Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1443/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlə arasında Hyundai Accent markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilin faktiki alqı-satqısı üçün ödənilmiş 5500 manat, avtomobilin təmir-bərpa xərclərinə ödənilmiş 1500 manat və dövlət rüsumu olaraq ödənilmiş 90 manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 oktyabr 2020-ci il tarixdə hazırki iş üzrə Cavabdeh ilə onun mülkiyyətində olan Hyundai Accent markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5500 manat müqabilində ona satılmasına dair razılığa gəlmişlər. Həmin razılığa uyğun olaraq onun tərəfindən Cavabdeh 5500 manat pul ödənilmiş və maşının onun adına sənədləşdirilməsi üçün sonuncu tərəfindən ona 16 oktyabr 2020-ci ildə baş etibarnamə verilmişdir. Daha sonra o, həmin avtomobilin adına sənədləşdirilməsi üçün müraciət etdikdə, ona məlum olmuşdur ki, avtomobilin texniki pasportunda göstərilən mühərrik nömrəsi ilə faktiki mühərrik nömrəsi arasında ziddiyyət vardır. Bu səbəbdən də, həmin avtomobilin onun adına sənədləşdirilməsi mümkün olmamışdır. Daha sonra bununla bağlı Cavabdeh ilə əlaqə saxlamış və ona bu barədə məlumat vermişdir. Sonuncu isə cavabında bu narahatçılığa heç bir əsas olmadığını, bu problemi özü həll edəcəyini, sadəcə bir az vaxt lazım olduğunu bildirmişdir. Keçən müddət ərzində Cavabdeh tərəfindən ona əlavə olaraq 14 aprel 2021 -ci ildə 1 il müddətinə, 13 oktyabr 2021-ci ildə isə 6 ay müddətinə əlavə etibarnamələr verilmişdir. Bu müddət ərzində avtomobil onun istifadəsində olmuş və həmin avtomobilin təmir-bərpa işləri üçün 1500 manat pul xərclənmişdir. Keçən müddət ərzində avtomobilin sənədlərində olan qüsurlar söz verilməsinə baxmayaraq, cavabdeh tərəfindən aradan qaldırılmadığından, sonuncu ilə aralarında mübahisə olmuşdur. Bundan sonra cavabdeh ona məlumat vermədən sonuncu verdiyi etibarnaməni ləğv etdirmiş, avtomobil onun tərəfindən istifadə edilərkən dövlət yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq saxlama meydançasına yerləşdirilmişdir. Daha sonra cavabdeh tərəfindən maşın saxlama meydançasından qaçırılmış və bu barədə ona heç bir məlumat verilməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, mümkün olmamış, cavabdeh onun zənglərinə cavab verməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı və iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, onunla Elxan arasında heç bir avtomobil alqı-satqısı olmayıb. **-ED-*** nömrəli Hyundai markalı avtomobil ona məxsusdur və iş materiallarında olan sənədlər də bunu sübut edir. Elxan avtomobilə görə, heç 1 manat belə ona ödəniş etməmişdir. O, şəxsi münasibətlərə görə, (özünü yaxın göstərdiyi üçün) avtomobili ona istifadə etməyə vermişdir. Belə ki, Bakı şəhərinin Nərimanov rayonunda ailəsi ilə yaşadığı müddətdə 4-5 il Elxanla dostluq etmişdir. Hətta qızını məktəbə aparıbgətirmiş, qardaşları ilə çörək kəsmişdir. 2020-ci ilin noyabrında işi ilə əlaqədar valideynlərinin yaşadığı Mingəçevir şəhərində yerləşən evə gəlmişdir. Uşaqlarının da ehtiyacını normal qarşılamışdır. Amma həyat yoldaşı Sevinc Ələkbərova ilə səbəbsiz mübahisələri yaranmışdır. Ayda 3-4 dəfə gəlib uşaqlarını görmüşdür. Həmin vaxtlarda da yoldaşı onun tez getməyi üçün davalar salmışdır. 2021-ci ilin noyabrında Bakıda olduğu vaxt uşaqlarını götürüb bacısıgilə getmişdir. Yoldaşı isə israrla evdən çıxmağını istəmişdir. Şübhələndiyindən onu güdmək qərarına gəlmişdir. Ona “xəstəyəm, yatacam!” demiş amma o, evdən çıxan kimi bəzənib harasa getmişdir. O liftdən çıxana kimi taksiylə gözdən itmişdir. Bir neçə gündən sonra məsələ açılanda otelə “müəllimin ad gününə” getdiyini demişdir. Bu müddətdə də nə müəllimi tapa bilmiş, nə də əlavə şey sübut edilmişdir. Bu məsələdən sonra uşaqlarını götürüb Mingəçevirə gəlmişdir. Artıq 8 aydır ki, övladları yanındadır. Biri məktəbə, digəri bağçaya gedir. Bununla belə ailə münaqişələri başlayanda daima Elxandan şübhələnmişdir. Bir gün Elxanın şəklini uşaqlara göstərmiş və onlar Elxanın onların yaşadıqları evə gəldiyini hətta anasının bunları otağa salıb qapını bağladığı və Elxanla digər otaqda “yaşadığını” demişlər. Qızını məktəbə, gəzməyə aparmışdır. Bunları öyrənəndən sonra Elxanı Mingəçevirə çağırıb söhbət eləmək istəmişdir. Bu zaman mübahisələri yaranmış və polis bölməsinə düşmüşlər. Hətta guya onu döydüyünə dair şər atmışdır. Bölməyə uşaqları da dəvət olunmuşdur. Tədqiqatçı Pərviz müəllim Elxana bənzəyən bir neçə nəfəri uşaqlara göstərmiş, onlar Elxanı o insanların içərisindən tanımışlar. Ona görə də o, avtomobili onun əlindən almışdır. Əgər onunla iddiaçı arasında hər hansı bir alqı-satqı olsaydı və iddiaçı ona pul ödəsəydi, onda bu vaxta qədər avtomobili özadına sənədləşdirərdi. Avtomobilin sənədlərində heç bir problem olmamışdır. İddiaçının istinad etdiyi dəlillər tamamilə əsassızdır. Elə bir hal olsaydı, iddiaçı ona dair sənəd təqdim edərdi. Odur ki, məhkəmədən iddianın rədd olunması haqda qətnamə çıxarılmasının xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmiş, cavabdeh isə məhkəməyə yazılı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İşdə olan xx.xx.2020-ci il tarixli, ƏN-Vİİ 466134 saylı, xx.xx.2021-ci il tarixli ƏN-Vİİ 979104 saylı, xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ 212998 saylı etibarnamələrin surətindən görünür ki, Cavabdeh özünə məxsus Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam və digər hərəkətlər, qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaqda daxil olmaqla bütün hüquqlarnı1 illik müddətə İddiaçı etibar etmişdir. İşdə olan Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahibliyindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 7000 manat məbləğində pul borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddia ərizəsini, cavabdeh tərəfin izahatının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh mülkiyyətində olan Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında iddiaçının istifadəsinə vermişdir. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu cavabdeh tərəfin izahatı və təqdim edilən sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçı iddia ərizəsində cavabdehlə aralarında olan şifahi alqı-satqı müqaviləsinə əsasən həmin avtomobilin onun mülkiyyətinə verilməsi ilə bağlı iddiaçı ilə aralarında razılaşma olduğunu və buna görə də cavabdehə 5500 manat pul verdiyini göstərmişdir. Cavabdeh tərəf isə onunla iddiaçı arasında belə razılaşma olmadığını və bunun müqabilində də iddiaçı tərəfindən ona hər hansı pul verilmədiyini bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri daşınar əşyanın başqasının istifadəsinə verilməsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrdən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh mülkiyyət hüququnu öz adında saxlamaqla sahibliyində olan avtomobili iddiaçının əvəzsiz istifadəsinə vermiş, sonra isə vaxtından əvvəl iddiaçının adına verdiyi etibarnaməyə xitam verdirmişdir. Bununla da iddiaçı ilə cavabdeh arasında əvəssiz istifadə ilə bağlı münasibətlər başa çatmışdır. Ona görə də iddiaçının əvəzsiz istifadəyə götürdüyü avtomobili cavabdehə qaytarmaq vəzifəsi yaranmışdır. Həmin hal isə cavabdehin aidiyyəti orqanlara müraciəti əsasında öz həllini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Həmin Məcəllənin 738-ci maddəsinə əsasən kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olmuş etibarnamələrdə iddiaçının təyinatı üzrə avomaşından istifadə etməsi zamanı onun dəyişməsi, pisləşməsi, həmçinin dəyərdən düşməsi üçün cavabdeh qarşısında maddi məsuliyyət daşıması, eləcə də, cavabdehin həmin avtomaşını iddiaçıya əvəzli verməsi, iddiaçının da hər hansı məbləğdə cavabdehə pul ödəməsi nəzərdə tutulmamışdır. Sonradan isə cavabdeh tərəf etibarnaməyə xitam verməklə özünə məxsus avtomaşını iddiaçıdan almış, bununlada tərəflər arasında mülki hüquq münasibətləri başa çatmışdır. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında hazırda müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırı ki, iddiaçı tərəfin tələbinin əsaslı olması üçün tərəflər arasında mübahisəli avtomobilə dair alq-satqı müqaviləsi bağlanmalı, iddiaçı tərəf avtomobilin dəyərini cavabdehə ödəməli, cavabdeh isə avtomobilin iddiaçının sahibliyinə vermək öhdəliyini yerinə yetirməməlidir. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ yarana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, hazırda Hyundai Accent markalı, **- ED-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin mülkiyyətindədir. Cavabdeh həmin avtomobili etibarnamə əsasında iddiaçının istifadəsinə vermişdir. İddiaçı isə etibarnamə əsasında həmin avtomobildən təyinatına uyğun istifadə etmişdir. Göründüyü kimi Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətinə deyil, yalnız istifadəsinə verilmişdir. İddiaçı isə həmin avtomobilin onun mülkiyyətinə verilməsi və bunun müqabilində 5500 manat pul ödəməsi, həmçinin 1500 manat məbləğində təmirbərpa işlərinin aparması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bir daha öz hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, mübahisəli avtomobilin cavabdeh tərəfindən iddiaçıya əvəzli verilməsinə dair tərəflər arasında alqısatqı müqaviləsi bağlanmamış, ona görə də tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti yaranmamışdır. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı tələb hüququ yoxur. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi əsaslı deyildir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1443/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1443/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver