Məhkəmə qərarları › İş №2(051)-1445/2022

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1445/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1445/2022 09.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 6400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Mingəçevir şəhərində əşya bazarında “T23” nömrəli mağazanın sahibidir, həmçinin özü də həmin mağazada məişət əşyalarının satışı ilə məşğuldur. Borclu Cavabdeh ilə həmin mağazada tanış olmuşdur. 2021-ci ilin oktyabr-dekabr aylarında cavabdeh ondan ümumi dəyəri 4450 manat olan (900 manat-televizor, 1200 manat-televizor, 800 manat-soyuducu, 1550 manat-televizor) əşyaları almış və pulunu hissə-hissə ödəyəcəyini bildirmiş (bu barədə ona qəbz yazdırılmış və imza çəkdirilmişdir), həmçinin üzərində adı yazılan əmək haqqı kartını ona təqdim etmişdir. Özünün dediyinə görə Veysəloğlu şirkətində işləyirdi. Cavabdehdən bu qədər əşyanı nə üçün aldığını soruşanda ona bildirmişdir ki, əşyaları iş yoldaşları üçün alır, pulu da onlardan alıb ödəyəcəkdir. Bundan sonra 2022-ci ilin yanvar ayında oğlu ilə birlikdə mağazaya gələrək ondan ümumi dəyəri 1950 manat olan əşyalar (350 manatavelosiped, 250 manata-yemək bişirmək üçün soba, 1350 manata televizor) götürmüşdür. O, cavabdehin səmimiliyinə inanaraq həmin 1950 manatla bağlı onun adından qəbz almamış və imza çəkdirməmişdir. Lakin 2 ay sonra əmək haqqı kartına pul daxil olması dayandırılmışdır. O həmin kartdan cəmi 2 dəfə (400-400) pul çəkə bilmişdir. O cavabdehə qəbzə yazdırmaqla məişət əşyaları satmış, bəzilərini isə nisyə dəftərində qeyd etmişdir. Beləliklə, cavabdehin ona ümumi olaraq 6400 manat borcu qalmışdır. Bugünkü tarixədək cavabdehdən aldığı əşyaların pulunu ödəməsini dəfələrlə xahiş və tələb elmiş, lakin cavabdeh müxtəlif tarixlərə söz versə də, heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq, o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, cavabdehdən 6400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə təkrar rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021–ci il tarixli qəbzdən görünür ki, cavabdeh 900 manat dəyərində Samsung markalı 108 ekran televizoru nisyə almış və hər ay 70 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh 1200 manat dəyərində LC Smart markalı 110 ekran televizoru nisyə almış və hər ay 90 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh 800 manat dəyərində soyuducunu nisyə almış və hər ay 80 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh 1550 manat dəyərində televizoru nisyə almış və hər ay 100 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı cavabdehə 900 manat dəyərində Samsung markalı 108 ekran televizoru, 1200 manat dəyərində LC Smart markalı 110 ekran televizoru, 800 manat dəyərində soyuducunu və 1550 manat dəyərində televizoru, həmçinin 350 manat dəyərində velosipedi, 250 manat dəyərində yemək bişirmək üçün sobanı, 1350 manat dəyərində televizoru nisyə satmış, cavabdeh isə qeyd edilən əşyaların dəyərini hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirməli olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun iddiaçıya 6400 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin 6400 manat məbləğində məişət əşyasının iddiaçıdan nisyə olaraq almasını və həmin məbləğdə pulun ona qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 6400 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6400 (altı min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar