Məhkəmə qərarları › İş №2(051)-1287/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1287/2025

22.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1287/2025 22.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək, Mingəçevir 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməsi və Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Nikah evində nikaha girərək və 277 saylı nikah qeydi etdirərək ailə qurmuşdur. Həmin birgə nikahdan xx.xx.2017-ci il tarixdə Məryəm və xx.xx.2020-ci il tarixdə isə Günəş adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2047/2023 saylı məhkəmə qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında Mingəçevir şəhər Nikah evində bağlanmış xx.xx.2014-cü il tarixli, 277 nömrəli nikah qeydi pozulmuş və həmin məhkəmə qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş Məryəm və xx.xx.2020-ci il tarixdə anadan olmuş Günəş adlı uşaqları İddiaçı yanında qalması qət edilmişdir. Həmçinin, İddiaçı ilə Cavabdeh arasında Mingəçevir şəhər 1 saylı Mediasiya təşkilatında razılığa gəlinmişdir ki, hər ay hər uşağa 75 manat olmaqla, cəmi 150 manat aliment rəsmi sənədlə ödənilsin, uşaqların yerdə qalan digər tələbatlarını da əlavə olaraq, Cavabdeh tərəfindən ödəniləcəyi barədə xx.xx.2023-cü il tarixdə barışıq sazişi ilə razılığa gəlinmişdir. Lakin, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2047/2023 saylı məhkəmə qətnaməsi qəbul olunduqdan sonra, Cavabdeh arxayınçılıq yaranmış və azyaşlı xx.xx.2017-ci il tarixdə anadan olmuş Məryəm və xx.xx.2020-ci il tarixdə anadan olmuş Günəş adlı uşaqlarının saxlanılması üçün cavabdeh tərəfindən heç bir köməklik olunmamış və hətta, rəsmi sazişlə razılığa gəlinmiş hər uşaq üçün, hər ay ödənilməli olan 75 manat alimenti də Cavabdeh vaxtlı-vaxtında ödəməmiş və bu da uşaqların saxlanılmasında və onların tələbatlarının ödənilməsində çətinlik yaradır. Hal-hazırda, birgə nikahdan olan övladları Məryəmin 7 yaşı və Günəşin isə 5 yaşı vardır. Məryəm artıq məktəblidir, Günəş isə baxçaya gedir. Ona görə də, uşaqların gündəlik xərcləri və məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Cavabdeh övladları ilə demək olar ki, maraqlanmır. Hətta, bağlanmış sazislə müəyyən edilən alimentin ödənilməsini də Cavabdeh gecikmələrlə verir. Uşaqların bütün qayğısını və ehtiyacını tamamilə İddiaçı qızı çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq İddiaçı çox çətindir. Ona görə də, iddiaçı tərəfindən ilk olaraq, cavabdehə “Mediasiya prosessinin tətbiqi barədə təkliflə" yəni, alimentin artırılması və ölkədə uşaqların (yetkinlik yaşına çatmamışlar üçün) yaşayış minimumuna uyğunlaşdırılması barədə müraciət etmişdir. Bundan sonra, Mingəçevir 1 saylı Mediasiya təşkilatında keçirilən mediasiya prosessində cavabdehə hər uşağa hər ay ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində alimentin ödənilməsi təklif olunmuşdur. Lakin, cavabdehlə bununla bağlı razılığa gəlinməmiş və ona görə də, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Mingəçevir 1 saylı Mediasiya təşkilatından xx.xx.2025-ci il tarixli, MŞM\MTO31/2025 saylı “ ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayış alınmışdır. Mingəçevir 1 saylı Mediasiya təşkilatında mediasiya prosessinin keçirilməsi barədə müəyyən olunmuş dövlət rüsumu iddiaçı- İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh Əliyev X2 şəhər H.Əliyev prospektində yerləşən (H. Əliyev parkının və hərbi hissənin yanında) özlərinə məxsus dönər bişirmə kafesində işləyərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Aylıq qazancı 1000-1500 manat arasındadır. Lakin, Cavabdeh uşaqlarla maraqlanmır, uşaqlar xəstələndikdə onların həkiminə, müalicəsinə, iynə-dərmanına və sair xərclərinə hər hansı bir maddi köməklik göstərmir. Uşaqların bütün maddi təlabatı İddiaçı üzərinə düşür. Cavabdehin isə bu məsələnin həllini və uşaqların normal yaşaması və qidalanması maraqlandırmır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. İş materialları : “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00149 nömrəli “Mediasiya sessiyasının davam etdirilməməsi barədə” arayışdan görünür ki, tərəflər mübahisə predmetləri ilə razılaşmadığı üçün proses davam etdirilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2047/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Nikah evində bağlamış və 277 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması qət edilmişdir. İşin faktiki halı : İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Nikahları Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 2047/2023 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanmış, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinə əsasən cavabdehdən hər ay hər uşağa 75 manat olmaqla, cəmi 150 manat məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı tərəf barışıq sazişinin ləğv edilməsini, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat, Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2025-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi İddiaçı cavabdehə qarşı barışıq sazişi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi tələbi ilə sonuncuya bildiriş göndərdiyindən həmin vaxtdan tərəflər arasında xx.xx.2023cü il tarixdə Mingəçevir 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişi ləğv edilmiş hesab edilməlidir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının cavabdehdən hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat məbləğində aliment tutulması tələbi ilə bağlı qeyd olunur ki, iddiaçı cavabdehin daha yüksək gəlirləri barədə sübut təqdim etməmişdir. Cavabdeh tərəfi həmin məbləğin yüksək olduğunu, uşağa 120 manat aliment ödəyə biləcəyini qeyd etmişdir. Eyni zamanda uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması nəzərə alınmalı, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatanadək Cavabdeh hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar