Məhkəmə qərarları › İş №2(051)-1270/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1270/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1270/2023 22.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında 2203tkMNG/15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 600 ABŞ dolları məbləğində kredit limiti ayırmış, ona bank hesabı açılmış və plastik kart təqdim edilmişdir. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və əldə etdiyi kredit borcunun aylıq ödənişlərini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. Nəticədə, onun 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, onunla iddiaçı arasında bağlanmış 2203tkMNG/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün 84 ay müddətinə illik 600 ABŞ dolları məbləğində kredit verilmişdir. Onun banka olan borcu tam olaraq ödənilmişdir. Belə ki, problemli kreditlərin kompensasiyası barədə məlumat cədvəlində də qeyd olunmuşdur ki, ona cəmi 311.05 manat kompensasiya hesablanmış, borcu çıxıldıqdan sonra o, 244.44 manat kompensasiyanı almışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 84 ay müddətinə 600 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-yə olan borcu 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində təşkil edir. İşdə olan "xxxx" KB ASC tərəfindən xx.xx.2019-ci il tarixdə tərtib edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, Cavabdeh çatası kompensasiyanın məbləği 311.05 manat təşkil etmiş və restrukturizasiya olunması təklif olunan krediti məbləği göstərilməmişdir. İşdə olan 20 may 2019-cu il tarixli qəbzdən görünür ki, bank tərəfindən Cavabdeh fərmanla bağlı 244.44 manat kompensasiya ödənişi ödənilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə 600 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə olan borcu restruktrizasiya olunmuş və cavabdehə çatası 311.05 manat kompensasiya məbləği hesablanmışdır. Bundan sonra bank tərəfindən Cavabdeh fərmanla bağlı 244.44 manat kompensasiya ödənişi ödənilmişdir. Həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanması təklif edilməmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün iddiaçı cavabdehə pul verməli, cavabdeh isə aldığı pulu razılaşdırılmış miqdarda qaytarmaq öhdəliyini yerinə yetirməməlidir. Bu şərtlər mövcud olduğu halda, iddiaçının cavabdehə qarşı öhdəliyin icarsını tələb etmək hüququ yaranır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019cu il tarixinə olan borcu restruktrizasiya olunması nəticəsində cavabdehin banka borcu qalmamış və cavabdehə 311.05 manat kompensasiya məbləği hesablanmışdır. Həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanması təklif edilməmmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən silinmiş (ödənilmiş) borcunu tələb etməsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanında qarşıya qoyulan məqsədə zidddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Həmin Fərmanın xx.xx.2019-cu il tarixli Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Həmin Fərmanın 6.2-ci bəndində əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 8.9-cu bəndinə qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində kredit borcunun yaranması faktı öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar