Məhkəmə qərarları › İş №2(051)-1485/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1485/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1485/2021 18.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh: Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 2094.18 manat məbləğdə əsas borc, 443.47 manat məbləğdə faiz borcu və 908.59 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 3446.24 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh "xxxx" QSC ilə 20.09.2019-cu il tarixdə 015A********** saylı kredit müqaviləsi bağlayaraq illik 2.0833 % dərəcəsi olmaqla, 36 ay müddətinə 2560 manat məbləğdə kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onun banka 2094.18 manat məbləğdə əsas borc, 443.47 manat məbləğdə faiz borcu və 908.59 manat məbləğdə cərimə borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehdən 2094.18 manat məbləğdə əsas borc, 443.47 manat məbləğdə faiz borcu və 908.59 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 3446.24 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 20 sentyabr 2019cu ildə "xxxx" ASC ilə müqavilə bağlamış və 2560 manat məbləğdə kredit götürmüşdür. İlk vaxtlar götürdüyü krediti ödəniş cədvəlinə uyğun ödəsə də, sonradan ödənişləri gecikdirməyə başlamışdır. Lakin, əlinə pul keçən kimi banka olan borcunu ödəyəcəyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş 20.09.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh "xxxx" QSC ilə müqavilə bağlayaraq 36 ay müddətinə, illik 2.0833 faiz dərəcəsi olmaqla 2560 manat məbləğdə kredit götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş "xxxx" QSC-nin 30.06.2021-ci il tarixli cədvəlindən görünür ki, Cavabdeh "xxxx" QSC-nə 3446.24 manat məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 908.59 manat məbləğdə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2094.18 manat məbləğdə kredit borcu, 443.47 manat məbləğdə faiz borcu və 908.59 manat məbləğdə cərimə olmaqla cəmi 3446.24 manat məbləğdə borc alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub "xxxx" QSC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar