Məhkəmə qərarları › İş №2(051)-1326/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1326/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1326/2022 07.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 3000 (üç min) manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh onun yaşadığı Kətəlpapaq kəndindəki kafeyə gəlib-getdiyinə görə və hər ikisi hərbiçi olduğundan aralarında yaxşı münasibətlər yaranmışdır. Belə ki, cavabdeh aralarında yaranmış yaxşı münasibətlərindən istifadə edərək ondan ailə vəziyyətinə görə 3000 manat borc pul istəmişdir. Aralarında olan yaxşı münasibətə görə Cavabdeh inanaraq 08 yanvar 2022-ci ildə Bərdə rayonunda yaşadığı kənddə 3000 manat pulu onun hərbiçi yoldaşı X1 yanında vermişdir. O, pulu verən zaman Cavabdeh əl yazısı ilə ona 3000 manat borclu olduğu pulu 5 ay müddətinə qaytaracağına söz verərək öz xətti ilə qəbz yazaraq ona vermişdir. Lakin qəbzdə göstərilən müddət keçsə də cavabdeh borc aldığı pulu qaytarmamışdır. Cavabdehə zəng edərək borcunu istəmiş, cavabdeh isə ona borcunu qaytarmayacağını qəti olaraq bildirdi. Cavabdeh pulu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını, Cavabdehndn 3000 (üç min) manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, N saylı hərbi hissədə işləyirdi. İddiaçını da həmin vaxt tanımışdır. Belə ki, iddiaçı kafe işlədirdi, o da iş yoldaşları ilə birlikdə həmin kafedə bəzən yemək yeyirdilər. İddiaçıdan bir neçə dəfə borc pul alıb qaytarmışdır. Sonra işlə əlaqədar ona 2000 manat pul lazım oldu. İddiaçı bildirdi ki, həmin işlə bağlı ona 2000 manat borc verə bilər. O da razılaşdı. İddiaçı borc verəcəyi 2000 manatla bərabər, sələmə verdiyi pulların qalan hissəsini də hesablamaqla ona 3000 manat borcu olduğunu bildirdi və həmin borcun ödənilməsi təminatı olaraq iddiaçı ondan maaş kartını, ona məxsus “2107” markalı avtomaşının sənədlərini ondan aldı. Sonra o, İddiaçı xx.xx.2022-ci il tarixdə 3000 manat borc pul alması, həmin pulu xx.xx.2022-ci il tarixə kimi qaytaracağı, pulu qaytarana kimi özünə məxsus maaş kartını, avtomaşının sənədlərini İddiaçı verməsi barədə qəbz yazdı. O, borc aldığı həmin pulun bir hissəsini iddiaçının kartına yükləməklə, bir hissəsini million aparat vasitəsi ilə ödəmişdir. Lakin iddiaçı bu vaxta kimi ondan almış olduğu sənədləri geri qaytamamışdır. İddia əsassız olduğuna görə rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Cavabdeh əl yazması ilə yazdığı qəbzdə göstərilir ki, tanışı İddiaçı 08 yanvar 2022-ci ildə borc kimi aldığı 3000 manat pulu 15 may 2022-ci ilədək ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı tələbində cavabdehə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə 3000 manat borc verdiyini, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin borcu qaytarmadığını göstərmiş və iddiasını cavabdehin əlyazma şəklində verdiyi qəbzlə əsaslandırmışdır. Cavabdeh isə iddia tələbinə etiraz edərək həmin borcu iddiaçıya qaytardığını bildirmişdir. Lakin cavabdeh öz etirazını əsaslandırdığı sübutu məhkəməyə təqdim etmədi. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 3000 (üç min) manat və dövlət rüsumu kimi ödənilmiş 50(əlli) manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar