Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1316/2021 26.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehlə 22.10.2019-cu il tarixdə bağlanmış 044EMB120719 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 044EMB120719 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 2137.01 manat əsas kredit borcu, 290.53 manat faiz borcu, 104.85 manat cərimə borcu olmaqla, cəmi 2562 manat 79 qəpik məbləğində pulun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı təşkilata verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 22.10.2019-cu il tarixli 044EMB120719 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 24,03 faiz olmaqla hissə-hissə ödəmək şərti ilə 3 558 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Nəticədə, cavabdehin 2137.01 manat əsas kredit borcu, 290.53 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 104.85 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən cavabdehlə 22.10.2019-cu il tarixdə bağlanmış 044EMB120719 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 044EMB120719 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 2137.01 manat əsas kredit borcu, 290.53 manat faiz borcu, 104.85 manat cərimə borcu olmaqla, cəmi 2562 manat 79 qəpik məbləğində pulun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq, analıq məzuniyyətinə çıxanadək kredit borcunu vaxtı-vaxtında ödədiyini, lakin 2020-ci ilin noyabr ayından analıq məzuniyyətinə çıxdığından, heç bir yerdən gəliri olmadığından və maddi imkanı aşağı olduğundan kredit borcunun ödənilməsində çətinlik çəkdiyini, körpə uşağı olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və sosial vəziyyətini, analıq məzuniyyətində olmasınınəzərə alınmasını, eyniliklə də onun faiz və cərimə borclarının azaldılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 22.10.2019-cu il tarixdə bağlanmış 044EMB120719 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə, illik 24,03 faiz dərəcəsi ilə hissə-hissə ödəmək şərti ilə 3558 manat məbləğində kredit vermişdir. İşdə olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu Cavabdeh 22.10.2019-cu il tarixli 044EMB120719 saylı kredit müqaviləsi ilə götürdüyü kredit üzrə hər ay 188 manat məbləğində olmaqla, 22.11.2019–22.10.2021-cü il ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış 28.09.2020-ci il tarixli son xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan 03.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.06.2021–ci il tarixinə cavabdehin 22.10.2019–cu il tarixli 044EMB120719 saylı kredit müqaviləsi üzrə 2137.01 manat əsas kredit borcu, 290.53 manat faiz borcu, 104.85 manat cərimə borcu olmaqla cəmi 2532,39 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı təşkilatla cavabdeh arasında 22.10.2019–cu il tarixdə 044EMB120719 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 24,03 faiz ödəmək şərti ilə 3588 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 2137.01 manat əsas kredit borcu, 290.53 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən iddiaçıtəşkilat tərəfindən cavabdehə 104.85 manat məbləğində cərimə pulu hesablanmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqaviləsi bağlanmış cavabdeh iddiaçıdan illik 24,03 faiz dərəcəsi ilə 24 ay müddətinə 3588 manat və məbləğində borc pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı təşkilatın cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 745-ci maddəsinə əsasən əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə isləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bidirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. Ona görə də məhkəmə ilk növbədə hesab edir ki, cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə 22.10.2019–cu il tarixdə bağlanmış 044EMB120719 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın birtərəfli qaydada kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini və borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən 22.10.2019–cu il tarixdə bağlanmış 044EMB120719 nömrəli müqavilə üzrə 2137.01 manat əsas, 290.53 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, 4 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 4 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 2137.01 manat əsas kredit borcu, 290.53 manat faiz borcu və 4 manat dəbbə pulu cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, 22.10.2019–cu il tarixdə bağlanmış 044EMB120719 nömrəli kredit müqaviləsi ləğv edilməli kredit, 22.10.2019–cu il tarixli 044EMB120719 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 2137.01 manat əsas kredit borcu, 290.53 manat faiz borcu və 4 manat dəbbə pulu olmaqla, cəmi 2431,54 manat alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 22.10.2019–cu il tarixdə bağlanmış 044EMB120719 nömrəli kredit müqaviləsi ləğv edilsin. 22.10.2019–cu il tarixli 044EMB120719 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 2137.01(iki min yüz otuz yeddi manat bir qəpik) manat, faiz borcu üzrə 290.53 (iki yüz doxsan manat əlli üç qəpik) manat, cərimə borcu üzrə 4 (dörd manat) manat olmaqla, cəmi 2431,54 (iki min dörd yüz otuz bir manat əlli dörd qəpik) manat məbləğində pul alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1316/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1316/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver