Məhkəmə qərarları › İş №2(051)-1425/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1425/2021

10.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1425/2021 10.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «ona və yetkinlik yaşına çatmayan 2 uşağına cavabdehə məxsus mənzildə yaşayış hüququnun verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ona və məhkəmə qətnaməsi əsasında onun yanında qalan yetkinlik yaşına çatmayan 2 uşağına cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzildə yaşayış hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Mingəçevir şəhər sakini X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bu nikahları Mingəçevir şəhərindəki Nikah evində 10.12.2010-cu il tarixli, 402 saylı nikah qeydi ilə rəsmiləmişdir. O, toy günündən etibarən hazırda qeydiyyatda olduğu və faktiki yaşadığı bu mənzilə gəlin gəlmişdir. Həmin vaxtdan etibarən bu mənzildə pasport qeydiyyatındadır. X6 ilə birgə rəsmi nikahdan 16.09.2011-ci il təvəllüdlü qızları X7 və 26.08.2016-cı il təvəllüdlü oğulları Cavabdeh Tural oğlu doğulmuşlar. Sonradan tez-tez yaranan ailə münaqişələri səbəbindən onun ərizəsi əsasında işə baxan Mingəçevir şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 18.02.2021-ci il tarixli, 2(051)-313/2021 saylı qətnaməsi ilə aralarındakı rəsmi nikah qeydi pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan 2 uşaqlarının da onun yanında qalmaları müəyyən olunmuşdur. Nikahları rəsmi qaydada pozulmasına baxmayaraq o həmin vaxtdan bu günə qədər bu mənzildə heç bir etiraz və maneə olmadan uşaqlarıyla birgə yaşayır. Ona görə də məhkəmədən ona və məhkəmə qətnaməsi əsasında onun yanında qalan yetkinlik yaşına çatmayan 2 uşağına cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzildə yaşayış hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, İddiaçı ona qarşı mənzildə yaşayış hüqunun verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, İddiaçı və yetkinlik yaşına çatmayan iki uşağının ona məxsus ünvanda yaşayış hüququ verilməsinə razıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, 26 sentyabr 2011-ci il təvəllüdlü X7 və 26.08.2016-cı il təvəllüdlü Cavabdeh Tural oğlu adlı uşaqların ataları X6 anaları isə X2r. İşə əlavə olunuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-313/2021 saylı qətnaməsindən görünür ki, X4 ilə X5 arasında olan, 10 dekabr 2010-cu ildə Mingəçevir şəhəri Nikah Evində bağlanmış 402 saylı nikah qeydi pozulmuş və nikah pozulduqdan sonra 16 sentyabr 2011-ci il təvəllüdlü Leyla və 26 avqust 2016-cı il təvəllüdlü Yusif anaları X1 yanında qalmaları müəyyən olunmuşdur. İşə əlavə olunmuş AZ-İ № 362292 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X4 arasında olan nikaha 19.03.2021-ci il tarixdə xitam verilmişdir. İşə əlavə olunmuş Qeydiyyat Vəsiqəsindən görünür ki, Ələkbərov X3 şəhəri Rəsulzadə ev 49, mənzil 17 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş Cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı və yetkinlik yaşına çatmayan iki uşağının ona məxsus ünvanda yaşayış hüququ verilməsinə razıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A mənzilindən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf vardır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə işin hallarını və müvafiq qanunvericilik aktlarını təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nikah 10.12.2010-cu il tarixdə bağlanmış və həmin tarixdən etibarən iddiaçı mübahisə edilən mənzildə yaşamışdır. Məhkəmə iclası zamanı cavabdeh iddiaçının mübahisəli mənzildə yaşayış hüququnun tanınmasına razı olduğunu bildirmiş və məhkəməyə etiraf ərizəsi təqdim etmişdir. Məhkəmə etirafı qəbul edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və İddiaçı və 16 sentyabr 2011-ci il təvəllüdlü Leyla və 26 avqust 2016-cı il təvəllüdlü Yusif adlı uşaqlara ünvan 1 ünvanda yerləşən mənzildə yaşayış hüququ verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ət e t d i : İddiaçı və 16 sentyabr 2011-ci il təvəllüdlü Leyla və 26 avqust 2016-cı il təvəllüdlü Yusif adlı uşaqlara ünvan 1 ünvanda yerləşən mənzildə yaşayış hüququ verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar