Məhkəmə qərarları › İş №2(051)-1381/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1381/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1381/2021 06.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan "xxxx" KB ASC-nin xeyrinə 2500 manat əsas, 570.41 manat faiz, cəmi 3070.41 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 09.10.2019-cu il tarixli 5393SMNG/19 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə ödəmək şərtilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsinə görə “Borcverən” bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə və faizlə “Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə öz növbəsində bu müqavilənin 4.3.2-ci bəndinə əsasən “Krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə “Bank”-a qaytarır”. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də məhkəmədən Cavabdeh oğlundan "xxxx" KB ASC-nin xeyrinə 2500 manat əsas, 570.41 manat faiz, cəmi 3070.41 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğlunun etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, təmsil etdiyi şəxsin, həqiqətən, "xxxx" KB ASC-yə 3070 manat borcu yarnmışdır. O, öhdəliyindən imtina etmir. Qalan borcunu da mütləq ödəyəcəkdir. İddiaçı banka məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçı "xxxx" KB ASCin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş 09.10.2019-cu il tarixli 5393SMNG/19 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh oğluna "xxxx" KB ASC ilə bağladığı müqaviləyə əsasən istehlak məqsədləri üçün 84 ay müddətinə ödəmək şərtilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. İşə əlavə olunmuş 27.05.2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, "xxxx" KB ASC-in müştərisi olan Cavabdeh oğlunun 09.10.2019-cu il tarixli 5393SMNG/19 №li kredit müqaviləsi üzrə 03 iyun 2021-ci il tarixə "xxxx" KB ASC-yə 2500 manat əsas, 570.41 manat faiz, cəmi 3070.41 manat borcu yaranmışdır. İşə əlavə olunmuş 29.04.2021-ci il tarixli Bildirişdən görünür ki, Cavabdeh oğlunun 3070,41 manat borcunun yarandığı və borcunu ödəməyəcəyi təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar olaraq tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə olunmuş Cavabdeh oğlunun etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, həqiqətən, Cavabdeh oğlu "xxxx" KB ASC-dən kredit götürmüşdür. Hazırda onun banka cəmi 3070 manat borcu qalmışdır. Qalan borcunu gələcəkdə ödəyəcəkdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit borcunun ödənilməsi ilə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit borcu tələbinə dair müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Tərəflər arasında bağlanmış müqavilənin iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarına əsasən, iddiaçı tələbi təmin olunmalı və Cavabdeh oğlundan 2500 manat əsas borc, 570.41 manat faiz borcu olmaqla, cəmi 3070.41 manat məbləğində borc alınaraq "xxxx" KB ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh oğlundan 2500 manat əsas borc, 570.41 manat faiz borcu olmaqla, cəmi 3070.41 manat məbləğində borc alınaraq "xxxx" ASC-nin hesabına ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, Cavabdeh oğlundan alınıb "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar