Məhkəmə qərarları › İş №2(051)-1451/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1451/2022

26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1451/2022 26.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2011-ci il tarixdə doğulmuş Əladəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya üçün ödənilmiş 60 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə 27 dekabr 2006ci il tarixdə faktiki ailə münasibətlərinə girməklə ailə qurmuş, faktiki münasibətlərindən xx.xx.2011-ci il tarixdə Əladəm adlı uşağı doğulmuşdur. Lakin səhlənkarlıq səbəbindən nikah bağlamamışlar. Hazırda cavabdehlə faktiki olaraq ayrılmışlar. Birgə ailə münasibətlərindən doğulmuş Əladəm adlı uşaq onun yanında qalmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa üçün 120 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Hazırda uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Uşağa valideynlərinin köməkliyi ilə baxır. Cavabdeh fərdi əməklə məşğuldur, onun kifayət qədər maddi imkanı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh işin məhkəmə baxılmasına hazlanması zamanı iştirak etdiyi məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi miqdarda aliment ödməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxrılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı və Cavabdeh faktiki münasibətlərindən xx.xx.2011-ci il tarixdə Əladəm adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)–878\20117 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə İddiaçı doğulmuş X1 atası olmasının müəyyən edilməsi, uşağın doğum akt qeydində ata kimi Cavabdeh yazılması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşağa 120 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-18207 saylı arayışdan görünür ki, tərəflər aylıq aliment ödənişinin təyin edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki nikah qeyd etdirməklə evlənmiş, faktiki münasibətlərindən xx.xx.2011-ci il tarixdə Əladəm adlı uşağı doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Əladəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşağa 120 manat məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ödənilən cəmi 120 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay uşaq üçün cavabdehdən 120 manat aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay uşaq üçün 160 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinin (60 manat) cavabdehdən tutulub ona ödənilməsinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 60 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş Əladəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)–878/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay bir uşaq üçün 160 (bir yüz altmış ) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar