Məhkəmə qərarları › İş №2(051)-1262/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1262/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1262/2022 16.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 500.35 manat əsas borc, 135.82 manat faiz borc, 4.74 manat cərimə və 9.64 manat komisyon haqqı olmaqla, cəmi 650.55 manat kredit borcu tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(051)-1262/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 965sMNG/21 saylı kredit xətti müqaviləsi əsasında Cavabdeh1 istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29 faiz olmaq şərtilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli 965sMNG/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 500.35 manat əsas borc, 135.82 manat faiz borc, 4.74 manat cərimə və 9.64 manat komisyon haqqı olmaqla, cəmi 650.55 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30.4 manat məbləğində tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 965sMNG/21 saylı kredit müqaviləsinin təminatı olaraq onunla xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tural işləyir, kredit borcunu ödəməyə maddi imkanı var. Lakin onun həmin borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 965sMNG/21 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə illik 29 faiz olmaq şərtilə 10000 manat məbləğində kredit limiti ayırmağı, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 965sMNG/21 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 965sMNG/21 saylı müqaviləyə əsasən cavabdehin banka 500.35 manat əsas borc, 135.82 manat faiz borc, 4.74 manat cərimə və 9.64 manat komisyon haqqı olmaqla, cəmi 650.55 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 500.35 manat əsas borc, 135.82 manat faiz borc, 4.74 manat cərimə və 9.64 manat komisyon haqqı olmaqla, cəmi 650.55 manat kredit borcu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 30.4 manat pulun alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 500.35 (beş yüz manat otuz beş qəpik) manat əsas borc, 135.82 (bir yüz otuz beş manat səksən iki qəpik) manat faiz borc, 4.74 (dörd manat yetmiş dörd qəpik) manat cərimə və 9.64 (doqquz manat altmış dörd qəpik) manat komisyon haqqı olmaqla, cəmi 650.55 (altı yüz əlli manat əlli beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat pul alınıb iddiaçı "xxxx" KB ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar