Məhkəmə qərarları › İş №2(051)-1312/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1312/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1312/2022 08.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı Mingəçevir Mənzil Kommunal X1 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Mingəçevir Mənzil Kommunal X3 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyanın əvəzi olan 283.20 manat məbləğində pulun alınıb iddiaçı Mingəçevir Mənzil Kommunal X2 verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə sərxoş halda Mingəçevir şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən musiqi məktəbinin qarşısında quraşdırılmış sərnişin dayanacağının 1 ədəd arxa loqo şüşəsini sındırmış və nəticədə iddiaçıya 283.2 manat məbləğində maddi ziyan dəymişdir. Bu faktla bağlı Mingəçevir Mənzil Kommunal X1 rəhbərliyi tərəfindən Mingəçevir şəhər Polis Şöbəsinə rəsmi müraciət edildikdən sonra araşdırma aparılmış və cavabdehin törətdiyi əməl sübuta yetirildiyindən, onun barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi ilə bağlı qərara qəbul edilmişdir. Lakin Cavabdeh törətdiyi əmələ görə təqsirli bilinsə də, iddiaçıya vurulmuş 283.2 manat məbləğində ziyanı ödəməmişdir. Mingəçevir Mənzil Kommunal X3 tərəfindən bir neçə dəfə ziyanın ödənilməsi ilə bağlı cavabdehə rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin bu günə kimi cavabdeh iddiaçıya vurulmuş ziyanı qəsdən ödəməkdən imtina edir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2022-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum YOXdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan Mingəçevir Mənzil Kommunal X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, H.Əliyev prospektində quraşdırılmış sərnişin dayanacağının 1 ədəd arxa loqolu şüşəsinin naməlum şəraitdə sınması aşkar edilmişdir. Bu səbəbdən yol infrastrukturuna 283.2 manat ziyan dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı üzrə Mingəçevir şəhər Polis Şöbəsinin İTB-ə verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 729 saylı xəbərdarlıqdan görünür ki, Mingəçevir Mənzil Kommunal X3 tərəfindən cavabdehə vurmuş olduğu ziyanı xatırladılaraq, ondan həmin məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə sərxoş halda Mingəçevir şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən musiqi məktəbinin qarşısında quraşdırılmış sərnişin dayanacağının 1 ədəd arxa loqo şüşəsini sındırmış və nəticədə iddiaçıya 283.2 manat məbləğində maddi ziyan dəymişdir. Bu faktla bağlı Mingəçevir Mənzil Kommunal X1 rəhbərliyi tərəfindən Mingəçevir şəhər Polis Şöbəsinə rəsmi müraciət edildikdən sonra araşdırma aparılmış və cavabdehin törətdiyi əməl sübuta yetirildiyindən, onun barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi ilə bağlı qərara qəbul edilmişdir. Lakin Cavabdeh törətdiyi əmələ görə təqsirli bilinsə də, iddiaçı vurulmuş 283.2 manat məbləğində ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Sadalanan hüquq normaları iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və Mingəçevir Mənzil Kommunal X2 vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 283.2 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 283.2 (iki yüz səksən üç manat iyirmi qəpik) manat məbləğində pul alınıb iddiaçı Mingəçevir Mənzil Kommunal X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar