Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1468/2023 24.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin sədri Paşayev Nemət Şirkət oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və ziyan tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş hakimə etiraz ərizəsinə məhkəmə iclasından kənar qaydada baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun və 2000 manat mənəvi ziyanın, cəmi 2800 manat pulun alınıb İddiaçı1 və 500 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın, cəmi 2500 manat pulun alınıb İddiaçı2 verilməsi və 73 manat dövlt rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, məhkəmənin hakimi Ələkbər Hüseynova, həmçinin mülki işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına etiraz etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Cavabdeh oğlu X1 Şəhər Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. Ona görə də, hazırki mülki iş üzrə işin obyektivliyinə və qərəzsizliyinə əsaslı şübhələri olduğundan, məhkəmənin hakimi Ələkbər Hüseynova, həmçinin mülki işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına etiraz etmişlər. İşə baxan hakim xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında ayrıca akt şəklində tərtib olunmadan məhkəmə iclası protokoluna yazılmaqla, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəmənin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğluna və Mingəçevir Şəhər Məhkəməsinə edilmiş etiraz məsələsi həll edilməsi üçün etiraz ərizəsinin məhkəmənin sədri Paşayev Nemət Şirkət oğluna verilməsi barədə qərardad qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, etiraz ərizəsi təmin edilməlidir. Hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar və hakimə etiraz edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-in 19-cu maddəsində müəyyən edilmişdir. Etiraz ərizəsində hakimə etiraz edilməsi üçün sözügedilən maddədə göstərilən əsaslar mövcud olmasa da, məhkəmə aşağıdakı səbəblərdən etirazın təmin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iş üzrə Cavabdeh oğlu M.Kərimli Mingəçevir Şəhər Məhkəməsində müqavilə üzrə hakim köməkçisi vəzifəsində işləyir və hakim Ələkbər Hüseynova təhkim edilmişdir. Bu halda ona qarşı olan mülki tələbə hakim Ələkbər Hüseynov tərəfindən baxılması, zahirən işə obyektiv baxılmasını şübhə altına ala bilər. Hakimin işin həllində hər hansı şəkildə marağı olmasa belə, məhkəmənin işçisi barədə mülki işin həllində maraqlı olması görüntüsü yarada bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Konvensiyada “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətində Avropa Məhkəməsi) bir sıra qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Məsələn, «Fay Avstriyaya qarşı» 24 fevral 1993-cü il tarixli qərarın 28-ci bəndində məhkəmə izah etmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin konkret iş üzrə şəxsi mövqeyi əsasında, habelə obyektiv test əsasında, yəni hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlı şübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir. Subyektiv testə gəldikdə, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur. Hazırki işdə obyektiv test tətbiq edilməlidir. Obyektiv testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk növbədə proses iştirakçısında doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qərar çıxararkən proses iştirakçısının mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan odur ki, bu ehtiyatlanmanın obyektiv əsasa söykəndiyi müəyyən edilməlidir. Avropa Məhkəməsi Konvensiyanın bu normasının şərhi ilə bağlı qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Avropa Məhkəməsi Belilos İsveçrəyə qarşı 29 aprel 1988-ci il tarixli qərarın 66-67-ci bəndlərində göstərmişdir ki, hüquq pozuntularının araşdırılması ilə məşğul olan yerli komissiya yeganə üzvdən-işlərə şəxsən baxan polis əməkdaşından ibarət idi. Baxmayaraq ki, o, hər hansı göstərişlərə tabe deyildi, vəzifəsinin icrasına başlayarkən and içmişdi və vəzifəsindən azad edilə bilməzdi. O, bu vəzifəsindən əlavə polis departamentinə qayıdaraq oradakı vəzifələrini də icra etməli idi. Onu öz rəhbərliyinə tabe olan və öz həmkarlarına rəğbət bəsləyən polis əməkdaşı hesab etmək olardı, bu isə məhkəmə orqanına qarşı inam hissinə xələl gətirə bilərdi. Beləliklə, komissiyanın təşkilati qərəzsizliyi barəsində əsaslı şübhələr vardı və o, 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab vermirdi. Məhkəmə Avropa Məhkəməsinin yuxarıda şərh olunan presednt hüququna istinad edərək bu nəticəyə gəlir ki, məhkəmədə hakim köməkçisi vəzifəsində işləyən Məhəmmədziya Kərimlinin valideyninin mülki işinə həmin məhkəmənin hakimi Ələkbər Hüseynov tərəfindən baxılması məhkəmənin zahiri müstəqilliyinə xələl gətirən haldır. Ona görə də məhkəmə araşdırmasının ədalətliliyi baxımından etirazın təmin edilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra mətində MPM-in) 19-cu maddəsində işə baxan hakimə etiraz etmək üçün əsaslar müəyyən edilmişdir. İddiaçılar işin obyektivliyinə şübhə etdiyi üçün, məhkəmə hesab edir ki, etiraz təmin edilməli və iş baxılmaq üçün başqa hakimin icraatına verilməlidir. MPM-in 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi, məhkəmənin sədri tərəfindən həll edilir. MPM-in 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. MPM-in 23.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Beləliklə, məhkəmə etiraz ərizəsini araşdıraraq hesab edir ki, hakimə edilən etiraz təmin edilməli və mülki iş məhkəmənin hakimi Paşayev Nemət Şirkət oğlunun icraatına verilməlidir. MPM-nin 22.6-cı maddəsinə görə etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 19, 22, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, qəraraaldi: Etiraz təmin edilsin. İddiaçılar İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğluna edilmiş etiraz təmin edilsin. Mülki iş baxılmaq üçün məhkəmənin hakimi, Paşayev Nemət Şirkət oğlunun icraatına verilsin. Qərardaddan şikayət verilməsinə yol verilmir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1468/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1468/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver