Məhkəmə qərarları › İş №2(051)-1402/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1402/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1402/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 07 iyun 2011-ci il tarixdə doğulmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 07 iyun 2011-ci ildə Yusif adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehlə aralarındakı nikah 12 may 2014-cü il tarixdə məhkəmə qaydasında ləğv edilmiş, 07 iyun 2011-ci il təvəllüdlü oğlu Yusifin onun yanında qalması, uşağın yetkinlik yaşına çatması üçün hər ay yetmiş manat miqdarında aliment tutulub ona verilməsi qət edilmişdir. Bir müddət sonra alimentin artırılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Mingəçevir şəhər məhkəməsinin 17 fevral 2019-cu il tarixli qətnaməsi ilə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay tutulan alimentin miqdarı artırılaraq, ayda 120 (bir yüz iyirmi) manat miqdarında tutulması qət edilmişdir. Cavabdehin ödədiyi aliment uşağın maddi ehtiyaclarını ödəmədiyi üçün yenidən alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, ayda 150 manat məbləğində tutulması müəyyən edilmişdir. Hazırda kirayədə yaşayır, oğlu Yusif talassemiya xəstəsidir, mütəmadi olaraq Bakı şəhəri Talassemiya Mərkəzində müalicə alır. Bundan əlavə Yusif hazırlıq kurslarına gedir. Cavabdehin ödədiyi aliment uşağın müalicə və təhsil xərclərini ödəmir. Baxmayaraq ki, cavabdeh "xxxx" LTD MMC-də anbar müdiri vəzifəsində işləyir, yüksək əmək haqqı alır. Uşaq böyüdükcə, onun tələbatları da artır. Təyin edilmiş aliment məbləği isə uşağın tələbatlarını ödəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi, həmçinin iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ilə ayrıldıqdan sonra xx.xx.2011-ci il təvəllüdlü oğlu Yusif anasının yanında qalmış, uşağın saxlanması üçün ayda 70 manat miqdarında aliment tutulması qət edilmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən alimentin miqdarı artırılaraq 120 manat, sonuncu dəfə isə 150 manat tutulması qət edilmişdir. Boşandıqdan sonra yenidən ailə qurmuş, birgə nikahdan iki uşağı doğulmuşdur. Baxmayaraq ki, işləyir, əmək haqqı alır, ailəsini dolandıra bilmir. Alimentin artırılması onun maddi vəziyyətini daha da ağırlaşdırar. Hazırda o, alimentin miqdarına 20 (iyirmi) manat məbləğində əlavə ödəniş etmək imkanına malikdir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 07 iyun 2011-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikaha 13 iyun 2014-cü il tarixdə xitam verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(051)-1333/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(051)-1576/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan tibbi sənəd və ödəniş qəbzindən görünür ki, X1 Mərkəzində müalicə kursu keçmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında rəsmi nikah pozulduqdan sonra 07 iyun 2011-ci il təvəllüdlü Yusif adlı uşağınyetkinlikyaşınaçatana kimi saxlanması üçüncavabdehdən həray 150 manat məbləğində alimentin alınıb iddiaçıya veriməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, Yusif adlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, onda ödənilən 150 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin artırılması ilə iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşağın üstün mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün ödənilən alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay cavabdehdən 150 manat alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi uşağı saxlamaq hər iki valideynin borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləği olan 50 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 iyun 2011-ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1333/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar