Məhkəmə qərarları › İş №2(051)-1246/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1246/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1246/2021 16.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, iddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2237.15 manat məbləğdə əsas borcu, 138.42 manat məbləğində faiz borcu olmaqla, cəmi 2375.57 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın və 0.40 qəpik xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Sonradan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində dəyişiklik etmiş, iddia ərizəsi məhkəmənin icraatın daxil olduqdan sonra cavabdeh tərəfindən 266 (iki yüz altmış altı) manat ödəniş etmişdir. Bu səbəbdən yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən oğlundan 2002.42 manat əsas borc və 180.52 manat faiz borcu olmaqla, cəmi 2182.94 manat borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı ASC-nin Mingəçevir filialı ilə 25 iyul 2019-cu il tarixdə, 6008400-41584/5 saylı kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə, 25 % illik faiz dərəcəsi olmaqla 5000 manat məbləğdə kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatının üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onların banka 2002.42 manat məbləğdə əsas borc, 180.52 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2182.94 manat məbləğində kredit borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2002.42 manat məbləğdə əsas 180.52 manat məbləğdə faiz borcu olmaqla, cəmi 2182.94 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın və 0.40 qəpik xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 25 iyul 2019-cu ildə İddiaçı ASC ilə müqavilə bağlamış və 5000 manat məbləğdə kredit götürmüşdür. İlk vaxtlar götürdüyü krediti ödəniş cədvəlinə uyğun ödəsə də, sonradan ödənişləri gecikdirməyə başlamışdır. Lakin, əlinə pul keçən kimi banka olan borcunu ödəyəcəyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 25 iyul 2019-cu il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 600840-41584/5 saylı kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə, 25 % illik faiz dərəcəsi olmaqla 5000 manat məbləğdə kredit götürmüşdür. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 arasında 25 iyul 2019-cu il tarixli, 600840-41584/5 saylı zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş 31 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə cəmi 2375.57 manat miqdarda borcu yaranmışdır. İşə əlavə olunmuş 16 iyul 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 iddiaçı Expressbank» Açıq Səhmdar Cəmiyyətinə 266 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 0.40 qəpik xidmət haqqı borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 2002.42 manat məbləğdə əsas və 180.52 manat məbləğdə faiz borcu olmaqla cəmi 2182.94 manat məbləğdə borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və 0.40 qəpik xidmət haqqının cavabdehlərdən tutulub İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar