Məhkəmə qərarları › İş №2(051)-1399/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1399/2021

05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1399/2021 05.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi X14 qızının Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X12 oğlunun iştirakı ilə, İddiaçı qızının Cavabdeh oğluna qarşı «Alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Allagverən oğlundan 12 mart 2009-cu ildə Fidan adlı övladının yetkinlikyaşına çatanadək saxlanması üçün ödənilməli olan alimentiin miqdarının arıtırılmasını və hər ay 175 manat miqdarında onun xeyrinə tutulmasına dair qətanmə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi X14 qızı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə düzəliş olunaraq tələbinin alimentin artırılması kimi qeyd olunmasını xahiş etmişdir. İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi X14 qızı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh Allagverən oğlu ilə 30 iyun 2008-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından 12 mart 2009-cu ildə Fidan adlı qızları dünyaya gəlmişdir. Nikahları məhkəmə qaydasında ləğv olunmuşdur. Yevlax rayon məhkəməsinin 27 may 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh övladının yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat miqdarında hər ay aliment tutulub Həsənzadə Yeganəyə verilməsi qət edilmişdir. Göstərilən məbləğ onun övladının heç bir tələbatını ödəmir. Övladı məktəb yaşlıdır. Ayağındakı problemlə əlaqədar mütəmadi Bakı şəhərində müalicə alır. Lakin Cavabdeh həmin məbləği vaxtlı-vaxtında ödəmir. Hal-hazırda 2 aydır ki, 50 manat verir. Günü-gündən övladının tələbatının artdığını nəzərə alaraq, məhkəmə yolu ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət edir. Ona görə də məhkəmədən Cavabdeh Allagverən oğlundan 12 mart 2009-cu ildə Fidan adlı övladının yetkinlikyaşına çatanadək saxlanması üçün ödənilməli olan alimentiin miqdarının arıtırılmasını və hər ay 175 manat miqdarında onun xeyrinə tutulmasına dair qətanmə çıxarılmasını xahiş edir. Cavabdeh oğlunun etibarnamə üzrə nümayəndəsi X12 oğlu məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Təmsil etdiyi şəxs iddiaçı ilə 30 iyun 2008-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından 12 mart 2009-cu ildə Fidan adlı qızları dünyaya gəlmişdir. Sonradan münasibətləri pozulmuş və nikahları məhkəmə qaydasında ləğv olunmuşdur. Uşaq anasının himayəsində qalmışdır. Sonuncu dəfə Yevlax rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(039)-1858/2016 saylı qətnaməsinə əsasən Cavabdeh övladının yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat miqdarında hər ay aliment tutulub Həsənzadə Yeganəyə verilməsi qət edilmişdir. Bildirir ki, Cavabdeh hal-hazırda başqa biri ilə evlidir və həmin evlilikdən iki uşağı dünyaya gəlmişdir. Qazandığı pulla ailəsini dolandırır. Məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İşə əlavə olunmuş AZ-İİ № 746676 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 12.03.2009-cu il təvəllüdlü X9 adlı uşağın atası kimi Cavabdeh və anası kimi isə İddiaçı göstərilmişdir. İşə əlavə olunmuş Yevlax rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(039)-1858/2016 saylı Qətnaməsinin surətindən görünür ki, 12 mart 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 27 may 2016-cı il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İşə əlavə olunmuş AZ-İ 310272 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv eidlmiş və nikahın ləğv olunması 30 yanvar 2014cü ildə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 №-li qeyd edilmişdir. İşə əlavə olunmuş Yevalx rayonu, Ərəbbəsrə kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 427 №-li, 07.07.2021-ci il tarixli Arayışdan görünür ki, xx.xx.1988-cü il təvvəlüdlü Cavabdeh ailəsi arvadı- 20.05.1995-ci il təvəllüdlü X11, qızı- 23.05.2013-cü il təvəllüdlü X10 və oğlu- 07.07.2014-cü il təvəllüdlü X4 ibarətdir. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, 12.03.2009-cu il təvəllüdlü X9 iddiaçının yanındadır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış X9 adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, belə ki iş materiallarında görünür ki, cavabdeh iddiaçı ilə nikahını pozduqdan sonra başqa bir şəxslə ailə qurmuş və həmin evlilikdən onların iki uşağı olmuşdur. Həmin uşaqlarında maddi təminatı cavabdehin üzərinə düşdüyündən məhkəmə hesab edir ki, aliment miqdarı artırılarkən bu halda nəzərə alınmalıdır. Habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay uşağa 120 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh oğlundan Yevlax rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(039)-1858/2016 saylı qərarı ilə tutulan alimentin məbləği artırılaraq, 12.03.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 120 (bir yüz iyirmi) manat miqdarında müəyyən edilməli və hər ay tutularaq, İddiaçı qızına verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan Yevlax rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(039)-1858/2016 saylı qərarı ilə tutulan alimentin məbləği artırılaraq, 12.03.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 120 (bir yüz iyirmi) manat miqdarında müəyyən edilsin və hər ay tutularaq, İddiaçı qızına verilsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar