Məhkəmə qərarları › İş №2(051)-1355/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1355/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1355/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Pul tələbi, maddi və mənəvi zərərin ödənilməsinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində pulun alınaraq ona qaytarılmasına, 600 (altı yüz) manat maddi zərərin və mənəvi zərərə görə 1000 (bir min) manat pulun tutularaq ona ödənilməsinə, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Ağdaş rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixdə iddiaçı X2 ona və X1 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsinə gediş-gəliş üçün zəruri yolun bərpa edilməsi və süni maneələrə birdəfəlik son qoyulması” tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq iddianın qismən təmin edilməsinə, torpağın mülkiyyətə verilməsinə dair JN-005F (kod ********) saylı şəhadətnamə ilə X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,44 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu yerqurluşu xəritəsində göstərilən ölçüdə və qaydada açılmasına və iddianın qalan hissədə təmin edilməməsinə dair qətnamə çıxarmışdır. Həmin qətnamədən onun tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 04 iyun 2018-ci il tarixdə baxaraq apelyasiya şikayətinin təmin edilməməsinə, Ağdaş rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair qətnamə çıxarmışdır. Bir neçə il əvvəldən tanıdığı Cavabdeh ilə məhkəmədə işin aparılması ilə bağlı tanış olmuşlar və apelyasiya Məhkəməsində qətnamə çıxarıldıqdan sonra bu şəxs qətnamədən kassasiya şikayəti verəcəyini bildirmişdir və bunun müqabilində ondan 1000 manat məbləğində pul almışdır. Qeyd edir ki, pul məbləğinin bir hissəsini poçt vasitəsilə cavabdeh göndərmiş, müəyyən hissəsini isə şəxsən vermişdir. Həmçinin cavabdeh “Ali Məhkəmə”də işləyən Şəlalə adlı qadınla onu tanış etmişdir, həmin qadının mülki kollegiyanın sədri olduğunu və bu işi onun həll edəcəyini bildirmişdir, həmin qadın da ondan müxtəlif vaxtlarda 700 manat məbləğində pul almış və ona gözləməyi Ali Məhkəmədə işə baxılacağını bildirmişdir. Lakin uzun müddət heç bir xəbər çıxmadığından o Bakı şəhərinə gedərək iş barədə məkumat almaq istəmiş və Ali Məhkəmədə ona bildirilmişdir ki, heç bir kassasiya şikayəti məhkəməyə daxil olmamışdır. Bu zaman ona məlum olmuşdur ki, həmin şəxslər onu aldadaraq xeyli miqdarda pulunu almışlar və kassasiya şikayəti verilməmişdir. O onların əməlləri ilə bağlı şikayət vermiş və şikayəti Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırılmışdır və 11 dekabr 2020-ci il tarixdə “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Cavabdehdən 1700 (bir min yeddi yüz) manat məbləğində pul alınaraq ona qaytarılmalıdır, belə ki, Şəlalə adlı qadına 700 manat verməyini də cavabdeh təşkil etmişdir. Həmçinin cavabdehin əməli nəticəsində o maddi zərərə məruz qalmış, dəfələrlə Bakı şəhərinə gedib-gəlmiş, avtobuslara, taksilərə bir xeylu vəsait sərf etmişdir. Cavabdeh tərəfindən ona 600 manat məbləğində maddi ziayn vurulmuşdur. Cavabdeh təqsiri üzündən o çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Aldadılmağı, kassasiya şikayəti verilməməsi, müddətin ötürülməsi, maddi zərərə düşməyi onu şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Onun 70 yaşı var və yaşlı vaxtında aldadılmağı ona həddindən artıq pis təsir etmiş, yollarda qalmışdır. Cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərəri 1000 (bir min) manat məbləğində dəyərləndirir. Hesa edir ki, cavabdehin əməli nəticəsində onun çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vəsaiti ilə təsəlli ala bilər. Ona görə də məhkəmədən Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində pulun alınaraq ona qaytarılmasına, 600 (altı yüz) manat maddi zərərin və mənəvi zərərə görə 1000 (bir min) manat pulun tutularaq ona ödənilməsinə, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məkhəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş 16 dekabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-in X5 28.10.2020-ci il tarixli 332 №-li cavab məktubundan görünür ki, 1. İddiaçı Cavabdeh 04.03.2019-cu il tarixdə 150 manat məbləğində göndərdiyi moniqramı 04.03.2019-cu il tarixdə almış, 2. İddiaçı Cavabdeh 15.03.2019-cu il tarixdə 45 manat məbləğində göndərdiyi moniqramı 15.03.2019-cu il tarixdə almış, 3. İddiaçı Cavabdeh 18.03.2019-cu il tarixdə 70 manat məbləğində göndərdiyi moniqramı 18.03.2019-cu il tarixdə almış, 4. İddiaçı Cavabdeh 30.05.2019-cu il tarixdə 50 manat məbləğində göndərdiyi moniqramı 30.05.2019-cu il tarixdə almış, 5. İddiaçı Cavabdeh 19.08.2019-cu il tarixdə 100 manat məbləğində göndərdiyi moniqramı 19.08.2019-cu il tarixdə almış, 6. İddiaçı Cavabdeh 05.09.2019-cu il tarixdə 40 manat məbləğində göndərdiyi moniqramı 05.09.2019-cu il tarixdə almış, 7. İddiaçı Cavabdeh 13.09.2019-cu il tarixdə 100 manat məbləğində göndərdiyi moniqramı 13.09.2019-cu il tarixdə almış, 8. İddiaçı Cavabdeh 15.09.2019-cu il tarixdə 30 manat məbləğində göndərdiyi moniqramı 15.09.2019-cu il tarixdə almış, 9. İddiaçı Cavabdeh 04.07.2020-ci il tarixdə 100 manat məbləğində göndərdiyi moniqramı 06.07 il tarixdə almışdır. Cəmi məbləğ 685 manat olmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi borc müqaviləsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə idddiaçının izahatını, "xxxx" MMC tərəfindən verilmiş moniqram cədvəlini və digər sənədləri əhatəli şəkildə araşdırıb hesab edir ki, iddiaçı Cavabdeh 1700 manat pul verdiyini iddia edir. Lakin işə əlavə olunmuş sənədlərdən xüsusilə də moniqram cədvəlindən də görünür ki, cavabdehə 685 manat məbləğində pul göndərmişdir. Qalan pul tələbini sübut edə biləcək hər hansı bir dəlil işə əlavə olunmamışdır. Bununla bərabər işin faktiki hallarından da görünür ki, iddiaçı, həqiqətən, cavabdehin onu aldadıb aldığı pulu geri qaytarmamasına görə maddi zərər çəkmişdir. Lakin həmin maddi zərərin nə qədər məbləğdə olduğuna dair heç bir sübut irəli sürülməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbində göstərdiyi 600 manat məbləğində maddi zərər çox yüksək müəyyən edilmişdir. Məkhəmə maddi zərərin iddianın təmin edilməsinə nisbətən 100 manat məbləğində tutulmasını daha ədalətli və ağlabatan hesab edir. Müki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Müki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərər tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının mənasından da görünür ki, mənəvi sarsıntı zərərçəkən şəxsə qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsidir. Lakin hazırki işdə iddiaçı mənəvi sarısntı çəkməsi ilə əlaqədar heç bir sübut irəli sürməmiş yalnız izahatında göstərdiyi formal mülahizələrlə kifayətlənmişdir. Ona görə də məhkəmə hesab edir ki, mənəvi zərər tələbi təmin olunmamalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə nəticə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh 785 (yeddi yüz səksən beş) manat məbləğdə pul tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 785 (yeddi yüz səksən beş) manat məbləğdə pul tutulub İddiaçı verilsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar