Məhkəmə qərarları › İş №2(051)-1315/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1315/2022

19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1315/2022 19.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Zəhra və xx.xx.2003-cü il tarixdə doğulmuş Nəzrin adlı uşaqların saxlanması üçün əvvəllər Bərdə Rayon Məhkəməsinin 2(021)-3353/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat müəyyən edilməsi və xx.xx.2008-ci il tarixdə doğulmuş Zəhra adlı uşaq məktəbi bitirənədək həmin alimentin davam etdirilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2003-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. onların birgə nikahlarından 27 oktyabr 2003-cü il tarixdə X2 və 16 aprel 2008-ci il tarixdə X3 adlı iki uşaqları olmuşdur. Uşaqlarından biri yetkinlik yaşına çatmışdır. Aralarında olan narazılıqlara görə onlar xeyli zamandır ayrı yaşayırlar və Bərdə Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Həmin vaxtdan birgə nikahdan doğulmuş uşaqlar onun yanında yaşayır. Cavabdeh ilə nikahları pozulduqdan sonra Bərdə Rayon Məhkəməsinin 2(021)- 49072016 saylı qətnaməsi ilə hər ay hər uşağın saxlanılması üçün Cavabdeh qazancından 80 manat məbləğində aliment pulu tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Müəyyən olunmuş aliment uşaqların heç bir təlabatlarını ödəmədiyi üçün Bərdə Rayon Məhkəməsinə alimentin artırılmasına dair ərizə ilə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021 )-3353/2019 saylı , 2019-cu il tarixli qətnaməsi ilə hər ay bir uşağın saxlanılması üçün müəyyən olunmuş 80 manat məbləğində aliment artırılaraq 110 manat məbləğində qət edilmişdir. X2 yetkinlik yaşına çatmışdır və 2021-ci ildən Bakı Avrasiya Kollecinin Maliyyə-İqtisad şöbəsinin Sığorta işi ixtisasının əyani şöbəsində oxuyur. Halhazırda Nəzrin adlı uşağı həmin kollecin 1-ci kursunda təhsil alır. Hazırda övladının əlavə təhsil və yol xərcləri olduğu üçün 110 manat alimentlə bu təlabatları ödəyə bilmir. Halhazırda da yetkinlik yaşına çatmış övladına verilmiş olan aliment dayandırıldığı üçün övladının heç bir təlabatlarını ödəyə bilmir. Digər uşağı isə məktəbli olduğu üçün onun təlabatları daha da çoxalmağa başlamışdır. Hal-hazırda hər ay 110 manat olmaqla, cəmi 220 manat məbləğində aliment ilə uşaqlarının heç bir təlabatlarını ödəyə bilmir. Cavabdehin hər ay uşaqlarının saxlanılması üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment ödəməyə imkanı çatır. Onun isə maddi vəziyyəti olduqca pisdir. Buna baxmayaraq cavabdeh uşaqlarının saxlanılmasında əlavə heç bir maddi yardım göstərmir. Ona görə də alimentin məbləğinin artırılmasını istəyir ki, öuşaqlarının bütün tələbatlarını ödəsin. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etrmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Bununla belə cavabdehin nümayəndəsi ərizə təqdim edərək, məhkəmədən işə mahiyyəti üzə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclası zamanı cavabdehə qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, təmsil etdiyi şəxsdən Bərdə Rayon Məhkəməsinin 2(021)-3353/2019 saylı, 2019-cu il tarixli qətnaməsi ilə hər ay bir uşağın saxlanılması üçün müəyyən olunmuş 80 manat məbləği artırılaraq 110 manat olmasına dair qətnamə çıxarılmışdır. Tərəflərin birgə nukahlarından 27 oktyabr 2003-cü il tarixdə doğulmuş X2 artıq yetkinlik yaşına çatmışdır. Ona görə də təmsil etdiyi yalnız xx.xx.2022ci il tarixdə tarixdə doğulmuş X1 alimeninin artırılaraq 130 manat məbləğində müəyyən edilməsinə razıdır. Hesab edir ki, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmalıdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2003-cü il tarixdə Nəzrin və xx.xx.2008-ci il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixdə Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın ləğv olunması haqqında akt qeydləri xx.xx.2017-ci il tarixdə 113 nömrə ilə qeyd olunmuşdur. İşdə olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)–4907/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmuş və tərəflərin birgə nikahlarından xx.xx.2003-cü il tarixdə doğulmuş Nəzrin və xx.xx.2008-ci il tarixdə doğulmuş Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 80 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞ-13578 saylı arayışdan görünür ki, tərəflər aylıq aliment ödənişinin təyin edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli T20011-01/20 saylı arayışdan görünür ki, X2 2021-ci ildən Bakı Avrasiya Kollecinin Maliyyə-İqtisad şöbəsinin sığorta işi ixtisasının İ kursunda təhsil alır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından xx.xx.2003-cü il tarixdə Nəzrin və xx.xx.2008-ci il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)–4907/2016 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra Bərdə Rayon Məhkəməsinin 2(021/)-3353/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 110 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı yenidən alimentin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının xx.xx.2008-ci il tarixdə doğulmuş Zəhra adlı uşağa münasibətdə artırılaraq hər ay 150 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, yetkinlik yaşına çatmamış uşaq ananın yanında yaşayırlar və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ödənilən 110 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Bununla belə məhkəmə iddia tələbinin xx.xx.2003-cü il tarixdə tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmış Nəzrin adlı uşağın saxlanması üçün sabit pul məbləğində alimentin müəyyən edilməsi və həmin alimentin uşaq təhsil aldığı orta ixtisas məktəbini bitirənədək saxlanması hissəsini əsaslı hesab etmir. Belə ki, Nəzrin adlı uşaq artıq yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmış uşaq üçün alimentin ödənilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin Nəzrin adlı uşaq ümumi orta ixtisas təhsilini başa vuraraq, öz seçimi ilə orta ixtisas təhsil müəsissəsinə qəbul olmuşdur. Belə olan halda isə onun həmin orta ixtisas təhsili müəsissəsini bitirənədək maddi cəhətdən təmin edilməsi valideynin borcu deyildir. Belə ki, AR Ailə Məcəlləsinin 75.3-cü maddəsinə valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilir. Həmin Məcəllənin 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2003-cü il tarixdə doğulmuş Nəzrin adlı uşaq yetkinlik yaşına çatdığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, Zəhra adlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Zəhra adlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay Zəhra adlı uşaq üçün cavabdehdən 110 manat alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, Zəhra adlı uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi Zəhra adlı uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınması Zəhra adlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin tərəflərin birgə nikahlarından doğulmuş Nəzrin adlı uşaq artıq yetkinlik yaşına çatdığından iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Bərdə Rayon Məhkəməsinin 2(021)–3353/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar