Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1363/2024 23.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi İddiaçı: İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 2700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 24 yanvar 2023-cü il tarixdə aralarında borc müqaviləsi bağlanmışdır. O, müqaviləyə əsasən cavabdehə 3000 manat borc verməyi cavabdeh isə 2023-cü ilin mart ayından 2024-cü ilin yanvar ayına kimi hər ay 300 manat verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq müxtəlif bəhanələrlə cavabdeh bugünədək 300 manatdan başqa heç bir borcu ödəməyərək onu aldatmışdır. Həmçinin Cavabdeh barəsində Mingəçevir şəhər Polis Şöbəsində CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi açılaraq məhkəməyə verilmişdir. Həmin cinayət işində o, zərərçəkmiş kimi tanınmışdır. Cavabdeh hal-hazırda onun borcunu qaytarmır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, borc müqaviləsi üzrə pulun 300 manatını ödəmişdir. Qalan 2700 manatı ödəyə bilməmişdir. Daha sonra o, İlqar Əhmədov adlı şəxsin dələduzlulqla bağlı cinayət işi olmuş, və orda o zərərçəkmiş qismində olmuşdur. Əhmədov İlqarın cinayət işi zamanı iddiaçı ilə razılıq əldə olundu ki, həmin pulu İddiaçı İlqar özü verəcəkdir. Bunun qarşılığında cinayət işi zamanı, o, İlqara qarşı verdiyi şikayət ərizəsini geri götürdü. Beləliklə, iddiaçının qalan 2700 manat pulunu İlqar verməli idi. Onların arasındakı razılıq şifahi olmuşdur. Hazırda onun həmin pulu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Hər ay 50 manat ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işdə olan 24 yanvar 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh ilə predmeti 3000 manat olan borc müqaviləsi bağlamış, borc alan, həmin pulu 2023-cü ilin mart ayından başlayaraq hər ay 300 manat ödəməklə 24 yanvar 2024-cü il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən borc pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da borc məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin 2700 manat məbləğində borcunun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan borc müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, iddia tələbini əsaslı hesab edir. Belə ki, cavabdeh iddiaçıdan cəmi 3000 manat məbləğində pul almış, lakin aldığı həmin pulun 300 manatını geri qaytarsa da, digər qalıq borcu geri qaytarmamışdır. Nəticədə, iddiaçıya 2700 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən dəymiş maddi zərərə görə 2700 (iki min yeddi yüz) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. AR MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğundan dövlət rüsumunu ödəməkdən azad edilmişdir, lakin qanunvericiliyin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 47 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olan 47 (qırx yeddi) manat məbləğində pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1363/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1363/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver