Məhkəmə qərarları › İş №2(051)-1471/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1471/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1471/2024 03.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı: İddiaçı, vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən Cavabdeh 2350 manat borc pulun, 1000 manat ödədiyi bank faizinin, 53 manat dövlət rüsumunun cəmi 3403 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-1471/2024 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qonşusu X1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, o, 2023-cü ilin aprel ayında bankdan 9900 manat kredit pul götürmüşdür. X4 dövrdə ondan xahiş etdi ki, 3000 manat onun tanışı olan Cavabdeh borc pul verdi. Oda qısa müddətə qaytarmaq şərti ilə Cavabdeh Günel Kərimovanın yanında 2023-cü ilin may ayında 3000 manat borc pul verdi. Söz vermişdir ki, borc pulu qısa müddətə qaytaracaqdır. Lakin gördü ki, cavabdeh pulu qaytarmır və ondan pulu tələb etdi. Borcu vermədiyinə görə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinə müraciət etdi. Şəhər polis şöbəsində araşdırma aparılmış və onun ərizəsinə əsasən material işə alınmışdır. Dəfələrlə tələb etsə də Cavabdeh borcu qaytarmamışdır. Onun şikayətindən sonra cavabdeh bir neçə dəfəyə cəmi 650 manat pul qaytarmışdır. 2350 manat borcu qalmışdır ki, həmin pul cavabdehdən alınıb ona verilməlidir. Bankdan götürdüyü 9900 manat kreditə görə hər ay 306 manat bank faizi ödəyir. Bu hesabla Cavabdeh verdiyi 3000 görə banka hər ay 100 manat pul ödəmişdir. 12 ay müddətində 3000 manat görə 1000 manat faiz ödəmişdir. Həmin pulda cavabdehdən alınıb ona verilməlidir. İddiaçı Məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 2350 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı Məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı yazılı etirazına uyğun izahat verərək göstərmişdir ki, İddiaçı ona qarşı pul tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, sözügedən iddiadan etiraz etməklə işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Belə ki, iddiaçı ondan 3403 manat pul tələb 3000 manat pul almamışdır. Özü müəyyən sözləri düz desə də yenə də yanıltma ilə bildirir etsə də sözügedən pulu kimə və nə vaxt verməsi görünmür. Birincisi o, heç vaxt İddiaçı 3000 manat pul almamışdır. Belə ki, müxtəlif vaxtlarda iddiaçıdan xırda-xırda olmaqla ən çox götürdüyü məbləğ 500 manat olmuşdur. 500 manat pulu tanışı Günel xanımın yanında almış və faizi ilə birlikdə qaytarmışdır. Bundan sonra aldığı məbləğlər isə xırda məbləğlər olmuşdur və iddiaçı həmin pulları ona qaytardıqdan sonar və digər məbləği vermişdir. Yəni o, 500 manatı faizi ilə qaytardıqdan sonra iddiaçı ona 100 manat borc vermişdir. Ümumilikdə aldığı və qaytardığı pulların cəmi ən çoxu 1000 manatı keçməmişdir. Onu da indiyə kimi hamısını qaytarmışdır. Lakin iddiaçı həmin məbləğin hamısını deyil cəmi 650 manatının qaytarılmasını etiraf etmişdir. Bütün göstərilənləri və qanunvericiliyin tələblərini əsas gətirməklə bildirmək istəyir ki, iddiaçı öz tələbinin əsasını sübut etməlidir. Lakin iddiaçı ilə onun arasında heç vaxt razılaşma olmamış və o, götürdüyü xırda məbləğləri faizi ilə birlikdə qaytarmışdır. Odur ki, iddia tələbi əsassızdır.. Bu isə inandırıcı deyil. İddia belə olan halda rədd edilməlidir. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı isə iddiaçıdan 1500 manat borc aldığını, həmin borc məbləğindən qaytardığını qalıq isə cəmi 300 manat qaldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ramil onun qonşusudur. Ramil tərəfindən 500 manat onun evində Anara sələm kimi verilmişdir. Sonradan 570 manat Anar tərəfindən Ramilə yenə onun evində qaytarılmışdır. Sonra o, Ramilin evinə gedərək ondan Anara verilən pulun dayandırılmasını xahiş etmişdir. Sonra Ramil ona dedi ki, onlar öz aralarında artıq pul məsələsini həll etmişlər. Məhkəmə iddiaçının, vəkilinin cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhəri Cavabdeh küçəsi ev 1, mənzil 316 ünvanda qeydiyyatdadır. İşdə olan Cavabdeh tərəfindən Mingəçevir şəhər polis şöbəsində verilən izahatdan görünür ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda 500, 300, 200, 100, 50 və sair məbləğlərdə 3500 manat olmaqla borc pul aldığını etiraf etmişdir. Həmin məbləğdən 400 manat qaytarmışdır. İmkanı olduqca ödəyəcəkdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı cavabdehə ilkin olaraq Günel Kərimovanın vasitəçiliyi ilə 500 manat və sonradan iddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 3000 manat pul vermişdir. Cavabdeh isə həmin puldan 650 manatını qaytarmışdır. Lakin cavabdeh iddiaçıdan aldığı puldan 2350 manat pul vəsaitini qaytarmamışdır. İddiaçı bununla bağlı Mingəçevir şəhər polis şöbəsinə şikayət etmiş, tərəflər Mingəçevir şəhər polis şöbəsinə çağırılmış, hər iki tərəfin izahatı alınmış, cavabdeh izahatında həqiqətən də iddiaçıdan müxtəlif məbləğlərdə (500, 300, 200, 100, 50 cəmi 3500 manat) pul vəsaiti aldığını etiraf etmiş, lakin maddi imkanı olmadığı üçün həmin pul borcunu qaytara bilmədiyini, imkanı olduqca borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iclası zamanı cavabdeh, iddiaçıdan 1500 manat borc aldığını, həmin borc məbləğindən qaytardığını, qalıq isə cəmi 300 manat borcu qaldığını, yazılı izahatında isə ən çoxu 1000 manat aldığını və həmin borcu da qaytardığını bildisə də, ümumiyyətlə borcunun qaytarıldığına dair hər hansı sübut təqdim edə bilməmiş və məhkəmə iclasları zamanı ziddiyyətli ifadələr vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 2350 manat məbləğində pulun borc verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan yazılı və şifahi müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını, şifahi müqavilənin isə şəxsin rəftarından məlum olduğunu müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 3000 manat məbləğində pul vermiş, cavabdeh isə həmin pul borcundan cəmi 650 manat qaytarmışdır. Cavabdehin qaytarmalı olduğu 2350 manat məbləğində pul borcu iddiaçıya ödənilməmiş olaraq qalmış və cavabdeh sövdələşməyə əməl etməmiş, pulu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Belə olan halda 2350 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumunun 43,50 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 43,50 (qırx üç manat əlli qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar