Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1369/2021 26.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2495.88 manat əsas kredit borcu, 30.58 manat faiz borcu olmaqla cəmi 2526.46 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla cavabdeh arasında 11.09.2019-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 2508.38 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas məbləği və onun faizlərini hər ay ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən 2495.88 manat əsas kredit borcu, 30.58 manat faiz borcu olmaqla cəmi 2526.46 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.09.2019-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 60 ay müddətinə 2508.38 manat məbləğində kredit vermişdir. İşdə olan cavabdehə ünvanlanmış 20.04.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan 03.06.2021-ci il tarixli məktubdan görünür ki, 03.06.2021–ci il tarixədək cavabdehin 2495.88 manat əsas kredit borcu, 30.58 manat faiz borcu olmaqla, cəmi 2526.46 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında 11.09.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2508.38 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 2495.88 manat əsas kredit borcu, 30.58 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında 11.09.2019-cu il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 2508,38 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay 54 manat olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 2495.88 manat əsas kredit borcu, 30.58 manat faiz borcu olmaqla, cəmi 2526.46 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 11.09.2019-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 2495.88 manat əsas kredit borcu, 30.58 manat faiz borcu olmaqla, cəmi 2526.46 manat məbləğində pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 2495.88 (iki min dörd yüz doxsan beş manat, səksən səkkiz qəpik) manat, faiz borcu üzrə 30.58 (otuz manat, əlli səkkiz qəpik) manat olmaqla, cəmi 2526.46 (iki min beş yüz iyirmi altı manat, qırx altı qəpik) manat pul alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1369/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1369/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver