nömrədən İlham adlı şəxs ona zəng edərək ayağı yandığı üçün Bərdə rayon xəstəxanasında yardım aldığını və hazırda İmişli rayonuna qayıtdığını bildirmişdir. Bu sözləri deyib zəngi söndürmüşdür. Bundan sonra İmişli rayonuna çatıb İlham adlı şəxsin ********** və ********** mobil nömrələrinə zəng etməsinə baxmayaraq, hər iki nömrələr operator tərəfindən söndürülmələri barədə məlumat vermişdir. Bundan sonra həmin şəxsin onu aldatdığını bilmişdir. Ondan sonra o, bununla bağlı polis şöbəsinə müraciət etmiş, araşdırma zamanı isə onu aldadan şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Həmçinin həmin maşının Cavabdeh olmadığı da müəyyən edilmişdir. Hazırda Cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı omadan iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(050)- 413/2023 saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Mercedes Benz markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşını satacağını vəd edərək İddiaçı “Emanat” ödəmə sistemi vasitəsi ilə 500 manat pulu ələ keçirməklə xırda talama əməli törətmişdir. Ona görə də Cavabdeh AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 ay müddətində inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Yusifov X1 Benz markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşını satacağını vəd edərək İddiaçı “E-manat” ödəmə sistemi vasitəsi ilə 500 manat məbləğində pulunu ələ keçirmişdir. Nəticədə, iddiaçıya 500 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh həmin əməlinə görə inzibati məsuliyyətinə cəlb olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(050)-413/2023 saylı inzibati xəta haqqında qərarı Cavabdeh AR İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək 01 ay müddətində inzibati qaydada həbs edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh inzibati xəta hadisəsi törətməsinə görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, həmçinin məhkəmənin qanuni qüvvədə olan inzibati xəta haqqında qərarı ilə təqsirli hesab edildiyindən, onun 500 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 500 manat məbləğində maddi zərər alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 500 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar