Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1430/2025 10.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Cavabdeh azyaşlı xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarının hər ay hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat alimentin və ödədiyi 60 manat mediasiya xərcinin yarısı yəni 30 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli barışıq sazişinin müvafiq bəndindən görünür ki, tərəflər ayda cəmi 100 manat iki uşağa görə alimentin ödənilməsi üçün razılığa gəlmişlər və iki tərəf hər ayın ilk on günlüyündə birinci tərəfin təqdim etdiyi bank hesabına sözügedən məbləğ köçürməyi üzərinə götürmüşdür. Lakin iddiaçının qanunla müəyyən edilmiş tələbələrə əməl etmədən məhkəməyə alimentin artırılması tələbi ilə müraciət etməsi qanunun bu tələbinin pozulmasıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması tələbi ilə deyil barışıq sazişinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə müraciət etməli idi. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Bununla belə iş materiallarına əlavə edilmiş barışıq sazişindən də görünür ki, qeyd olunan barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1430/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1430/2025
10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver