Məhkəmə qərarları › İş №2(051)-138/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-138/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-138/2021 10.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi İsrafilzadə H.F məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmiş, iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00642719 №li müqaviləyə əsasən cavabdeh İMEİ KODU **********40751 olan “X1” markalı mobil telefon və xx.xx.2019-cu il tarixli 00756870 №li müqaviləyə əsasən “LG LCD” TV, “Headphones JBL” qulaqcıq almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə İMEİ KODU **********40751 olan “X1” markalı mobil telefon üçün 287 manat əsas borc və 28 manat cərimə olmaqla, cəmi 315 manat, “LG LCD” TV, “Headphones JBL” qulaqcıq üçün 848 manat əsas borc və 85 manat cərimə olmaqla, cəmi 933 manat, ümumilikdə 1248 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00642719 №li müqavilədən görünür ki, İddiaçı MMC “İMEİ KODU **********40751 olan “X1” markalı mobil telefon, xx.xx.2019-cu il tarixli 00756870 №li müqavilədən isə görünür ki, “LG LCD” TV, “Headphones JBL” qulaqcıq Cavabdeh verməyi, Cavabdeh əşyaların qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan, müqaviləyə əlavə edilmiş ödəniş cədvəllərindən görünür ki, cavabdeh iddiaçıdan aldığı-əşyaların İMEİ KODU **********40751 olan “X1” markalı mobil telefonun qiymətini 12 ay müddətinə, hər ay 41 manat, 10 manat ilkin ödəniş və “LG LCD” TV, “Headphones JBL” qulaqcıqın qiymətini 12 ay müddətinə, hər ay 106 manat və 30 manat ilkin ödəniş olmaqla, ödəməlidir. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ KODU **********40751 olan “X1” markalı mobil telefon, “LG LCD” TV, “Headphones JBL” qulaqcıqı iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsində göstərilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, əşyaların dəyərini ödəməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərərk hesab edir ki, iddiaçı tələbində haqlıdır, ona görə də iddia təmin olunmalı, xx.xx.2019-cu il tarixli 00642719 №li müqaviləyə əsasən İMEİ KODU **********40751 olan “X1” markalı mobil telefon üçün 287 manat əsas borc və 28 manat cərimə olmaqla, cəmi 315 manat, xx.xx.2019-cu il tarixli 00756870 №li müqviləyə əsasən “LG LCD” TV, “Headphones JBL” qulaqcıq üçün 848 manat əsas borc və 85 manat cərimə olmaqla, cəmi 933 manat, ümumilikdə 1248 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253-cü maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli 00642719 №li müqaviləyə əsasən İMEİ KODU **********40751 olan “X1” markalı mobil telefon üçün 287 (iki yüz səksən yeddi) manat əsas borc və 28 (iyirmi səkkiz) manat cərimə olmaqla, cəmi 315 (üç yüz on beş) manat, xx.xx.2019cu il tarixli 00756870 №li müqaviləyə əsasən “LG LCD” TV, “Headphones JBL” qulaqcıq üçün 848 (səkkiz yüz qırx səkkiz) manat əsas borc və 85 (səksən beş) manat cərimə olmaqla, cəmi 933 (doqquz yüz otuz üç) manat, ümumilikdə 1248 (bir min iki yüz qırx səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı MMC-yə verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar