Məhkəmə qərarları › İş №2(051)-1368/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1368/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1368/2025 17.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 9300 manat məbləğində pulun və 113 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun Vüsal Yadigarovla aralarında olan razılığa əsasən cavabdehə 24800 manat məbləğində pul vermişdir. Həmin pula görə ona məxsus Göyçay şəhərində yerləşən “Nar" şadlıq sarayının salon hissəsinə böyük ölçülü monitorlar quraşdırmalı idi. X6 şəhər ərazisində yaşayan obyektlərin dekorativ tərtibatı ilə məşğul olan X5 vasitəsi ilə tanımışdır. X8 sonradan vəd etdiyi işi yerinə yetirə bilməmişdir, yəni monitorlar şadlıq sarayına quraşdırılmamışdır. Vüsal Yadigarov vəd etdiyi işi yerinə yetirə bilmədiyi üçün ondan aldığı 24800 manat məbləğində puldan ümumilikdə 15500 manatını geri qaytarmış, lakin qalan hissəsini yəni 9300 manatı geri qaytara bilməmişdir. Vüsal Yadigarovun ona yekun olaraq cəmi 9300 manat borcu qalmışdır. Bu səbəbdən də aralarında pulla bağlı mübahisə yaranmış və Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Mingəçevir şəhər polis şöbəsinin İB-nin müstəntiqinin 10 yanvar 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə bunlar öz əksini tapmışdır. Cavabdeh 1300 manat pulu da bir ədəd nar şəkli və nar şadlıq sarayı sözünü çəkib yazmağa hesablayır, onu da yarımçıq düzəldib. Onun bu işinə 300 manat qiymət verir. 9300 manatdan bu iş üçün 300 manat çıxar. Odur ki, izahatında göstərdiyi halları nəzərə alaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, iddiaçı ilə aralarında 24800 manat söhbəti olmuşdur, iddiaçı həmin məbləği ona ödəmiş, lakin problemlər olduğuna görə o, işi yerinə yetirə bilməmişdir. Ona görə də həmin puldan 15500 manat qaytarmış, sonra isə o, iddiaçıya 1300 manat dəyərində reklam plakatı hazırlamışdır. Hazırda onun iddiaçıya 8000 manat borcu qalmışdır. Ona görə də məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər PŞ-nin İB-nin müstəntiqi polis mayoru X3 xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanılmış material üzrə X2 əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanılmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatının və işdə olan sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, şadlıq sarayına monitorların quraşdırılması üçün iddiaçı ilə cavabdeh arasında yaranan mülki hüquq münasibətləri inkişaf edərək öhdəlik hüquq münasibətlərinə çevrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ona məxsus şadlıq sarayında monitorların quraşdırılması üçün cavabdehlə şifahi şəkildə podrat müqaviləsi bağlamaqla ona pul vermişdir. Cavabdeh isə pulu iddiaçıdan almış, lakin öhdəliyini tam olaraq icra etməmişdir. Bundan sonra iddiaçının muzd olaraq ödədiyi pulun bir hissəsi cavabdeh tərəfindən ona qaytarılmışdır. Qalan məbləği isə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə, iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Hər iki tərəf bu faktın mövcudluğunu mübahisəsiz qəbul etdiyindən məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir. Lakin iddiaçının cavabdehdən tələb etdiyi pulun məbləği barədə tərəflərin izahatları ziddiyyətli olduğundan məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı izahatında cavabdehin 300 manat dəyərində reklam plakatı hazırlamasını qəbul etmişdir. Eləcə də, cavabdeh iddiaçıya 1300 manat dəyərində reklam plakatı hazırladığını, 8000 manat borcu qaldığını göstərmiş, lakin iddiaçı həmin halı qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 1300 manat dəyərində reklam plakatı hazırlaması faktını sübut etmə vəzifəsi daşıyır. Məhkəmə tərəflərə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etmələrini təklif etməsinə baxmayaraq, tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmiş, cavabdeh iddiaçıya 1300 manat dəyərində reklam plakatı hazırlamasını sübut edə bilməmişdir. Ona görə də məhkəmə mövcud materiallar və işin müəyyən edilmiş halları əsasında mübahisənin həll edilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin məhkəmə iclasında verdiyi izahatların tədqiqi nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehin 300 manat dəyərində reklam plakatı hazırlamasını qəbul etdiyindən, iddia tələbi 9000 manat məbləğində qismən əsaslıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında şərtləşdirilmiş muzd müqabilində şifahi podrat müqaviləsi bağlanmışdır. Həmin vaxt iddiaçıya məxsus şadlıq sarayında monitorların quraşdırılmasını cavabdeh öhdəsinə götürmüş, iddiaçı isə muzd olaraq ona 24800 manat məbləğində pul vermiş, lakin cavabdeh podrat müqaviləsində nəzərdə tutulan işləri yerinə yetirmədiyinə görə tərəflər arasında razılaşma pozulmuş, yəni iddiaçının cavabdehə muzdun ödənilməsi ilə bağlı mövcud olan əsas aradan qalxmışdır. Ona görə ödənilmiş pulun 15.550 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Cavabdeh iddiaçıya 1300 manat dəyərində reklam plakatı hazırladığını bildirsə də, iddiaçı cavabdehin 300 manat dəyərində reklam plakatı hazırlamasını qəbul etmiş, cavabdeh isə reklam plakatının dəyərinin 1300 manat olması faktını sübut edə bilməmişdir. Ona görə də məhkəmə cavabdeh tərəfindən qaytarılmamış pulun məbləğini iddiaçının tələb etdiyi həcmdə deyil, işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1–ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış podrat hüquq münasibətləri, cavabdehin işləri yerinə yetirməməsi nəticəsində pozulmuş, ondan sonra cavabdeh iddiaçıya məxsus pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamaqla faydalanmışdır. Bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün əvvəllər mövcud olmuş əsas aradan qalxmışdır. Belə olan halda tərəflər arasında mövcud olmuş podrat hüquq münasibətləri cavabdehin hərəkətsizliyi nəticəsində, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərinə çevirilmişdir. Ona görə tərəflər arasında yaranmış mülki hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh iddiaçının hesabına əldə etdiyi 9000 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı cavabdehdən əsassız saxladığı pul vəsaitini tələb etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi 9000 manat məbləğində təmin edilməlidir. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında olan şifahi podrat müqaviləsi üzrə cavabdehin 9000 manat məbləğində pulu iddiaçıya qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 9000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun 110 manat məbləğində hissəsi alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 9000 (doqquz min) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 110 (bir yüz on) manat məbləğində hissəsi cavabdeh X1 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar