Məhkəmə qərarları › İş №2(051)-1461/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1461/2023

27.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1461/2023 27.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: X2 Cavabdeh “X1 Zavodu” ASC-nin nümayənədəsi X3 iştirakı ilə İddiaçı X2 cavabdeh “X1 Zavodu” ASC-yə qarşı istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar aylıq ödənişin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 cavabdeh “X1 Zavodu” ASC-yə qarşı istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar aylıq ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir "xxxx" Maşınqayırma Zavodu ASC-dən ona verilməli olan zərərə görə aylıq ödənişin yenidən hesablanaraq tam məbləğdə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddiasını onunla əsaslandırmışdır ki, o, 1985-ci ilin 10 yanvar tarixində hazırda hüquqi varisi Mingəçevir "xxxx" Maşınqayırma zavodu ASC olan Mingəçevir Təcrübi-Smaq zavodunda iş vaxtı əmək funksiyasını yerinə yetirərkən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində bədən xəsarəti almış və sağ əlinin 4 barmağı kəsilmiş, əmək qabiliyyətinin 50%-ni itirmişdir. Zərər dəyməsində təqsirkar olan müəssisə hadisənin baş verməsində günahkar olduğunu xx.xx.1985-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisə haqda olan H-l formalı 01 №-li aktla təsdiq etmiş və Tibbi Sosial Ekspert Komissiyası əmək qabiliyyətinin 50% itirildiyi haqda rəy vermişdir. Bununla əlaqədar ona təyin olunmuş aylıq ödənci zavoddan ala bilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin bütövlükdə ödənilməsini təmin elməlidir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalari’ın 2-ci bəndinin 21 hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə aylıq ödənc ödənilməlidir. Ona dəymiş zərərlə bağlı aylıq əmək haqqımın 50%-i məbləğində aylıq ödənc təyin olunsa da, həmin ödənci müntəzəm olaraq ala bilmir. Müəssisə rəhbərliyi müxtəlif bəhanələrlə ona verilməli olan aylıq ödənci ödəməkdən yayınır. Şikəstliyi ilə əlaqədar olaraq əmək qabiliyyətini itirdiyi üçün ailəsini dolandırmaqda çətinlik çəkir. Ona verilməli aylıq ödənc əmək haqqı əvəzinə verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdikdə hər gecikdirilən gün üçün işçiyə əmək haqqının azı 1%-i məbləğində ödənc verilməlidir. Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənclərin verilməsi Qaydalan”nm 3-cü bəndinin 3.5 hissəsinə görə işçilərin minimum əmək haqqının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada aylıq ödənc də təshih edilməlidir. Bu isə qətiyyən edilmir. Dəfələrlə müxtəlif orqanlara müraciət etsə də, Mingəçevir "xxxx" Maşınqayırma Zavodu ASC-də qanunvericiliyin tələblərinə uyğun miqdarda və vaxtda aylıq ödənci ala bilmir. Hətta 2019cu ildə heç bir ödəniş almamışdır. Əmək Müfəttişliyinə dəfələrlə müraciət etmişdir. Heç bir nəticəsi olmamışdır. Məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən Mingəçevir "xxxx" Maşınqayırma Zavodu ASC-dən ona verilməli olan aylıq ödənişin yenidən hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, təyin edilmiş 164 manat düzgün təyin edilməmişdir.Bildiyinə görə hazırda presləyici 500 manatdan az almır. Belə ki, həmin ödəniş hazırda zavodda onun vəzifəsində çalışan presləyicinin əmək haqqısının 50% məbləğində təyin olunmalıdır. Digər tərəfdən isə minimum əmək haqqı 345 manatdır. Belə olan halda minimum əmək haqqı səviyyəsində aylıq ödəniş 172,50 manat olmalıdır. Odur ki, Mingəçevir "xxxx" Maşınqayırma Zavodu ASC-dən ona verilməli olan zərərə görə aylıq ödənişin yenidən hesablanaraq tam məbləğdə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “X1 Zavodu” ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, onların müəssisələri qismən fəaliyyət göstərir. Lakin müəssisə olaraq artıq fəaliyyət göstərmədikləri üçün, kreditorlara 48000-50000 manat borcları var. İddiaçı onların müəssisəsində presləyici vəzifəsində işləmişdir. İddiaçı 08 yanvar 1985-ci ildə xəsarət almışdır. İddiaçının aylıq əmək haqqı məbləği 328 manat təşkil edir. İddiaçı əmək qabiliyyətinin 50%-ni itirmişdir. Müəssisə tərəfindən iddiaçıya ancaq 164 manat pul məbləği ödənilə bilər. Belə ki, müəssisə fəaliyyətinin artıq dayandırıb. Lakin cavabdehə bütün aylar üzrə ödənişlər olunmuşdur. Müavinətin ödənilməməsi pandemiya vaxtı olmuşdur. Odur ki, iddianın hər ay 164 manat hissədə təmin edilməsinə etirazları yoxdur. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan “Mingəçevir” TİZ-in əmək xəsarəti almış işçilərinə dəymiş zərərə görə zavod tərəfindən xx.xx.1998-ci il tarixdən veriləcək ödənişin hesabatından görünür ki, xəsarət alan işçi X6, xəsarət aldığı tarix xx.xx.1985-ci il, vəzifə maaşı 57000, peşə qabiliyyətini itirmə 50 %, müəssisə hesabına ödəniləcək məbləğ 28000 manatdır. Hesabat ömürlük dövrü əhatə edir. İşdə olan "xxxx" ASC-nin əmək xəsarəti almış işçilərinə dəymiş zərərə görə ASC tərəfindən xx.xx.2007-ci il tarixdən veriləcək ödənişin hesabatı xəsarət alan işçi X6, xəsarət aldığı tarix xx.xx.1985-ci il, vəzifə maaşı 40 manat, peşə qabiliyyətini itirmə 50 %, müəssisə hesabına ödəniləcək məbləğ 20 manatdır. Hesabatın əhatə etdiyi dövr xx.xx.1995-ci il tarixindən ömürlük təyin edilmişdir. İşdə olan “X1 Zavodu” ASC-nin əmək xəsarəti almış işçilərinə dəymiş zərərə görə ASC tərəfindən xx.xx.2012-ci il tarixdən veriləcək ödənişin hesabatından görünür ki, İddiaçı xəsarət alan işçidir. Xəsarət aldığı tarix xx.xx.1985-ci ildir. Xəsarət aldığı vaxt peşəsi presləyici olmuşdur. Aylıq əmək haqqı məbləği 328 manat olmuş, peşə qabiliyyətinin 50%ni itirmiş, müəssisə tərəfindən ödəniləcək məbləğ 164 manat, hesabatın əhatə etdiyi dövr xx.xx.1995-ci il tarixindən ömürlük təyin edilmişdir. İşdə olan “X1 Zavodu” ASC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək X2 müavinətinin hesabalama-ödəmə cədvəli üzrə 22 iyun 2023-cü ilə qalıq borcu 2864 manat olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2023–cü il tarixli məktubuna əsasən “X1 Zavodu” ASC tərəfindən “presləyici” vəzifəsi üzrə “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmədiyi üçün məlumatların təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, cavabdeh tərəfindən İddiaçı hesabına müxtəlif tarixlərdə 3699 manat məbləğində ödənişlər edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı 1995-ci il tarixində “X1 Zavodu” ASC-də vəzifəsi üzrə çalışarkən iş vaxtı istehsalat xəsarəti almış, əmək qabiliyyətinin 50%-ni itirmişdir. Aylıq müavinət müəssisə tərəfindən müxtəlif məbləğlər müəyyən edilmiş, sonuncu ödəniş isə 164 manat məbləğində müəyyən edilmişdir. İddiaçı 2019-cu il tarixdən ödənişlərini ala bilməmişdir. Məhkəmə iclası zamanı cavabdeh tərəfindən həmin ödənişlərin tam məbləğdə ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, lakin iddiaçı tərəfindən həmin məğləğin deyil daha az miqdarda məbləğin ödənilməsini bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırda iddiaçı onun sağlamlığına müəssisədə işləyən zaman istehsalat vaxtı vurulmuş zərərə görə aylıq ödəncin yenidən hesablanaraq tam məbləğdə ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti, yəni iddiaçının şikəstliyi 1995ci il tarixindən yarandığından, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına, yəni 1964-cü il Mülki Məcəllənin müddəalarına istinad olunmalıdır. AR MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 456-cı maddəsinə əsasən şəxsin səhhətinə şikəstlik və ya sair xəsarət yetirilən halda, ziyan üçün məsuliyyət daşıyan təşkilat və ya vətəndaş ziyan çəkənin əmək qabiliyyətinin itməsi və ya azalması nəticəsində əldən çıxan qazancını ödəməli, habelə səhhətinin pozulması ilə əlaqədar çəkdiyi xərcləri (qüvvəli yeməklərin, protezlərin, kənar şəxsin ona verdiyi xidmətin və s. xərclərini) ödəməlidir. Qəsdən cinayətkar hərəkət nəticəsində vətəndaşın səhhətinə ziyan vurulduqda (zəruri müdafiə həddini aşdıqda və zərər çəkənin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq qəflətən baş verməş güclü ruhi həyəcan vəziyyətində ziyan vurulması istisna edilməklə), bu cinayətə görə məhkum edilmiş şəxs ziyan çəkənin stasionar müalicəsi üçün sərf olunmuş vəsaiti dövlət mədaxilinə ödəməlidir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən ziyan çəkmiş şəxsin əmək qabiliyyətinin azalması ilə əlaqədar olan, habelə ölümlə əlaqədar olaraq vurulmuş ziyanın alınması aylıq ödəmələr yolu ilə həyata keçirilir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət: 1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçını, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyindən və ona görə də iddiaçı şəxsə istehsalat qəzası nəticəsində dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003–cü il 9 yanvar tarixli 3 nömrəli qərarının 1.1–ci bəndinin 3–cü hissəsinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra – istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra–təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədən kənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qərarın 1.1–ci bəndinin 4–cü hissəsinə əsasən zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydası: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarının 3.5–ci bəndinin tələbinə görə istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Həmin Qərarın 3.10–cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Göründüyü kimi istinad olunan normaların tələbinə görə istehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzi, yalnız işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını təmin etməyən və ona görə təqsirli sayılan işəgötürən tərəfindən ödənilməlidir. Ona görə də hazırkı vəziyyətdə iddiaçı şəxsin sağlamlığının pozulması nəticəsində əmək qabiliyyətinin 50 faizini daimi olaraq itirdiyinə görə ona xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqı miqdarında ödənclər məhz cavabdeh tərəfindən ödənilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamından görünür ki, minimum aylıq əmək haqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. İddiaçının əvvəllər işlədiyi presləyici vəzifəsi üzrə hazırda əmək haqqı məbləği müəyyən olunmadığından məhkəmə hesab edir ki, hazırda mövcud olan minimum aylıq əmək haqqının məbləğinin yəni 345 manatın 50 faiz (əmək qabiliyyətinin 50 faizi itirildiyindən) məbləği əsas götürülməli və ona təyin edilən ödəncin məbləği 172,50 manat müəəyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən olunmuş qaydada zərəçəkmiş şəxslə əmək müqaviləsi bağlamasına baxmayaraq, öz işçisinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyindən iddiaçıya istehsalat qəzası nəticəsində dəymiş zərərə görə aylıq ödəncin məbləği yenidən hesablanaraq 172,50 manat müəyyən edilməli və qətnamə qüvvəyə mindikdən sonra “X1 Zavodu” ASC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 227 və 233–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “X1 Zavodu” ASC-dən İddiaçı xeyrinə bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə qətnamə qüvvəyə mindiyi vaxtdan hər ay 172,50 manat (bir yüz yetmiş iki manat əlli qəpik) hesablanaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar