Məhkəmə qərarları › İş №2(051)-1399/2024

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1399/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1399/2024 03.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğdə pulun və 3000 manat məbləğdə maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 3700 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdehun tanışdır. X13 vasitəsilə tanımışdır. Belə ki, o, 2022-ci ildə özünə avtomobil almaq istəyirdi. Elə bu barədə tanışı Şahinə dedi. Şahin də ona Cavabdeh məsləhət görərək onun avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra o, Cavabdeh ilə görüşdü. Həmin vaxat cavabdeh ona Bakı şəhərində “Mercedes C-klass” markalı avtomobil olduğunu, ilkin ödəniş üçün 3700 manat lazım olduğunu, qalan 5400 manat pulu isə aylıq ödəyərək həmin avtomobili onun üçün ala biləcəyini dedi. Oda həmin avtomobilin alınması üçün 2022-ci ilin iyul ayında cavabdehə Şahin Hacıyevin iştirakı ilə 3700 manat məbləğdə pul verdi. Cavabdeh də ondan pulu götürərək Bakı şəhərinə gedib “Mercedes C-klass” markalı avtomobili alıb gətirəcəyinə söz verdi. Həmin vaxt Şahin Hacıyev də cavabdehə zamin duraraq, əgər Cavabdeh pulu qaytarmasa, pulu özü qaytaracağını bildirdi. Bundan bir müddət sonra Cavabdeh “Mercedes C-klass” markalı avtomobilin sənədlərində problem olduğunu, buna görə də həmin avtomobili ala bilmədiyini bildirmişdir. Eyni zamanda da cavabdeh həmin avtomobilin əvəzinə başqa avtomobil alıb ona verə biləcəyini demişdir. Lakin, o, başqa avtomobil istəmədiyini və cavabdehdən ondan aldığı 3700 (üç min yeddi yüz) manat məbləğdə pulumu geri qaytarmasını tələb etdi. Lakin, buna baxmayaraq cavabdeh ondan aldığı pulu geri qaytarmadı. Bundan sonra o, şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi. Şikayəti əsasında araşdırma aparılmış və cavabdeh ondan pul aldığını etiraf etmişdir. Mingəçevir şəhər X9 Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X5 15 dekabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Bundan başqa onu da bildirir ki, X10 təhqiqat zamanı verdiyi izahatında Cavabdeh ondan 3400 manat məbləğdə pul aldığını bildirsə də, hazırda Şahin Hacıyev cavabdehin ondan 3700 manat məbləğdə pul aldığını etiraf edir. O, Cavabdeh dəfələrlə ondan aldığı pulu geri qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. O, Cavabdeh 3700 manat məbləğdə pulu bankdan götürdüyü kredit vəsaiti hesabına vermişdir. Onu da bildirir ki, cavabdeh bu hərəkətləri ilə ona maddi ziyan vurmuşdur. Belə ki, o 3700 manat məbləğdə pul ilə başqa işlərimi görə və əlavə qazanc əldə edə bilərdi. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehə Şahin adlı şəxsin yanında 3700 azn pul vermişdir. Ona görə də iddia tələbinin tam təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Bölməsi tərəfindən verilmiş 241 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Mingəçevir şəhəri Gəncə şosesi vaqon evlərdə müvəqqəti yaşayır. İşdə olan 15 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə aylıq 150,29 manat kredit ödənişi cədvəli tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İsmayılov X1 Rəvan Şakir oğlunun götürdüyü kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, cavabdeh 2022-ci ilin iyul ayında iddiaçıdan 3700 manat məbləğində pul qarşılığında avtomobil alacağını vəd verərək pul almış və həmin pulun qarşılığında iddiaçıya “Mersedes C-klass” markalı avtomobil alacağını bildirmişdir. Lakin tərəflər arasında olan sövdələşmə baş tutmamış, yəni cavabdeh tərəfindən həmin pul qarşılığında avtomobil alınmamış, həmçinin iddiaçıdan aldığı pulu qaytarmamışdır. İddiaçı bununla bağlı Mingəçevir şəhər polis şöbəsinə şikayət etmiş, tərəflər Mingəçevir şəhər polis şöbəsinə çağırılmış, hər iki tərəfin izahatı alınmış, cavabdeh X7 vasitəçiliyi ilə iddiaçıdan 3400 manat pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 3700 manat məbləğində pulun verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıqMəhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, tapşırıq müqaviləsini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan yazılı və şifahi müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını, şifahi müqavilənin isə şəxsin rəftarından məlum olduğunu müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə ona avtomobil alması qarşılığında 3700 manat məbləğində pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və həmin pulun qarşılığında iddiaçıya “Mercedes C-klass” markalı avtomobil alacağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, belə ki, sözügedən avtomobili almamaqla yanaşı ona verilmiş məbləği isə iddiaçıya qaytarmamış və bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Belə olan halda 3700 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar