Məhkəmə qərarları › İş №2(051)-1470/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1470/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1470/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı BOKT “X2” MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı BOKT “X2” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmmədiyə oğluna qarşı kredit borcun ödənilməsi və tutulmanın girov predmetinə yönəldilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı BOKT “X2” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmmədiyə oğluna qarşı kredit borcun ödənilməsi və tutulmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT “X2” MMC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, BOKT “X2” MMC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə, LD********** saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən BOKT “X2” MMC cavabdehə 48 ay müddətində 4436 manat məbləğində kredit vermişdir. Kreditin ödənilməsinin təminatı olaraq BOKT “X2” MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsi ilə bağlı öz öhdəliklərini kredit təşkilatı qarşısında yerinə yetirməmişdir. Əsas kredit borcunun və ona hesablanmış faizlərin vaxtında qaytarılması haqqında kredit təşkilatı tərəfindən dəfələrlə xəbərdarlıqlar göndərilmiş, lakin cavabdeh öz öhdəliklərini yerinə yetirmək üçün heç bir tədbir görməmişdir. Borclu Cavabdeh1 hazırda BOKT “X2” MMC-yə kredit müqaviləsinə əsasən 2095.62 manat məbləğində əsas, 209.56 manat cərimə olmaqla, cəmi 2305.18 manat məbləğində kredit borcu vardır. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixdə girov müqaviləsi bağlanmışdır və həmin müqaviəyə əsasən cavabdeh 401 ABŞ dolları dəyərində, cəkisi 28.7 qram, 583 əyarlıyolka formalı boyunbağı qızıl-zinət əşyasını girov qoymuşdur. BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Cavabdehlərdən 2095.62 manat məbləğində əsas borc, 209.56 manat cərimə olmaqla, cəmi 2305.18 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı BOKT “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, tutmanın girov predmetinə yönədilmənin, Cavabdeh1 məxsus, 401 ABŞ dolları dəyərində, cəkisi 28.7 qram, 583 əyarlı yolka formalı boyunbağı qızılzinət əşyasını açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun və dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, xx.xx.2016-cıil tarixdə BOKT “X2” MMC-dən 48 ay müddətində 4436 manat kredit götürmüşdür. Maddi imkanı olmadığına görə kredit borcunu tam ödəyə bilməmişdir. Maddi imkanını nəzərə alaraq cərimənin azaldılmasını xahiş edir. Ancaq tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsinə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı BOKT «X2» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli LD/********** saylı kredit müqaviləsindən görünür ki, xx.xx.2015-cı il tarixli LD/15330/00262 №li kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə xx.xx.2016-cı il tarixə olan qalıq öhdəliyini restrukturizasiya edir, borc alan isə restrukturizasiya edilmiş yeni öhdəliyi qəbul edir və həmin krediti bu müqavilə ilə müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öz öhdəsinə götürür. Cavabdehin xx.xx.2016-ci il tarixli LD/15330/00262 №li kredit müqaviləsi üzrə götürdüyü kreditin xx.xx.2016-cı il tarixə əsas məbləğ və faiz üzrə cəmi qalığı 4436 manat təşkil edir. Cavabdeh bu məbləği restrukturizasiya olunmuş yeni kredit öhdəliyi kimi qəbul edir. İşdə olan BOKT “X2” MMC Cavabdeh1 arasında bağlanmış LD16321/00056 №li xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsindən görünür ki, 4436 manat kreditin ödənilməsinin təminatı olaraq 5091 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. İşə əlavə edilmiş qızıl və zinət əşyalarının götürülməsi haqqında xx xxx 2014-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh1 məxsus 401 ABŞ dolları dəyərində, cəkisi 28.7 qram, 583 əyarlı yolka formalı boyunbağı qızıl-zinət əşyası kredit təşkilatı tərəfindən təhvil alınmışdır. İşdə olan BOKT «X2» MMC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış LD16321/00056 № li zaminlik müqaviləsindən görünür ki, zamin kredit alanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşdə olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə BOKT «X2» MMC-dən 4299 manat məbləğdə kredit götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildirişdən görünür ki, BOKT «X2» MMC-nin kredit müqavilələri üzrə əldə etdiyi və xx.xx.2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə keçmişdir. İşdə olan maliyyə arayışından görünür ki, BOKT “X2” MMC–yə Cavabdeh1 2095,62 manat məbləğində əsas borc, 209.00 manat cərimə olmaqla, cəmi 2305,18 manat kredit borcu qalmışdır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli və i.a., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda myəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehlər 209.56 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehlər hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə 209.56 manat məbləğində cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, cavabdehin maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 20 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmmədiyə oğlundan 2095,62 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 2115,62 manat tutularaq BOKT “xxxxxxxx” MMC-yə ödənilməli, tutma Cavabdeh1 məxsus olan, girov qoyulmuş qiyməti 401 ABŞ dolları dəyərində, cəkisi 28.7 qram, 583 əyarlı yolka formalı boyunbağı qızıl-zinət əşyasına yönəldilərək, həmin qızıl-zinət əşyası açıq hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına həmin borc ödənilməlidir. Satışdan əldə edilən vəsaitdən borc ödənildikdən sonra qalan vəsait cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərinlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmmədiyə oğlundan 2095,62 (iki min doxsan beş manat altmış iki qəpik) manat məbləğində əsas borc, 20(iyirmi) manat cərimə olmaqla, cəmi 2115,62 (iki min bir yüz on beş) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq BOKT “xxxxxxxx” MMC-yə ödənilsin. Pulun tutulması Cavabdeh1 məxsus olan girov qoyulmuş qiyməti 401 ABŞ dolları dəyərində, cəkisi 28.7 qram, 583 əyarlı yolka formalı boyunbağı qızıl-zinət əşyasına yönəldilsin, həmin qızılzinət əşyası açıq hərracdan satışa çıxarılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 2115,62 (iki min bir yüz on beş manat altmış iki qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutulub iddiaçıya ödənilsin. Satışdan əldə edilən vəsaitdən borc ödənildikdən sonra qalan vəsait cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar