Məhkəmə qərarları › İş №2(051)-1358/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1358/2021

04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1358/2021 04.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı nın cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinə qarşı “ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsindən ona vurulmuş 700 manat pulun alınıb ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(051)-313/2020 saylı qətnaməsi ilə onun işəbərpa tələbi təmin edilmişdir. Məhkəmənin qətnaməsindən cavabdeh Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verildiyindən o da vəkillə müqavilə bağlayıb buna görə 700 manat vəsait xərcləmişdir. Mənəvi iztirab keçirmişdir. Ona görə də məhkəmədən "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsindən ona vurulmuş 700 manat pulun alınıb ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, İddiaçı maddi ziyan tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədi. Ona görə də məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı vəkil xərcinin cavabdehdən tutulmasını tələb etsə də, həmin xərcin mövcud olduğunu və nə qədər məbləğdə olduğunu sübut edə biləcək hər hansı bir dəlil irəli sürməmiş, məhkəmə iclası zamanı yalnız formal mülahizələrlə kigfayətlənərək həmin ziyanı sübut edə bilməmişdir. Həmçinin məhkəmə bildirir ki, məhkəmə qətnamə çıxararkən formal mülahizələr deyil, işin faktiki halını sübut edə biləcək mötəbər sübutlara əsaslanmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinə qarşı “ziyan” tələbinə dair iddisı əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinə qarşı “ziyan” tələbinə dair iddisı əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar