Məhkəmə qərarları › İş №2(051)-1397/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1397/2024

07.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1397/2024 07.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil1 Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 Üçüncü şəxs yetkinlik yaşına çatmayan X14 və X11 qanuni nümayəndəsi X23 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onların mərhum anası - X8 qanun üzrə vərəsə kimi tanınmaları və Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanına dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzilinə və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanına iddiaçıların hər birinə ayrı-ayrılıqda 1/4 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi xx.xx.2024-cü il tarixdə işin məhkəmədə baxılmasına hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin giriş hissəsində göstərilən cümlənin: “Maraqlı şəxslər - Mingəçevir Regional ASAN xidmət Mərkəzinin Notariat ofisi və X31” kimi göstərilən hissənin dəyişdirilərək, “Mingəçevir Regional ASAN xidmət Mərkəzinin Notariat ofisini və X29 3-cü şəxslər” kimi göstərilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi xx.xx.2024-cü il tarixdə işin məhkəmədə baxılmasına hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin giriş hissəsində göstərilən cümlənin: “Maraqlı şəxslər - Mingəçevir Regional ASAN xidmət Mərkəzinin Notariat ofisi və X31” kimi göstərilən hissənin dəyişdirilərək, “Mingəçevir Regional ASAN xidmət Mərkəzinin Notariat ofisini və xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X11 (mərhum–X15 münasibətdə vərəsəsi) 3-cü şəxs kimi və X29 həmin yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi” kimi göstərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(051)-1397/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə yetkinlik yaşına çatmayan X24 və X20 üçüncü şəxs qismində işə cəlb edilmələri və X31 onların qanuni nümayəndəsi qismində tanınmışdır. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, atası-X25 xx.xx.2012-ci ildə vəfat etmiş və xx.xx.2012-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 308 nömrə ilə qeyd edilmişdir. Anası - X10 21 noyabr 2020-ci il tarixdə vəfat etmiş və 24 noyabr 2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 528 nömrə ilə qeyd edilmişdir. Mərhum valideynlərinin birgə nikahdan 4 övladları olmuşdur: İddiaçı-X26, iddiaçı- İddiaçı2, qardaşı- Cavabdeh və qardaşı (mərhum)- X21. Mərhum anası - X1 qardaşı X21 2019-cu ildə vəfat etmişdir. Mərhum anası - X10 21 noyabr 2020-ci il tarixdə vəfat edərkən, onun adında Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili və Mingəçevir şəhəri ‘'Əşya bazarında” isə iki yan-yana ticarət dükanı miras əmlak kimi qalmışdır. Mingəçevir Regional ASAN xidmət Mərkəzinin Notariat ofisi anası- X10 21 noyabr 2020-ci il tarixdə vəfat etdiyinə görə və iddiaçı- İddiaçı1 tərəfindən vaxtında ərizə verilmədiyini əsas götürülərək, onu mirasın qəbul edilməsi faktına dair qanun üzrə vərəsə kimi tanımamış və bununla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmiş və Mingəçevir Regional ASAN xidmət Mərkəzinin Notariat ofisi tərəfindən müraciəti ilə bağlı imtina məktubu verilmişdir. İddiaçılar- İddiaçı1 və İddiaçı2 mərhumə anaları - X10 21 noyabr 2020-ci il tarixdə vəfat edərkən, onun qulluğunda durmuşlar və Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanı miras əmlak kimi onlar tərəfindən qəbul edilmişdir. Analarından miras qalmış əmlakları faktiki olaraq istifadə etmişlər və əmlaka dair müəyyən sərəncamlar vermişlər. Mərhum anaları - X7 miras qalmış Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzildən və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanından iddiaçılar- İddiaçı1 və İddiaçı2 da payları vardır və birinci növbə vərəsə kimi onlar da pay almalıdırlar. Qardaşı- Cavabdeh iş üzrə cavabdeh, mərhum qardaşı-X12 arvadını 3-cü şəxs kimi göstərməsinin əsas məqsədi odur ki, onların da payının müəyyən olunması və haqq-ədalətin öz yerini tapmasıdır. Odur ki, onların mərhumə anası - X8 qanun üzrə vərəsəsi kimi tanınmaları və Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanına dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzilinə və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanına iddiaçıların hər birinə ayrı-ayrılıqda 1/4 hissədə paylarının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı göstərdi ki, təmsil etdiyi şəxsin anası - X10 21 noyabr 2020-ci il tarixdə vəfat etmiş və 24 noyabr 2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 528 nömrə ilə qeyd edilmişdir. Mərhum valideynlərinin birgə nikahdan 4 övladları olmuşdur: İddiaçı- X26, iddiaçı- İddiaçı2, təmsil etdiyi şəxs - Cavabdeh və qardaşı (mərhum)- X21. Təmsil etdiyi şəxs Mingəçevir Regional ASAN xidmət Mərkəzinin Notariat ofisinə xx.xx.2020-ci il tarixdə ərizə verərək anasının ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq ondan qalan miras əmlakı qəbul etdiyini göstərmiş, həmçinin miras evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. İddiaçılar isə mirası nə faktiki qəbul etməmiş, nə də rəsmi qəbul etmək üçün notariat ofisinə ərizə verməmişlər. Üçüncü şəxslərə münasibətdə isə bildirir ki, onlar yetkinlik yaşına çatmamışlar. Ona görə də mirası rəsmi qəbul etmək üçün notariat ofisinə ərizə vermək hüququna malik olmamışlar. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir, üçüncü şəxslərə münasibətdə isə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Üçüncü şəxslər yetkinlik yaşına çatmayan X14 və X11 qanuni nümayəndəsi X23 nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı göstərdi ki, üçüncü şəxslər yetkinlik yaşına çatmayan X14 və X11 mərhum nənələri - X7 miras qalmış Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzilindən onlara aid miras payın qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılmasını istəyir. Belə ki, üçüncü şəxslərin ataları anasından əvvəl vəfat etdiyinə və nənələri ölən vaxt onlar yetkinlik yaşına çatmadıqlarına, miras mənzildə isə cavabdeh yaşadığına və onların istifadə etməsinə imkan vermədiyinə görə onlar mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə qəbul edə bilməmişlər. Ona görə də məhkəmədən göstərilənləri nəzərə alaraq qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia tələbi iddiaçılara münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında Şəhadətnamənin təsdiq edimiş surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş İddiaçı1 anası X10, atası X17r. İşdə olan adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnamənin təsdiq edimiş surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş X6 Zeynalova-dan İslamova-ya dəyişdirmişdir. İşdə olan doğum haqqında Şəhadətnamənin təsdiq edimiş surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə doğulmuş İddiaçı2 anası X10, atası X9r. İşdə olan doğum haqqında Şəhadətnamənin təsdiq edimiş surətindən görünür ki, xx.xx.1969-cu il tarixdə doğulmuş Cavabdeh anası X10, atası X9r. İşdə olan ölüm haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X10 xx.xx.2020–ci il tarixdə, X25 xx.xx.2012–ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən X18 ünvanlanmış 22 iyun 2022-ci il tarixli məktubdan görünür ki, mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmadığı və mübahisənin həlli ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət edə bilməsi göstərilmişdir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən X18 ünvanlanmış 22 iyul 2022-ci il tarixli məktubdan görünür ki, mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilmədiyi və mirasın qəbulu faktının və ya müddətinin bərpası ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edə bilməsi göstərilmişdir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 ünvanlanmış 22 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş G.B.Zeynalovadan qalmış miras əmlaka dair Mingəçevir şəhər “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2020-ci il tarixdə V-334/2020 saylı vərəsəlik işi açılmış və heç bir əmlaka qanun üzrə vərəsəlik hüququ haqqqında şəhadətnamə verilməmişdir. İşdə olan Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə verilmiş ərizənin təsdiq edilmiş surətindən görünür ki, o, anasının ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul etdiyini göstərmişdir. İşdə olan “Elektron notariat” X2 Çıxarışdan görünür ki, X7 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili miras qalmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, mərhumə X8 adına Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 100 nömrəli binanın 41 saylı mənzilinə dair Mingəçevir DTİ və MHQi tərəfindən xx.xx.1995-ci il tarixli 7032 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X8 adına Mingəçevir şəhər "Əşya Bazarı”nda yerləşən iki yan-yana ticarət dükanının olması barədə Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təsdiq edilmiş barışıq sazişinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi və onun tabeliyində olan qurumlar vəkillər tərəfindən verilmiş sorğulara əsasən reyestr məlumatlarını təqdim edir. Qeyd olunanı nəzərə alaraq məktubda göstərilən daşınmaz əmlaka dair sənədin təsdiq olunmuş surətinin verilməsi mümkün olmamışdır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1943-cü il tarixdə Füzuli rayonu, Əbdürrəhmanlı kəndində anadan olan X10 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1. Əri : X25 (xx.xx.1935) (ölüb); 2. Oğlu: Cavabdeh (xx.xx.1969); 3. Oğlu: X21 (xx.xx.1978) (ölüb); 4. Qızı: İddiaçı2 (xx.xx.1965); 5. Qızı: İddiaçı1 (xx.xx.1973). İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-690/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X30 məxsus qonaq otağı dəsti, həmin dəstin içərisində yerləşən qab-qacaq, həmçinin yaşayış otağında olan bir ədəd xalça xx.xx.2009– cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********10- 05101-093011 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçı Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X25 xx.xx.2012-ci il tarixdə, mərhumə X10 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. Onların birgə nikahından iddiaçı- X26, iddiaçı- İddiaçı2, cavabdeh - Cavabdeh və X21 doğulmuşdur. Mərhum X1 oğlu-X21 ölmüşdür. X3 Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili miras qalmışdır. X4 adına Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 100 nömrəli binanın 41 saylı mənzilinə dair Mingəçevir DTİ və MHQi tərəfindən xx.xx.1995-ci il tarixli 7032 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X8 adına Mingəçevir şəhər "Əşya Bazarı”nda yerləşən iki yan-yana ticarət dükanının olması barədə Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə ərizə verərək anası-X8 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq ondan qalan miras əmlakı qəbul etdiyini göstərmişdir. xx.xx.2020-ci il tarixdə ölmüş X7 qalmış miras əmlaka dair Mingəçevir şəhər “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2020-ci il tarixdə V-334/2020 saylı vərəsəlik işi açılmış və heç bir əmlaka qanun üzrə vərəsəlik hüququ haqqqında şəhadətnamə verilməmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, cavabdeh miras açıldıqdan sonra miras mülkdə yaşamış və miras əmlakın abadlaşmasını və qorunub saxlanmasını təmin etmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçıların hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmamaları, malik olduqları halda, həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddianın qanuni həll edilməsi üçün iddiaçıların müvafiq subyektiv hüququnun cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılması üçün ilk növbədə miras əmlakın toplusuna daxil olan əmlakların və mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ X3 ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin miras əmlak kimi bölüşdürülməsini tələb etdiyi, "Əşya Bazarı”nda yerləşən iki yan-yana ticarət dükanı üzərində isə miras qoyanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində tanınmadığına görə X3 qalmış mirasın toplusuna daxil edilə bilməz. Belə ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının toplusu daxildir. Hazırkı daşınmaz əmlak barədə daşınmaz əmlakın dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. Ona görə də "Əşya Bazarı”nda yerləşən iki yan-yana ticarət dükanı X3 qalmış mirasın toplusuna daxil deyildir. Məhkəmə, həmçinin müəyyən etdi ki, X3 qalmış mirası, miras açılan andan onun 1 nəfər birinci növbəli qanun üzrə vərəsəsi Cavabdeh faktiki, sonra isə qanunda nəzərdə tutulmuş müddət ərzində Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə ərizə verərək rəsmi qaydada qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların subyektiv vərəsəlik hüququ cavabdeh tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən olunmuş halları mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmalıdır. Belə ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243–cü maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat ofisinə ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X5 xx.xx.2020–ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyindən, miras əmlaka dair mübahisə qanun üzrə vərəsəlik qaydaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1–ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə–ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X3 qalmış mirası, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu Zeynalov X13 şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzilindən istifadə etməklə faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak qanun üzrə vərəsə olan Cavabdeh tərəfindən qəbul edildiyindən, cavabdeh haqlı olaraq X4 birinci növbəli qanun üzrə vərəsəsidir. Bununla yanaşı, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, digər vərəsələrdən, iddiaçılar mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildikləri halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə məhkəməyə müraciət etməmişlər. Ona görə də iddiaçılar X3 qalmış mirasdan pay almaq hüquqlarını itirmişdir. Məhkəmə iddiaçıların mirası faktiki qəbul etməsi ilə bağlı istinad etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçılar miras açıldıqdan üç ay ərzində notariat ofisinə müraciət etməli olduğu halda, miras açıldıqdan 2 il sonra notariat ofisinə və 4 il sonra məhkəməyə müraciət etmişlər. Bununla da iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 1273–1–ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262–ci və 1263–cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262–ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263–cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab edir ki, iddiaçılar nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat ofisinə ərizə vermək yolu ilə qəbul etmədiklərinə və susduqlarına, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiklərinə görə həmin hüququ itirmişlər. Belə olan halda məhkəmə qənaətə gəlir ki, iddiaçıların subyektiv hüququ cavabdeh tərəfindən pozulmadığına, habelə iddiaçılar subyektiv vərəsəlik hüququnu itirdiklərinə görə onlar həmin tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçılar hazırkı tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir. Məhkəmə mərhum X12 vərəsələri, üçüncü şəxslər yetkinlik yaşına çatmamış X19 və X16 münasibətdə qeyd edir ki, onların valideyni olan X21 miras qoyandan əvvəl öldüyündən, həmçinin miras açılan vaxt üçüncü şəxslər yetkinlik yaşına çatmadıqlarına, yəni tam fəaliyyət qabiliyyətli olmadıqlarına görə mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul edə bilməmişlər. Belə olan halda X24 və X20 X3 qalmış mirasdan pay almaq hüquqlarını itirməmişlər. Ona görə də onlar X15 çatası paydan bərabər miras pay almaq hüququna malikdirlər. Bununla yanaşı məhkəmə qeyd edir ki, işə məhkəmədə baxılan vaxt üçüncü şəxslər X24 və X11 qanuni nümayəndəsi X31 qanunda nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmədiyinə, yəni X3 qalmış mirasdan pay tələb etmdəiyinə görə məhkəmə verilmiş tələb üzrə işə baxılmasını nəzərə alaraq, üçüncü şəxslərə münasibətdə mirasın bölüşdürülməsi məsələsini həll etməmişdir. Azərbaycan Respublikası MPM–in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görə də məhkəmə izah edir ki, üçüncü şəxslər X24 və X20 gələcəkdə X3 qalmış mirasdan pay almaq üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 227, 357–360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı X4 qanun üzrə vərəsəsi tanınmaları və Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanına dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzilinə və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanına iddiaçıların hər birinə ayrı-ayrılıqda 1/4 hissədə pay hüququnun müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar