Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1296/2020 12.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizam qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğdə pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbində qalaraq izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə uzun illərdir yaxşı manasibətləri olmuşdur. İddiaçı Mingəçevir şəhərində H.Əliyev prospektində Bakı aptekinin yanında yerləşən mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Tərəflərin münasibəti yaxşı olduğu üçün Cavabdeh iddiaçıya müraciət edərək onun Mingəçevir şəhəri Samux küçəsindən torpaq sahəsi almasını, İddiaçı da onunla qonşu olması məqsədi ilə onun da həmin ərazidən torpaq almasını təklif etmişdir. Bununla əlaqədar İddiaçı Bələdiyyəyə ərizə ünvanlamış və öz sənədlərini də ərizəyə əlavə etmişdir. Cavabdeh iddiaçıya torpaq alınması üçün 10000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı da bu məqsədlə cavabdehə 5000 manat dəyərində qızıl-zinət əşyası və 3000 ABŞ dolları pul vermişdir. Lakin sonradan iddiaçı aldadıldığını hiss etmiş və bu məqsədlə Polis şöbəsinə müraciət etmişdir. Polis Şöbəsinin köməkliyi ilə Cavabdeh iddiaçıya 3000 manat dəyərində qızıl əşyası vermişdir. Qalan borcu isə tezliklə qaytaracağına söz vermişdir. Bununla əlaqədar qəbz yazmış və cinayət işinin rədd edilməsi barədə qərarda öz əksini tapmışdır. Lakin sonradan cavabdeh müxtəlif bəhanələrlə iddiaçını aldadaraq borclu olduğu pulu qaytarmır. Ona görə də Cavabdeh 7000 (yeddi min) manat məbləğdə pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı 10000 manat borc pul almışdır. Lakin borcundan 4000 manat qaytarmışdır. Bundan əlavə İddiaçı borclu olduğu pulun əvəzi olaraq 85 qram çəkidə dəyəri 3000 manat olan qızıl saat vermişdir. Ona məxsus qızıl saat qaytarıldığı halda o da borcunu iddiaçıya verəcək. İddiaçı 10000 manat pul tələb etsə də borcunun çox hissəsi ödənilmişdir. Ona görə də iddianın qismən təmin olunmasını və iddiaçıya verilmiş pullar və qızıl saat nəzərə alınmaqla qalan pulun təmin olunmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə olunmuş qəbzdən və cinayət işinin başlanmasının rədd edilməsi barədə HK-1/1238 nömrəli materialdan görünür ki, Cavabdeh İddiaçı 5000 manat dəyərində qızılzinət əşyası və 3000 ABŞ dolları pul almış və maddi durumu imkan verən kimi borcunu ödəyəcəyini göstərmişdir. Polis şöbəsində aparılmış təhqiqat müddəti ərzində Cavabdeh İddiaçı aldığı borcdan 3000 manat dəyərində qızıl-zinət əşyasını geri qaytarmışdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh borc pul vermiş, lakin Cavabdeh borclu olduğu pulu İddiaçı qaytarmamışdır. Cavabdeh iddianı qismən qəbul edərək həqiqətən də 5000 manat dəyərində qızılzinət əşyası və 3000 ABŞ dolları pul aldığını etiraf etmişdir. Bu hal iş materiallarında olan sənədlərlə də öz əksini tam olaraq tapmışdır. Cavabdeh pulun alınmasını etiraf etsə də onun tərəfindən 4000 manat nəğd pulun və 3000 manat dəyərində qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasını bildirmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, sözügedən 3000 manat dəyərində qızıl-zinət əşyasının iddiaçıya qaytarılması iş materiallarında öz əksini tapsa da 4000 manat pulun iddiaçıya verilməsini təstiq edən heç bir sübut təqdim olunmamışdır. Belə olan halda məhkəmə iddiaçı tərəfindən verilmiş iddianın tam əsaslı olması qənaətindədir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının tələbi qanunidir və Cavabdeh 7000 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cavabdehə 10000 manat (5000 manat dəyərində qızılzinət əşyası və 3000 ABŞ dolları) borc pul vermişdir. Cavabdeh isə həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1296/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1296/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver