Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1322/2023 03.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı1 vəkili (nümayəndəsi)İddiaçı2, Cavabdeh iştirakları ilə İddiaçı1 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2006-cı il tarixdə doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015–ci il tarixli, 2(051)-1713/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin yarısının 25 manat tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh ilə 2005-ci ildən ailə qurmuşdur. xx.xx.2007-ci ildən isə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə nikahları pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(051)- 319/2010 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 (əlli) manat sabit pul miqdarında aliment tutulub ona verilməsi qət edilmişdir. İddiaçı1 vəkili (nümayəndəsi)İddiaçı2 məhkəməyə iddia ərizəainin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirdi ki, İddiaçı1 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia qaldırmışdır. Hazırda İddiaçı1 Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 130 manat alimentin tutulmasını xahiş edir. İddiaçı1 vəkili (nümayəndəsi)İddiaçı2 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 130 manat alimentin tutulmasın barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddiaya dair bildirdi ki, o, işsizdir. 82 yaşlı anası var. Cəmi 100 manat aliment ödəmək imkanına malikdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın qismən təmin edilməsi haqda qətnamə çıxrılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hər tərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZ- İV seriyalı 470697 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 birgə nikahından xx.xx.2006-cı il tarixdə X5 doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)-319/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanıması üçün Cavabdeh 50 (əlli) manat sabit pul məbləğində aliment, 22 fevral 2010-cu il tarixdən başlayaraq, hər ay tutularaq, iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1713/2015 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yaşayan Cavabdeh tutlan alimentin məbləği artırılaraq xx.xx.2006-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 80 (səksən) manat müəyyən edilməsi və hər ay tutularaq ünvan 4 ünvanında yaşayan İddiaçı1 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı № 192614 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müƏliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-1713/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz ) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı1 verilməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 15:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərcinin yarısı, yəni 25 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə məhkəməyə sübutlar təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddia tələbində göstərilmiş ödənilmiş 50 azn dövlət rüsumunun yarısının yəni, 25 manatının ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia təmin edilməməlidir. Belə ki, alimentin ödənilməsinə dair iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar və eyni zamanda bununla bağlı qəzb də iş materiallarına əlavə edilməmişdir.
Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2006-cı il tarixdə doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləği həddində aliment müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı1 verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat mediasiya xərcinin yarısı olan 25 manat pul tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
HAKİM: Elza Cəbrayılzadə