Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1389/2023 10.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan vaxt Cavabdeh2 iddia ərizəsi verilməmişdən əvvəl öldüyü müəyyən edildiyindən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi ona münasibətdə xitam edilmişdir. Məhkəmə iclası zamanı iddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx xxxxxx 1978-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Uzun müddətdir ki, ailə üzvləri ilə birgə Mingəçevir şəhərində yaşayır. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum atası sağlığında, yəni 28 noyabr 2000-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Həmin mənzil 742/92b nömrəsi ilə dövlət qeydiyyatına alınmış və Mingəçevir DTİ və MH Qeydiyyatı İdarəsindən müvafiq Qeydiyyat vəsiqəsi verilmişdir. O, 2000-ci ildən həmin mənzildə həm qeydiyyatdadır, həm də yaşayır. Hal-hazırda da həmin mənzildə yaşayır. Mərhum atası Rəhman Sadıqovun sağlığında da o, həmin mənzildə yaşamışdır. Onun qardaşı Cavabdeh1 həmin mənzildə sadəcə pasport qeydiyyatındadır, artıq 23 ilə yaxındır ki, qardaşı Rusiya Federasiyasında yaşayır. Qardaşı Pərviz ailəlidir və özünün ayrıca yaşayış yeri var. Qardaşı qeyd edilən mənzildə yaşamır. Bacısı Cavabdeh2 2012-ci ildə vəfat etmişdir, lakin ölüm haqqında şəhadətnaməsini almayıblar. Cavabdeh3 1993-cü ildən Rusiya Federasiyasında yaşayır və bu mirasla heç bir əlaqəsi yoxdur. Atası vəfat etdikdən sonra o, ünvan 1 ünvanında yerləşən mənzili öz adına rəsmiləşdirmək üçün ərizə ilə Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Qardaşının razılıq ərizəsini istəmişlər, o da qardaşı ilə əlaqə saxlamışdır. Qardaşı razılıq ərizəsini göndərmiş, lakin notariat ofisinin əməkdaşları həmin ərizəni iki dəfə dəyişdirmiş, bu proseslər də kifayət qədər vaxt aparmışdır. Rusiyada müharibə şəraiti ilə əlaqədar sənəd göndərmək-qəbul etmək çətindir. Bütün bunlara baxmayaraq, qardaşı razılıq ərizəsini göndərmişdir. Sonda ona bildirmişlər ki, mirasın qəbulu üçün müəyyən edilən 6 ay vaxtı ötürmüşdür. Beləcə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, notariusdan məhkəməyə müraciət edə bilməyi üçün müddətin keçməsini təsdiq edən imtina sənədinin verilməsini xahiş etmişdir. Lakin hesab edir ki, imtina səbəbi düzgün göstərilməmişdir. Həmin sənəddə qeyd olunan “miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf var” imtina səbəbi düzgün deyildir, ən azından qardaşı 2 dəfə razılıq ərizəsi göndərmişdir. Miras əmlakı faktiki olaraq o, qəbul etmişdir, həmin əmlaka sahiblik edir və onu idarə edir. Ondan başqa digər vərəsələr, yəni anası X9 xx.xx.2022-ci ildə vəfat etmiş, qardaşı Cavabdeh1 isə həmin mənzildə yaşamır və həmin mənzilə də heç vaxt iddiası olmamışdır, bu gün də onun xeyrinə miras əmlakdan imtina edir. Ümumiyyətlə, miras əmlak barədə onların arasında heç bir mübahisə və ya narazılıq yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 4 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilmədikləri üçün işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Mingəçevir X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Mingəçevir X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 28 noyabr 2000-ci il tarixli 3M3-421 reyestr saylı müqaviləsi əsasında X5 adına qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X6 birgə nikahlarından xx.xx.1978-ci il tarixdə İddiaçı doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021–ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Oğuz rayon Qeydiyyat şöbəsi tərəfindən 19 iyun 2023-cü il tarixdə verilmiş 28/12 saylı arayışdan görünür ki, Xeyirova (Sadıqova) İradə Rəhman qızı 05 sentyabr 2012-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2012-ci il tarixli 11 №-li akt qeydi tərtib olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli 3-16-5/7-13-593/2023 saylı məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh3 barəsində Azərbaycan Respubliaksının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2023-cü il tarixədək yoxlama aparılmış və barəsində soyadın, adın və ata adının dəyişdirlməsi haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı 14 avqust 2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh1 da həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-8-133xx/xx/2023 saylı məktubdan görünür ki, X8 xx.xx.2005-ci il tarixdən vəfat edənədək xx.xx.2021-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-214-23 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1941-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş X8 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü il tarixədək aparılmış və xx.xx.1952-ci il tarixdə doğulmuş (ölüb) arvadı-X9, xx.xx.1978-ci il tarixdə doğulmuş qızı-İddiaçı, xx.xx.1979-cu il tarixdə doğulmuş oğlu-X11, xx.xx.1971-ci il tarixdə doğulmuş qızı-Cavabdeh2, xx.xx.1977-ci il tarixdə doğulmuş oğlu-Cavabdeh3 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək, İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı qeyd edilərək, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Cavabdeh1 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, mərhum atası X7 ölümündən sonra miras qalmış əmlaka dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının X2 xx.xx.2021–ci il tarixdə ölmüşdür. Ondan ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. X5 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı Şərqiyyə Sadıqova və 4 nəfər uşağı, İddiaçı, Xeyirova (Sadıqova) İradə Rəhman qızı, Cavabdeh1, Cavabdeh3 daxil olmuşdur. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan X9 xx.xx.2022-ci il tarixdə, Xeyirova (Sadıqova) İradə Rəhman qızı 05 sentyabr 2012-ci ildə ölmüşdür, Cavabdeh1 miras qalmış əmlakdan İddiaçı xeyrinə imtina etmişdir. Cavabdeh3 isə öz mövqeyini bildirməmiş, yəni nə mirası qəbul etmək, nə də imtina etmək barədə ərizə verməyərək susmuşdur. Bununla da vərəsələr arasında miras əmlakla bağlı mübahisə yaranmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı miras açıldıqdan sonra miras mülkdə yaşamış, sahibliyini həyata keçirmiş və mirasın qorunub saxlanmasını təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış münasibət mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan və miras qoyan, mərhum X8 xx.xx.2021–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X1 ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhumun qızı Cavabdeh2 05 sentyabr 2012-ci il tarixdə öldüyündən, yəni Rəhman Sadıqovun öldüyü məqamda sağ olmadığına görə mərhum X5 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı X9, qızı İddiaçı, oğulları Cavabdeh1, Cavabdeh3 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə, həmçinin miras qoyanın birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan Cavabdeh1 miras qalmış əmlakdan İddiaçı xeyrinə imtina etməsini də nəzərə alaraq, işin həmin vərəsə ilə bağlı hissəsini işin mübahisə edilməyən halı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1260-cı maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı ilə Cavabdeh3 arasında iddiaçı tərəfindən miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı mübahisə vardır. Məhkəmə mübahisənin qanunamüvafiq şəkildə həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Miras qoyan X5 birinci növbəli qanun üzrə vərəsəsi olan İddiaçı həm miras qoyanın sağlığında, həm də onun ölümündən sonra miras mənzildə yaşamış, həmin əmlaka sahiblik və onu idarə etməklə miras əmlakın faktiki qəbul edilməsinə yönələn hərəkətləri həyata keçirmişdir. Yəni iddiaçı qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, mübahisəli mənzildən təyinatına uyğun olaraq istifadə etməklə miras əmlakı faktiki qəbul etmişdir. İddiaçı, o cümlədən miras əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat kontoruna ərizə də vermişdir. Digər birinci növbəli qanun üzrə vərəsə olan Cavabdeh3 isə nə faktiki, nə də qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verməklə mirası qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Belə olan halda məhkəmə Cavabdeh3 mirası qəbul etməsinə dair qanunla müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl etməməsini, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh3 mirasın açıldığını bilməsinə baxmayaraq, qanun üzrə birinci növbəli vərəsə kimi qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmək niyyətində olmamışdır. Belə ki, Cavabdeh3 qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, miras əmlakı idarə etməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdeh miras əmlakdan pay almaq hüququnun həyata keçirilməsi ilə bağlı hərəkətlər nümayiş etdirməmişdir. Lakin İddiaçı həm formal, həm də qeyri-formal üsulla hərəkətlər həyata keçirməklə miras əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin vərəsənin susmasını nəzərdə tutan 1273-1-ci maddəsində göstərilmişdir ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsində göstərilmişdir ki, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Qeyd edilən hüquq normalarına əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh3 qanunla müəyyən edilmiş müddət ərzində nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə görə mirasdan pay almaq üçün qanunda müəyyən edilmiş subyektiv vərəsəlik hüququnu itirmişdir. Ona görə də X1 qalmış miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh3 qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiyinə, o cümlədən mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirmədiyinə görə X1 qalmış mirasdan pay almaq hüququnu itirmişdir. İddiaçı isə mirasın qəbulu ilə bağlı razılığını ifadə etməklə subyektiv vərəsəlik hüququnu həyata keçirmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1389/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1389/2023
10.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver