Məhkəmə qərarları › İş №2(051)-1447/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1447/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1447/2022 10.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 16400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Ağdam rayon 49 saylı tam orta məktəbində texniki işçi kimi işləyir. Cavabdeh həmin məktəbdə işlədiyi müddətdən tanımışdır. Belə ki, Cavabdeh şəxsi mikravtobusu ilə onu və Ağdam rayon 49 saylı tam orta məktəbin digər işçilərini həmin məktəbə aparıb gətirmişdir. Münasibətləri normal olmuşdur. Əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Qeyd etdiyi kimi Cavabdeh özünə məxsus 2 ədəd (sprinter) mikravtobusu olmuşdur. 2021-ci ilin aprel ayında Cavabdeh ondan xahiş etmişdir ki, yay mövsümü ilə əlaqədar təşkil olunacaq turist turlarında işləməsi üçün maşının nasazlığının aradan qaldırılmasında ona maddi cəhətddən köməklik etsin. Cavabdeh maşınına yeni təkər alınması, matorunun bəzi yerlərinin təmir edilməsi, eləcədə digər xırda işlərin görülməsi üçün ona 6000 (altı min) manat pul lazım olduğunu və həmin pulu sezonun sonunadək İşləyib qaytaracağını bildirmişdir. O, cavabdehin xahişini nəzərə alaraq ona təmənnasız 6000 (altı min) manat pul vermişdir. Getdikcə münasibətləri daha da dərinləşməyə başlamışdır. Onun Cavabdeh ilə 2022-ci ilin aprel ayınadək münasibətləri davam etmiş və o, bu müddət ərzində cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 16.400 (on altı min dörd yüz) manat pul vermişdir. X1 ASC-yə məxsus plastik kartı olmuşdur. O anasına verilən şəhid pulunu və öz əmək haqqından qalan pulu həmin karta yönəldərək ehtiyat yığmışdır. Cavabdeh verdiyi ümumilikdə 16.400 (on altı min dörd yüz) manat pulun yalnız 6000 min manatını nağd vermiş, yerdə qalan 10.400 (on min dörd yüz) manat hissəsini cavabdeh ona məxsus plastik kartdan nağdlaşdırmışdır. Cavabdehin dediyinə görə tanışları onu aldatmışdır. O, həmçinin bir neçə dəfə cavabdehin xahişi ilə onun dostlarının da kartına pul göndərmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia qəbul etmədi və bildirdi ki, o, iddiaçıya məxsus plastik kartdan pul vəsaitləri çıxarsa da, o, həmin pulu iddiaçı ilə birlikdə xərcləmişdir. Belə ki, iddiaçı ilə bir müddət sevgi münasibətləri olmuşdur. Həmin müddət ərzində də iddiaçının öz razılığı ilə birlikdə pul xərcləmişlər. İddiaçı özünə məxsus bank kartını ona versə də, o, həmin pulları iddiaçının tapşırığı ilə çıxarıb ona vermişdir. Lakin hazırda həmin pulların məbləğini xatırlamır. Daha sonra isə idiaçı ilə münasibətləri pozulmuş və ona görə də iddiaçı ondan qisas almaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Münasibətləri pozulduqdan sonra iddiaçı hətta onun ailə üzvlərinə zəng etmiş və buna görə də ailəsində problemlər yaranmışdır. Ona görə də hesab edir ki, onun iddiaçıya hər hansı borcu yoxdur. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi haqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı cavabdehlə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 16400 manat məbləğində borc pul verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların, cavabdehin izahatının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Ağdam rayon 49 saylı tam orta məktəbdə işlədiyi üçün cavabdeh isə özünə məxsus sprinter markalı maşınla həmin məktəbin işçilərini, o cümlədən iddiaçını məktəbə aparıb gətirmişdir. Həmin vaxt da onlar arasında münasibət yaranmışdır. Bundan sonra isə iddiaçı cavabdehə müəyyən qədər borc pul verilmişdir. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu hər iki tərəf etiraf etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Bununla belə iddiaçı tərəfindən cavabdehə 16400 manat məbləğində borc pul verilməsi ilə bağlı tərəflərin izahatı ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclası zamanı cavabdehə avtomaşınını təmir etdirmək və digər xərcləri qarşılamaq üçün ümumilikdə 16400 manat məbləğində borc pul verildiyini bildirmiş, cavabdeh isə iddiaçı tərəfindən ona verilən pulların borc olaraq verilmədiyini və iddiaçı ilə birlikdə xərclədiklərini bildirməklə iddiaçının dediklərini təkzib etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iclası zamanı iddiaçı öz tələbinin əsası kimi Kapital bank ASC-yə məxsus hesabdan çıxarışı və Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışlarını iş materallarına əlavə etməklə 16400 manat məbləğində pulu cavadehdən tələb etmişdir. Belə ki, iş materiallarında olan Kapital bank ASC-yə məxsus xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus bank kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 10400 manat məbləğində pul məxaric edilmişdir. İş materiallarında olan Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 16000 manat məbləğində pul cavabdehin diqqətinə çatdırılmış, cavabdeh isə bunu inkar etməməklə iddiaçıya öz təşəkkürünü və razılığını bildirmişdir. Həmçinin həmin yazışmaların ümumi mətninə nəzər yetirdikdə müəyyən edilir ki, iddiaçı cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə ona bir az zaman verməsini və ona olan borcunu qısa zamanda qaytaracağını bildirmişdir. Məhkəmə, həmçinin tərəflərin iştirakı ilə Kapital Bankı tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı məxsus plastik kart vasitəsi ilə aparılmış əməliyyatlara dair bankomat görüntülərini əks etdirən diskə keçirilmiş baxış zamanı müəyyən etdi ki, İddiaçı məxsus plastik kartdan müxtəlif vaxtlarda Cavabdeh pul çıxarmışdır. Ona görə də Məhkəmə hesabdan çıxarışı və məxaric əməliyyatlarının fotogörüntülərini əks etdirən diski sübut növü kimi qəbul edir və nəzərə alır. Bununla yanaşı məhkəmə, cavabdeh tərəfin öz etirazlarının əsası kimi istinad etdiyi dəlilləri işin faktiki hallarına münasibətdə əsaslı hesab etmir. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər nəticəsində iddiaçı tərəfindən cavabdehə pul verilmişdir. Cavabdeh həmin pulların ona iddiaçı tərəfindən borc olaraq verilmədiyini və onu iddiaçı ilə birlikdə xərclədiklərini bildirsə də, bununla bağlı hər hansı mötəbər mənbədən əldə edilmiş sübutu iş materiallarına əlavə etməmiş, həmçinin iddiaçı da cavabdehin bildirdiklərini qəbul etməmişdir. Belə ki, cavabdeh həmin halları yalnız formal mülahizələr əsasında bildirmişdir. Bunun əksi olaraq isə iddiaçı tərəfindən Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışları məhkəməyə təqdim edilmişdir. Həmin yazışmaların isə ümumi mətninə nəzər yetirdikdə aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş pullar borc olaraq verilmiş və cavabdehdən tələb edilmişdir. Cavabdeh isə bunu inkar etməyərək borcunu qısa zamanda qaytaracağını iddiaçıya bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin öz tələbinin əsası kimi istinad etdiyi dəlillər əsaslı deyildir. Beləliklə, məhkəmə tərəflərin izahatları və işə əlavə edilmiş sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında etibarlı yaxınlıq münasibəti olmuşdur. Bunun nəticəsi olaraq da iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda olmaqla ümumilikdə 16400 manat məbləğində borc pul verilmişdir. Cavabdeh isə həmin pulları qısa zamanda qaytaracağını bildirsə də, qaytarmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən hüquq normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı, şifahi əqdi isə şəxsin rəftarından məlum olduğu andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan maddi hüquq normaları əsasında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 16400 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və borcu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, 16400 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 16400 (on altı min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar