Məhkəmə qərarları › İş №2(051)-141/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-141/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-141/2025 06.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh Qanuni nümayəndə qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Qanuni nümayəndə qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 valideyni (qanuni nümayəndəsi) Qanuni nümayəndə İddiaçı MMC-nin xeyrinə ümumilikdə 9445 manat, 8004 manat əsas borcun, 1441 manat dəbbə pulunun və 114 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə təhsilalanlar Cavabdeh2 və Cavabdeh1 valideyni (qanuni nümayəndəsi) Qanuni nümayəndə arasında bağlanmış Təhsilin təşkili haqqında 1391/2022 (T2022-2023) saylı xx.xx.2022-ci il tarixli və 989/2022 (T2020-2021) saylı xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh2 və və Cavabdeh1 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, Qanuni nümayəndə 2022-2023-cü il tədris ili üçün ümumilikdə 9000 (doqquz min) manat məbləğində təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun uşağına təhsil verilsə də, o təhsil haqqının 996 (doqquz yüz doxsan altı) manat hissəsini ödəmiş, 8004 (səkkiz min dörd) manat borcu qalmışdır. Bununla bağlı borcluya məsələ ilə bağlı pretenziyalar edilsə də, borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2022-ci il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmş borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni xx.xx.2023-cü il tarixdən 340 gün üçün ödənilməli dəbbə pulu 1441 manat təşkil edir. Odur ki, məhkəmədn iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, cavabdehə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 1 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış və qeyd yazılmış bildiriş arayışla birlikdə məhkəməyə qaytarılmışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə təhsilalan Cavabdeh1 və Cavabdeh2 valideyni (qanuni nümayəndəsi) Qanuni nümayəndə arasında bağlanmış 1391/2022 (T2022-2023) saylı xx.xx.2022-ci il tarixli və 989/2022 (T2020-2021) saylı xx.xx.2022-ci il tarixli Təhsilin təşkili müqavilələrindən görünür ki, bu müqavilə ilə Zirvə liseyi ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək Təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində Zirvə liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Zirvə liseyində Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 5000 manat təşkil edir. Eyni ailədən 2-ci uşaq təhsil aldığı üçün və 10% güzəşt tətbiq olunmaqla, 2022-2023-cü tədris ili üçün təhsil haqqı məbləği 4500 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn xx.xx.2022-ci il tarixinədək Zirvə liseyinin təqdim etdiyi hesaba 1500 manat depozit məbləğini köçürməlidir. Valideyn Təhsilalanın Zirvə liseyində 2022-2023-cü tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 1500 manat depozit məbləği ona geri qaytarılmır. Təhsil haqqının ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, digər 1000 manat məbləği xx.xx.2022-ci il tarixinədək, yerdə qalan 3000 manat məbləği 2022- 2023-cü tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə Zirvə liseyinin təqdim etdiyi hesaba köçürülür. Təhsil haqqı bu müqavilənin 3.2 bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, Valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0.2% məbləğində dəbbə pulu ödəyəcək. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Qanuni nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, onun 2022-2023-cü təhsil ili üçün təhsil haqqından 996 manat ödəniş etməsi və beləliklə 2022-2023-cü təhsil ili üçün 8004 manat borcunun qalması, 12 sentyabr 2022-ci il 989/2022 (T2020-2021) və 1391/2022 (T2022-2023) saylı müqavilə üzrə üzərlərinə düşən bütün öhdəlikləri tam və vaxtında icra etmələri və 2022-2023-cü təhsil ili üçün Cavabdeh2 və Cavabdeh1 Liseydə tam olaraq təhsil vermələri göstərilərək, təhsil haqqından qalan 8004 manat borcun 10 iş günü müddətinə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks təqdirdə barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi prosedurlara başlanacağı göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-də təhsil alan Cavabdeh2 və Cavabdeh1 valideyni Qanuni nümayəndə arasında bağlanmış Təhsilin təşkili haqqında xx.xx.2022-ci il tarixli 989/2022 (T2020-2021) və 1391/2022 (T2022-2023) saylı müqaviləyə əsasən İddiaçı MMC-nin xeyrinə 2022-2023 tədris ili üzrə 8004 manat Təhsil haqqı borcu və 1441 manat Dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 9 000 manat təşkil edir, bu məbləğdən 996 manat ödənilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı qarşısında pul öhdəliklərinin olması və onu yerinə yetirməməsi, iddiaçı tərəfin 2022-2023-cü tədris ilində cavabdehin uşaqlarına təhsil verməsi, cavabdehin isə razılaşdırılmış təhsil haqqını ödəməməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 valideyni (qanuni nümayəndəsi) Qanuni nümayəndə arasında bağlanmış 1391/2022 (T2022-2023) saylı xx.xx.2022-ci il tarixli və 989/2022 (T2020-2021) saylı xx.xx.2022-ci il tarixli Təhsilin təşkili müqavilələrinə əsasən İddiaçı MMC Təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində Zirvə liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Qanuni nümayəndə 2022- 2023-cü il üçün ümumilikdə 9000 (doqquz min) manat məbləğində təhsil haqqını təhsil verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəf iddia ərizəsində cavabdehin uşağına təhsil verilsə də, təhsil haqqının 996 manat hissəsini ödədiyini, 8004 manat borcu qaldığını, sonuncu ödəniş edilməli gündən, yəni xx.xx.2023-cü il tarixdən 340 gün üçün ödənilməli dəbbə pulunun 1441 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı iddia ərizəsinə cavabdeh tərəfə ünvanlandığı pretenziya məktubu əlavə etmiş, lakin həmin məktubun cavabdehə çatması, həmçinin iddiaçı cavabdehin 8004 manat məbləğində təhsil haqqını ödəməməsi, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini pozaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi ilə bağlı məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Belə ki, iddiaçı 2022-2023-cü tədris ili üçün təhsilalanların təhsil müəsissəsinə daxil olunmalarına, hansı sinifdə təhsil almalarına, həmçinin dərslərə davamiyyət qrafikinə əsasən onların həmin qrafik üzrə dərslərdə iştirak etdiklərinə, biliklərinin qiymətləndirilməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı tərəf yalnız cavabdeh tərəfin təhsil haqqının 996 manat hissəsini ödədiyinə, 8004 manat borcu qaldığına, sonuncu ödəniş edilməli gündən, yəni xx.xx.2023-cü il tarixdən 340 gün üçün 1441 manat məbləğində dəbbə pulunun olmasına dair birtərəfli qaydada tərtib edilmiş arayış təqdim etmişdir. Qeyd edilən arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edildiyindən, sübut edilən fakta birmənalı bağlı olmadığından, iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hallar barədə inamlı nəticə çıxarmağa əsas vermir. Ona görə də məhkəmə həmin arayışı sübut növü kimi qəbul etmir və nəzərə almır. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər mənbədən əldə edilmiş yetərli sübutlar təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Ona görə də məhkəmə İşin məhkəmədə baxılmasına hazırlanması zamanı iddiaçı tərəfə öz tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim edilməsinə dair rəsmi qaydada bildirişlər göndərməsinə baxmatyaraq, iddiaçı tərəf yalnız birtərfli qaydada tərtib edilmiş arayış göndərməklə kifayətlənmişdir. Belə olan halda məhkəmə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş mövcud sübutlar əsasında işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış yazılı tapşırıq müqaviləsinə əsasən İddiaçı MMC Təhsilalanın ümumi təhsil almasını həyata keçirməyi, təhsilalanın valideyni, cavabdeh Qanuni nümayəndə isə bunun müqabilində Zirvə liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını, yəni 2022-2023-cü tədris ili üçün ümumilikdə 9000 (doqquz min) manat məbləğində təhsil haqqını (muzd) təhsil verənə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında muzdlu tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Onlar bu müqaviləni yazılı qaydada bağlamış, iddiaçı tapşırığı qəbul etdikdən sonra müqavilə qüvvəyə minmiş, həmçinin iddiaçının müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlaması da istisna edilmədiyindən, ona muzd (təhsil haqqı) ödənilməsi cavabdehin qanunvericilikdən irəli gələn öhdəliyi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1–ci maddəsində göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2–ci maddəsində göstərilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3–cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2–ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 40.4-cü maddəsinə əsasən özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Məhkəmə, istinad edilən maddi hüquq normalarına və işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırığın yerinə yetirilməsinə görə muzdun ödənilməməsi ilə bağlı mübahisə olduğundan, həmin mübahisə üzrə tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 786.5ci maddəsi təşkil edir. Ona görə də mübahisənin həlli normanın dispozisiyasında nəzərdə tutulmuş şərtlər daxilində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, tapşırıq müqaviləsinə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 786.5-ci maddəsində göstərilən şərtlərin məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbində həmin şərtlər məcmu halında mövcud deyildir. Belə ki, tərəflər arasında razılaşdırılmış muzd müqabilində yazılı tapşırıq müqaviləsi bağlansa da, həmin müqavilənin vəkalət alan iddiaçı tərəfindən icra edilməsi, yəni cavabdehin uşaqlarının iddiaçı tərəfindən 2022-2023-cü tədris ilində təhsil müəsissəsinə daxil olmaları, həmin tədris ili ərzində dərslərə davamiyyət qrafikinə əsasən təhsil almaları, təhsilalanların həmin qrafik üzrə dərslərdə iştirak etmələr, biliklərinin qiymətləndirilməsi üçün keçirilən imtahaların nəticələri barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, nə də iddiaçı tərəf işin məhkəmədə baxılmasına hazırlanması zamanı məhkəməyə təqdim eməmişdir. Belə olan cavabdehin məhz həmin tədris ili ərzində uşaqlarının təhsil almasına baxmayaraq, təhsil haqqını ödəməməsinə görə tapşırıq müqaviləsinə birtərəfli qaydada xitam verilməsi təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Ona görə də iddiaçının (vəkalət alanın) cavabdehə (vəkalət verənə) qarşı tələb hüququ yaranmamışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı MMC-nin cavabdeh Qanuni nümayəndə qarşı iddiaçının xeyrinə ümumilikdə 9445 manat, 8004 manat əsas borcun, 1441 manat dəbbə pulunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar