Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1455/2023 07.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" ASC–nin nümayəndəsi Nümayəndə Cavabdehlər: Cavabdeh2, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1628 manat əsas, 746 manat faiz borcu olmaqla, cəmi 2374 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(051)-2841/2016 saylı məhkəmə əmri borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli etiraz ərizəsinə əsasən ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-EX/318 nömrəli kredit müqaviləsi üzrə cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, cavabdeh kredit məbləğinin kredit ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün hər ay bərabər hissələrlə «kredit alan» tərəfdən «kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə qaytarılmasını öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2015-ci il tarixli, AB MGF/l 08-00352 saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Nəticədə, onların 1628 manat əsas, 746 manat faiz borcu olmaqla, cəmi 2374 manat kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmişlər və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)- 2841/2016 saylı məhkəmə əmri ilə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1628 manat əsas, 746 manat faiz borcu olmaqla, cəmi 2374 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb kreditor İddiaçı ASC-yə verilməsi əmr edilmişdir. Hazırda cavabdehin banka 1246.7 manat əsas kredit borcu, 746 manat faiz borcu olmaqla, cəmi 1992.7 manat borcunun olduğunu nəzərə alınmasını bildirdi. Odur ki, məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və əlavə olaraq göstərdi ki, həqiqətən İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MF-EX/318 saylı kredit müqaviləsinə əsasən, ona şəxsi məqsədlər üçün 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-2841/2016 saylı məhkəmə əmri ilə ondan və digər Cavabdeh1 müştərək qaydada 1628 manat əsas, 746 manat faiz borcu olmaqla, cəmi 2374 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb kreditor İddiaçı ASC-yə verilməsi əmr edilmişdir. Onun bu məhkəmə əmrindən xəbəri olmamışdır. Hazırda borcunun tam olaraq nə qədər olduğunu bilmir, lakin bundan sonra borcundan hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, həqiqətən İddiaçı ASC ilə onun arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-2841/2016 saylı məhkəmə əmri ilə Cavabdeh2 və ondan müştərək qaydada 1628 manat əsas, 746 manat faiz borcu olmaqla, cəmi 2374 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb kreditor İddiaçı ASC-yə verilməsi əmr edilmişdir. Cavabdeh2 iş yoldaşı olmuş, kredit müqaviləsi üzrə borcun ödənilməməsindən tutulma pensiya müavinatına yönəldildikdən sonra xəbəri olmuşdur. Həmin kredit borcu ilə razılaşmır, həmin məbləğdən ona heç bir məbləğ çatmamışdır. Ona görə də məhkəmədən iddianın ona aid hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-EX/318 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Hüseynov X1 Elşən Lətif oğlunun kreditor qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-2841/2016 saylı məhkəmə əmrindən görünür ki, cavabdehlərdən müştərək qaydada 1628 manat əsas, 746 manat faiz borcu olmaqla, cəmi 2374 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi əmr edilmişdir. İşdə olan Problemli kreditlərin kompensasiyası barədə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 AtaBank ASC-yə olan 1628 manat əsas kredit borcunun restruktruzasiya olunması təklif olunan kreditinin məbləği 1246.7 manat olmuşdur. İşə əlavə edilmiş X2 Teatrı tərəfindən verilmiş 05 №-li 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X2 Teatrında mühəndis (elektrik) vəzifəsində işləmiş, onun əmək haqqından 2018-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayınadək İddiaçı ASC-nin xeyrinə 2018-ci il üzrə 45.5 manat, 2019-cu il üzrə 91 manat kredit borcu tutulmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli MF-EX/318 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə iddiaçı "xxxx" ASC ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməmişlər, ödəməli olduqları əsas kredit məbləğini və hesablanmış faizləri ödəməkdən yayınmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-2841/2016 saylı məhkəmə əmri ilə cavabdehlərdən müştərək qaydada 1628 manat əsas, 746 manat faiz borcu olmaqla, cəmi 2374 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi əmr edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 AtaBank ASCyə olan 1628 manat əsas kredit borcunun restruktruzasiya olunması təklif olunan kreditinin məbləği 1246.7 manat olmuşdur. Ondan sonra Cavabdeh1 əmək haqqından İddiaçı ASC-nin xeyrinə 2018-ci il üzrə 45.5 manat, 2019-cu il üzrə 91 manat kredit borcu tutulmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-EX/318 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə iddiaçı "xxxx" ASC ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər öhdəliklərini lazımi şəkildə icra etməmişlər. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində qismən əsaslı olsa da, əsas kredit borcuna hesablanmış faiz məbləği hissəsi işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin əsas kredit borcu 1628 manat müəyyən edilmiş və ondan kompensasiya məbləği çıxılmaqla 1246.7 manat məbləğində əsas kredit borcu qalmışdır. Həmin kredit borcunun illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə restruktrizasiya olunması təklif edilmiş, lakin məlum olmayan səbəblərə görə tərəflər arasında yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. Bundan əlavə, X2 Teatrı tərəfindən verilmiş 05 №-li 12 iyul 2023-cü il tarixli arayışa əsasən Cavabdeh1 xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X2 Teatrında mühəndis (elektrik) vəzifəsində işləmiş, onun əmək haqqından 2018-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayınadək İddiaçı ASC-nin xeyrinə 2018-ci il üzrə 45.5 manat, 2019-cu il üzrə 91 manat kredit borcu tutulmuşdur. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli MF-EX/318 nömrəli kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən silinmiş faiz borcunu tələb etməsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanında qarşıya qoyulan məqsədə ziddir. Həmin Fərmanın xx.xx.2019-cu il tarixli Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 8.9-cu bəndinə qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə, həmçinin iddianın əsas borca aid hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2014-cü il tarixli MF-EX/318 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği 1246.7 manat deyil, 1110.2 manat təşkil edir. Belə ki, X2 Teatrı tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1 əmək haqqından İddiaçı ASC-nin xeyrinə 2018-ci il üzrə 45.5 manat, 2019-cu il üzrə 91 manat kredit borcu tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunan əsas kredit borcu qismən əsaslı, əsas kredit borcuna hesablanmış faiz borcu isə əsaslı deyildir. Məhkəmə, həmçinin iddianın Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 da zamin olaraq bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli, MF-EX/318 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 1110.2 manat əsas borc alınıb iddiaçı banka ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2014-cü il tarixli, MF-EX/318 nömrəli kredit müqaviləsi üzrə müştərək qaydada 1110.2 (bir min bir yüz on manat iyirmi qəpik) manat əsas kredit borcu alınıb iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1455/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1455/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver