Məhkəmə qərarları › İş №2(051)-1288/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1288/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1288/2023 22.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı : Aztelekom MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Aztelekom MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Aztelekom MMC Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən 1948.57 manat məbləğində ziyanın və ödənilmiş 39.49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq Aztelekom MMC-yə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-2224/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, hazırda cavbadeh tərəfin qiyabi qətnamənin ləğvi edilməsi barədə ərizəsi əsasında Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1288/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Aztelekom MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2224/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh 26 dekabr 2021-ci il tarixdə, təxminən saat 19:45 radələrində Yevlax rayonu Kövər kənd ərazisində idarə etdiyi “Hunday” markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobili ilə İddiaçı MMC-yə məxsus istismarda olan hava xətti ilə gedən 174 metr ölçüdə F012 optik kabeli və 2 ədəd rabitə dirəyini yararsız hala salmışdır. Hadisə nəticədə İddiaçı MMC-yə 1948,57 (bir min doqquz yüz qırx səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində ziyan dəymişdir. Rabitə kabelinin xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən qırılması ilə əlaqədar MARF-nın Yevlax şöbəsinin işçiləri tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Eyni zamanda hadisə zamanı dərhal Yevlax rayon Polis Şöbəsinə müraciət edilmişdir. Yevlax rayon Polis Şöbəsinin 10 Yanvar 2022-ci il tarixli, 66 saylı qərarı ilə də hadisənin cavabdeh tərəfindən törədilməsi sübuta yetirilmişdir. Cavabdehdən vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, Aztelekom MMC-nin MARF-nın Yevlax şöbəsindən Yevlax rayon polis şöbəsinə daxil olmuş məktubla əlaqədar PŞ-də iziahat vermiş və araşdırma aparıldıqdan sonra barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edimişdir. O, etibarnamə ilə ona verilmiş “Hunday” markalı 90-GA- 401 dövlət nömrə nişanlı yük avtomobili ilə yük daşıyır. xx.xx.2021-ci il tarixdə Bərdə rayonundan Yevlax rayonuna Yevlax-Bərdə avtomobil yolu ilə üzü Yevlax rayonu istiqamətində hərəkətdə olarkən, Yevlax rayonu Kövər kəndinin ərazisində avtomobilin kuzov hissəsinin hansısa kabel xəttinə ilişdiyini hiss etmişdir. Hava şəraiti qaranlıq olduğundan əvvəl nə baş verməsini anlaya bilməmiş, sonradan avtomobili saxlayanda artıq şosse yolun üstündən keçən kabel xəttinin qırıldığını görmüşdür. Ətrafda olan yoldan ötən maşınların sürücülərinin köməkliyi ilə kabeli yoldan götürüb kənar hissəyə yığmışlar. Sonra maşına baxarkən, maşının soyuducusunun üst qapaq hissəsinin və digər yerlərinin yararsız hala düşdüyünü aşkar etmiş, maşına təxminən 800 manat dəyərində ziyan dəymişdir. Həmin qırılmış kabelin bir neçə Yevlax rayonuna aid kəndlərin xətti olmasını həmin idarənin işçiləri ilə sonradan görüşərkən bilib xəbər tutmuşdur. Avtomobilin hündürlük hissəsi kabel xəttinə dəyə bilməzdir, həmin kabel xəttində nasazlıq olduğundan norma vəziyyətindən çox aşağı düşübmüş. Bu səbəbdən o, hesab edir ki, həmin kabel xəttinə onun günahı ucbatından ziyan dəyməmiş, əksinə həmin kabel xəttinin nasaz vəziyyətdə olduğundan idarə etdiyi avtomobilə ziyan dəymişdir. O, hadisə baş verən yol ilə dəfələrlə getmiş, lakin heç vaxt kabel xəttinə dəyməmişdir. Ona görə də avtomobilini qanunda nəzərdə tutulmuş sürətlə idarə etmişdir. O, istəsə də havanın qaranlıq vaxtı həmin kabel xəttinin yolun hərəkət hissəsinə düşdüyünü görmək imkanına malik ola bilməzdi. Çünki həmin yolda hündürlük 4.5 metr nəzərdə tutulmuşdur. Orada başqa hündürlük məhdudiyyəti olmamışdır. Onun avtomobili də qeydiyyat şəhadətnaməsində göstərilən ölçüdə olmuşdur. Avtomobildə başqa əlavə quraşdırma aparılmamışdır. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:45 radələrində Yevlax rayonu, Kövər kəndi ərazisində istismarda olan 174 m uzunluğunda FO12 optik rabitə kabeli və 2 ədəd rabitə dirəyi yararsız hala düşmüşdür. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Aztelekom MMC-nin MARF-ın Yevlax şöbəsindən daxil olmuş material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş lokal smetadan görünür ki, Yevlax rayonu, Kövər ərazisində FO-12 kabelinin bərpası üçün 1948.57 manat məbləğində vəsait tələb edilir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 4/1154 saylı pretenziya məktubundan görünür ki, cavabdehdən 1948.57 manat məbləğində dəymiş ziyanın 10 iş günü ərzində Aztelekom MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə təqdim edilən sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh 26 dekabr 2021-ci il tarixdə, təxminən saat 19:45 radələrində Yevlax rayonu Kövər kəndi ərazisində idarə etdiyi, hündürlüyü 3 (üç) metrdən çox olmayan “Hunday” markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobilini yolun hərəkət hissəsi ilə kəsişən, İddiaçı MMC-yə məxsus, istismarda olan hava xətti ilə gedən F012 optik kabelinə toxunması nəticəsində 174 metr kabel və 2 ədəd rabitə dirəyi yararsız hala düşmüşdür. Hadisə nəticəsində İddiaçı MMC-yə 1948,57 (bir min doqquz yüz qırx səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinin toxunması nəticəsində rabitə kabelinin qırılması ilə əlaqədar MARF-nın Yevlax şöbəsinin işçiləri tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddiaçı da tələbini bu yanaşma üzrə irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya dəymiş zərərin cavabdehin nəqliyyat vasitəsini idarə etməsi nəticəsində vurulması mübahisə edilməyən sübutlar əsasında müəyyən edildiyindən, Məhkəmə ilk növbədə baş vermiş hadisədə cavabdehin təqsirli olub-olmadığını, həmçinin onun əməlinin hüquqazidd olub-olmadığını müəyyən etməyi vacib hesab edir. Məhkəmə qeyd edir ki, telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının tikintisi, istismarı və mühafizəsi qaydalarını müəyyən edən AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nda avtomobil yolları ilə kəsişmə halında hava rabitə xətlərinin şaquli istiqamətdə yerləşmə məsafəsi müəyyən edilməmişdir. Bununla belə həmin Qaydaların 3.11-ci bəndində qeyd edilir ki, mövcud olan yollarla kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə mövcud yolları mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda baş vermiş hadisənin cinayət hadisəsi olmaması dəymiş zərərin az olması ilə əsaslandırılmış, Cavabdeh əməlində inzibati xəta tərkibinin olub-olmadığına qiymət verilməmiş, yəni onun təqsirli olması müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, İddiaçı MMC-yə dəymiş zərərdə Cavabdeh təqsiri yoxdur. Belə ki, cavabdehin hərəkətlərində nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halı müəyyən edilməmişdir. Məlum hadisə ilə bağlı o, yol hərəkəti qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməmişdir. Hadisə avtomobil yolunun üzərindən keçən rabitə xəttinin görünməsini mümkünsüz edən havanın qaranlıq vaxtında baş vermişdir. Məhkəməyə hadisə baş verən ərazidə Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinin ölçülərinə görə hərəkətini qadağan edən nişanlamanın olmasına dair hər hansı sübut təqdim edilməmiş, həmçinin iddiaçı da hadisə baş verən ərazidən keçən kabel xəttinin avtomobil yolu üzərində hündürlüyü 3 (üç) metrdən çox olmayan nəqliyyat vasitəsinə toxuna biləcək məsafədə yerləşməsinin əsaslandırılmış səbəbləri və müvafiq orqanlarla razılaşdırılmasına dair Məhkəməyə sübut təqdim etməmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində və AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”ın 6.2ci bəndində telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün cavabdeh tərəfindən ona maddi ziyan vurulması təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Eləcə də, vurulmuş maddi ziyanla cavabdehin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Bu şərtlər məcmu halında möcud olduğu halda iddiaçının ona vurulmuş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətinin yaranması üçün şəxsin əməlinin (hərəkət və hərəkətsizliyi) mülki qanunvericiliyin normalarını pozması, təqsirli olması, dəymiş zərər ilə hüquqa zidd əməl (hərəkət və hərəkətsizlik) arasında səbəbli əlaqənin mövcudluğu əsas şərt kimi göstərilmişdir. Əks halda mülki hüquq məsuliyyətinin yaranması istisna edilmişdir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçı hüquqi şəxsin əmlakına yüksək təhlükə mənbəyi olan avtomobilin cavabdeh tərəfindən idarə edilərkən zərər vurulması məhkəmə iclasında öz təsdiqini tapsa da, lakin ona dəymiş zərərin konkret olaraq cavabdehin bilavasitə yüksək təhlükə mənbəyi olan avtomobildən yol hərəkəti qaydalarını pozmaqla, yəni hüquqa zidd əməllə törətməsi nəticəsində vurulması, dəymiş zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması və ya yüksək təhlükə mənbəyinin həmin yolda hərəkət məhdudiyyəti olduğu halda, cavabdeh tərəfindən hüquqa zidd şəkildə istifadə edilməsi, habelə onun hər hansı digər hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsi və təqsirli olması mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya dəymiş maddi zərərdə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə yoxdur. İş üzrə toplanmış sənədlərlə hərəkəti nəqliyyat vasitəsini idarə etməkdən ibarət olan cavabdehin bunu hüquqa zidd etdiyi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı Aztelekom MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlərt rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Aztelekom MMC-nin Cavabdeh qarşı 1948.57 manat məbləğində ziyanın və ödənilmiş 39.49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq Aztelekom MMC-yə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar