Məhkəmə qərarları › İş №2(051)-1485/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1485/2022

12.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1485/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: X2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı X2 Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X7 Cavabdeh1 qarşı yük daşıma müqaviləsi üzrə öhdəliyə düzgün əməl edilməməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən maddi zərərin əvəzi olaraq 21365 manat məbləğində pulun, iddianın qaldırılması üçün vəkilə ödənilmiş hüquqi xidmət haqqı olaraq 1100 manat pulun və 156 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının ərizəsi əsasında Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı tərəf iddia tələbini belə əsaslandırmışdır ki, həmyerlilərinə xurma meyvələrini nisyə olaraq topladıb Rusiya Federasiyasının Çelyabinsk şəhərinə daşınması ilə əlaqədar Cavabdeh1 sürücü-ekspeditor kimi tanımışdır, əvvəllər aralarında heç bir narazılıq və düşmənçilik olmamışdır. Belə ki, hər il olduğu kimi 2021-ci ilin payızında da həmyerliləri, Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakinləri: X3, X4 və X8 cəmi 2020 ədəd yeşik, ümumi çəkisi 20500 kq xurma meyvəsini yığdırıb soyuducuda saxlatmış, 2022-ci ilin yanvar ayında isə həmin meyvənin satılması məqsədilə Azərbaycan Respublikasının Şəmkir rayonundan Rusiya Federasiyasının Çelyabinsk şəhərinə daşınması üçün yaxın qohumu olan, Şəmkir rayonunun Seyfəli kənd sakini X12 ilə telefon əlaqəsi saxlamışdır. Şahin Məmmədov yük maşınlarının dispetçer məntəqəsi ilə özünə məxsus olan ***-******* nömrəli mobil telefonu ilə əlaqə saxlayaraq meyvələrin Azərbaycan Respublikasının Şəmkir rayonundan Rusiya Federasiyasının Çelyabinsk şəhərinə daşınması üçün iri həcmli yük maşını lazım olmasını sifariş etmiş, dispetçer də ümumi qəbul edilmiş qaydalara əsasən, həmin sifarişi dispetçer məntəqəsi ilə əlaqədə olan yük maşınlarının sürücü-ekspeditorlarına bildirmiş, nəticədə Cavabdeh1 həmin yükü Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Cavabdeh2 məxsus, lakin aralarında olan kirayə müqaviləsi əsasında özünün istifadəsində olan ** OZ *** dövlət qeydiyyat nişanlı, VOLVO FH YÜK markalı yəhərli dartıcı, yük avtomaşını ilə Şəmkir şəhərinə gələrək Şahin Məmmədovla telefon əlaqəsi saxlayıb görüşmüş, daşınacaq 20500 kq xurma meyvəsindən ibarət həmin yükü 4300 ABŞ dolları məbləğində daşıma haqqı müqabilində Azərbaycandan Çelyabinsk şəhərinə daşıyacağını, bu zaman idarə etdiyi avtomaşınla daşıyacağı meyvənin təhlükəsizliyinə və satış üçün yararlı vəziyyətdə daşınacağına özünün tam cavabdeh olmasını bildirmişdir. Bu şərtlərlə malının daşınacağı barədə onunla da telefon əlaqəsi saxlanandan sonra cavabdehlə aralarındakı şifahi razılaşma əsasında Cavabdeh1 idarə etdiyi VOLVO FH YÜK markalı yəhərli dartıcı, 90-0Z-736 dövlət qeydiyyat nişanlı yük avtomaşınına həmyerlilərindən nisyə olaraq aldığı, cəmi 2020 yeşik olmaqla, ümumi çəkisi 20500 kq xurma meyvəsini Şəmkir rayonun Aşağı Seyfəli kəndinin ərazisində yerləşən soyuducudan yük avtomaşınına yığdırıb xx.xx.2021-ci il tarixdə Azərbaycandan Çelyabinsk şəhərinə yola düşmüş, xx.xx.2022-ci il tarixdə Çelyabinsk şəhər bazarına çatmışdır. Həmin vaxt o, işi ilə əlaqədar Moskva şəhərində olduğuna görə oğlu Fərhad İsgəndərov və bazarda onunla şərik işləyən yoldaşları yük maşınının arxasını açıb daşınan xurmanın vəziyyətinə baxdıqda məlum olmuşdur ki, cavabdehin avtomaşınında daşıyıb gətirdiyi, ona məxsus xurma donub açılması nəticəsində boşalmış, satış keyfiyyətini itirmişdir. O, Moskva şəhərindəki işini yarımçıq qoyaraq xx.xx.2022-ci il tarixdə Moskvadan Çelyabinskə qayıdıb maşındakı xurma meyvəsinə baxış keçirdikdə meyvənin yenidən tamam donmuş olması faktı müəyyən edildi, ona görə bu barədə akt tərtib edildi. Eyni zamanda göndərilən meyvənin keyfiyyəti barədə avtomaşının sahibi olan Cavabdeh2 də telefonla səs göndərmişdir. Yük avtomaşının sahibi Cavabdeh2lə telefon əlaqəsi saxladıqda, o, səmimi etiraf edərək həmin malların donmasına səbəb özünə məxsus avtomaşının soyuducusunun normal işləməməsindən, həmçinin cavabdeh sürücüekspeditor Cavabdeh1 təqsirindən olmasını bildirmişdir. Nəticədə, Cavabdeh2 ona vurulmuş maddi zərərin, yəni daşınması cavabdehə həvalə edilmiş 20500 kq xurma meyvəsinin bazara çatdırılanadək çəkmiş olduğu xərcin ödəniləcəyinə söz vermiş, həmin meyvənin bazarda satılaraq əldə ediləcək, ehtimal olunan bəhərini tələb etməməsini ondan xahiş etmişdir. Cavabdeh2 ona vurulmuş zərərin əvəzini həmin vaxt nağd pulunun olmaması səbəbindən ödəyə bilmədiyinə görə, özünə və yaxın qohumuna məxsus minik avtomaşınlarını girov qoyaraq ona ödəməli olduğu pulu ödəməsini gözləməyini təklif etmişdir. O da razılaşmış, ancaq həmin girov əməliyyatını notariat qaydasında təsdiq etdirməli olmasını təklif etdikdə isə razılaşmamışdır. Ona görə mal satdığı Çelyabinsk bazarının direktoruna hadisə barədə məlumat verdikdə, direktor bu barədə həmin ərazinin polis İdarəsinə rəsmi ərizə ilə şikayət edə biləcəyini bildirmişdir. Nəticədə, verdiyi şikayət araşdırılaraq sürücünün əməlində cinayət və inzibati xətanın tərkibinin olmamasına görə ona vurulmuş ziyan tələbi ilə ayrıca məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Ona görə də sürücü-ekspeditor kimi çıxış edən cavabdehə qarşı aralarında bağlanmış şifahi daşıma müqaviləsi üzrə üzərinə düşən öhdəliyə tam əməl etməməsi nəticəsində ona vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmalı olmuşdur. O həmin meyvənin keyfiyyətli halda bazara çatdırılaraq satılıb əldə edəcəyi bəhərin tələbini deyil, yalnız bazara çatdırılanadək çəkilmiş zəruri xərc olan 21365 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsini tələb edir. Xurma meyvəsinin topdan alınmasına və soyuducuda saxlanması üçün hər yeşik xurmaya ümumilikdə 8,50 manat pul xərclənmişdir ki, ümumi məbləğ 17170 manatdır. Malın gömrük rüsumu olaraq 1950 ABŞ dollarının AZN-nə nisbəti 3315 manat, sürücüyə ilkin olaraq ödənilmiş 40000 rublun AZN-ə nisbəti 880 manat olmaqla, ona cəmi 21365 manat məbləğində maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehdən maddi zərərin əvəzi olaraq 21365 manat məbləğində pulun, iddianın qaldırılması üçün vəkilə ödənilmiş hüquqi xidmət haqqı olaraq 1100 manat pulun və 156 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi olaraq 21365 manat məbləğində pulun, iddianın qaldırılması üçün vəkilə ödənilmiş hüquqi xidmət haqqı olaraq 1100 manat pulun və 156 manat dövlət rüsumunun alınıb iddiaçı X5 verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etmədi, həmçinin iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, o, 2022-ci il yanvar ayının 21-də Şəmkir şəhəri, Seyfəli kəndindən soyuducudan tanımadığı şəxslərdən 2020 yeşik xurma məhsulunu Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Cavabdeh2 məxsus, lakin aralarında olan kirayə müqaviləsi əsasında onun istifadəsində olan ** OZ *** dövlət qeydiyyat nişanlı, VOLVO FH YÜK markalı yəhərli dartıcı, yük avtomaşınına yığmışdır. Ona deyilmişdir ki, soyuducunu (-1) dərəcəyə qoysun. O da o cür etmişdir. Azərbaycan ərazisində Nəvai postu adlanan yerdə yanacaq doldurma məntəqəsində maşın işləməmiş, usta gəldikdən sonra maşın işə düşmüşdür. O bu barədə Zahirə (red.Cavabdeh2 nəzərdə tutur, onu öz aralarında “Zahir” adı ilə çağırmışdır) məlumat vermişdir. Zahir dedikdən sonra Bakıya getmiş, orada maşın düzəldilmişdir. Həmçinin soyuducunun yaxşı işləmədiyi barədə orada məlumat vermişdir. Zahir isə soyuducunun təzə düzəldildiyini və problemi olmadığını demişdir. Özləri soyuducunu (-1) dərəcəyə qoydular. Sonra Xaçmazda bir gün qaldıqdan sonra soyuducu düzgün işləmədi. Bu barədə yenidən Zahiri məlumatlandırmışdır. Meyvələrin ayrı maşına yığılması ilə bağlı təklif versə də, problem olduğu təqdirdə ustaya gedib göstərməyini söyləmişdir. Sərhədi keçdikdən sonra meyvələrə baxdıqda bir neçə sürücü ilə birgə birinci malın boşaldığını görmüşlər, soyuducudan çıxma mal olduğunu, ona görə qorxusunun olmadığını bildirmişlər. Bütün bunlar barədə Zahirə görüntülü məlumat vermişdir. Sonra temperaturun-2,5 dərəcəyə qalxdığını görmüşdür. Zahirə bildirəndə ustaya göstərməsini demişdir. O isə Volqaqrad şəhərinə kimi usta tapa bilməmişdir. Usta tapdıqdan sonra maşın təmir edilmişdir. Usta maşını düzəldəndən sonra soyuducu 1 saat belə sönməyib. Volqaqrada kimi soyuducunu əl ilə işlətmiş, söndürübyandırmışdır ki, mal donmasın. Bunların hamısından Zahirin xəbəri olub. Yanvar ayının 29-u səhər 06:00-da Çelyabinsk şəhərinə çatmışdır. İddiaçının oğlu Fərhad mallara baxdıqda malları istəmədiyini bildirmişdiur. Fevralın 1-i günü Teymuraz gəlmişdir. Malı açdılar ki, mal tamam donub. Soyuducu -1 göstərsə də , içərisi -6,5 dərəcədir. Ondan sonra Zahirlə Teymuraz öz aralarında telefon vasitəsilə razılaşdılar. Onlar nə danışıblarsa, onun xəbəri olmamışdır. O, geri gələndə bilmişdir ki, mal niyə donmuşdur. Orada görmüş ki, içəri su buraxır. Zahirə dedikdə bunu bildiyini demişdir. Qeyd edilənlərə əsasən, iddianın ona aid olan hissədə rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə Cavabdeh1 məhkəməyə ərizə göndərərək, İddia tələbini qəbul etməmiş, həmçinin göstərmişdir ki, tələbdə müqavilə üzrə öhdəliklərdən söhbət getsə də, onunla iddiaçı arasında müqavilə olmamışdır. Mülki Məcəllənin 2-ci fəslində göstərilən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənəd (qaimə) mövcud deyil. Bundan əlavə sözügedən iddiaçı ilə onun heç bir əlaqəsi olmamış və o, onunla razılaşmamışdır. Bundan əlavə iş materiallarında mal maşına yüklənən zaman malın keyfiyyət göstəriciləri barədə heç bir sənəd təqdim olunmamışdır. Sözügedən hallara dair onun sübutları var və o, yükdaşımaya görə ödənişləri tələb etmək istəyir. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh2 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 vəsatəti təmin edilməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, iddiaçını tanıyır, hər il onun vasitəsi ilə Rusiya Federasiyasına satmaq üçün xurma göndərir və xurma satıldıqdan sonra iddiaçı pulunu göndərir. Ondan başqa Vəli və Lilpar adlı digər həmyerliləri də mal göndərmişlər. Şahin adlı şəxs isə xurmaları göndərmək üçün maşın tapmışdır. Cavabdeh1 isə bu dəfə görmüş, o onun maşınına 400 yeşik xurma yığmış, lakin maşının soyuducusu yaxşı işləmədiyindən mal xarab olmuşdur. Bu səbəbdən iddiaçı pulunu tam ödəyə bilməmiş, yalnız 1500 manatını ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan qaimədən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə daşıyıcı şirkət “JETLOG” LLC vasitəsilə dəyəri 20.500 manat, çəkisi 16.800 kq olan 2020 yeşik xurma məhsulunu ** OZ *** dövlət nömrə nişanlı yəhərli dartıcı avtomaşınla Rusiyaya göndərmişdir. İşdə olan Şəmkir Rayon Statistika İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 2021-ci ilin payız mövsümündə Ailə kəndli və fermer təsərrüfatlarında yetişdirilən şişburun xurmanın 1 kq-nın topdan satış qiyməti 0,60 manat və 0,70 manata satılmışdır. Bu da 10 kq çəkisi olan qablaşdırılmış kütlənin 6-7 manat aralığında satıldığını göstərir. İşdə olan “JETLOG” şirkətinin direktoru X9 ilə Cavabdeh1 arasında bağlanmış sürücü-ekspeditor vəzifələrinin yerinə yetirilməsi üçün xx.xx.2022-ci il tarixli, 03 saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 “JETLOG” şirkətinə sürücü-ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, “JETLOG” şirkəti 99OZ736 dövlət qeydiyyat nişanlı, VOLVO FH markalı avtomaşını Cavabdeh1 sürmək üçün etibar etmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 99OZ736 dövlət qeydiyyat nişanlı, VOLVO FH YÜK markalı yəhərli dartıcı avtomaşının sahibi Cavabdeh2dur. İşdə olan inzibati xəta haqqında işin başlanmasından imtina edilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X2 20,5 ton xurma meyvəsinin yük maşını ilə daşınması nəticəsində meyvələrin xarab olması haqqında məlumatına əsasən Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsi və 24.5-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən Vəkil hesabına 1100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən ziyanın cavabdehlərin təqsirli hərəkəti nəticəsində vurulması faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakinlərindən nisyə aldığı cəmi 2020 yeşik, ümumi çəkisi 20500 kq xurma meyvəsinin satılması məqsədilə 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Şəmkir rayonundan Rusiya Federasiyasının Çelyabinsk şəhərinə daşınması üçün yaxın qohumu olan Şəmkir rayonunun Seyfəli kənd sakini X1 etdiyi yük maşını vasitəsilə daşınarkən meyvələri xarab olmuşdur. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu hər iki tərəfin izahatları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçı Cavabdeh1 ilə aralarında olan razılaşmaya zidd olaraq daşınan yükə ziyan vurulması ilə əlaqədar olaraq ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı 21365 manat məbləğində pulun, iddianın qaldırılması üçün vəkilə ödənilmiş hüquqi xidmət haqqı olaraq 1100 manat pulun və ödənilmiş 156 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair tələb irəli sürmüşdür. Cavabdeh1 isə avtomaşının soyuducusunun yaxşı işləməməsinin və bunun nəticəsində meyvələrin xarab olmasına görə özünün təqsiri olmadığını bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yük daşınması müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində digər tərəfə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yük daşınması müqaviləsini və mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsində göstərilir ki, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 851-ci maddəsində göstərilir ki, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Məhkəmə mübahisənin qanunamüvafiq qaydada həlli məqsədilə şifahi formada bağlanmış yük daşınması müqaviləsinin tərəflərinin müəyyən edilməsinin zəruriliyinə əsasən qeyd edir ki, iddiaçının yaxın qohumu X12 yük göndərən, daşıyıcı istifadə hüququ ilə nəqliyyat vasitəsinə malik olan Cavabdeh1, yük alan isə iddiaçı X6r. Belə olan halda məhkəmə hesab edir ki, daşıyıcı kimi Cavabdeh1 daşınan yükün tam, təhlükəsiz və verilmiş keyfiyyətdə daşınmasına cavabdeh olmuşdur, buna görə də yükün xarab olması ilə bağlı məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 858.3-cü maddəsinə əsasən daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda, o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə, həmçinin cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 məsuliyyəti ilə bağlı qeyd edir ki, Cavabdeh2 nəqliyyat vasitəsinin mülkiyyətçisi olduğuna görə həmin avtomaşının soyuducusunda olan nasazlıq nəticəsində iddiaçıya məxsus meyvələrin xarab olmasına görə məsuliyyəti vardır. Belə ki, o, daşıyıcının istifadəsinə verilmiş avtomaşının mülkiyyətçisi kimi həmin avtomaşının saz vəziyyətdə olmasına görə cavabdehlik daşıyır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 yüksək təhlükə mənbəyi olan avtomobilin mülkiyyətçisi kimi onu digər cavabdehin qanuni istifadəsinə vermiş və onun fəaliyyəti nəticəsində gəlir əldə etmişdir. Bununla belə o, nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi onun saz vəziyyətdə saxlanması və tez xarab olan məhsulların daşınması üçün zəruri olan tələblərə əməl etməmiş, yəni avtomaşının soyuducusunun normal işləmədiyini bildiyi halda, onunla yük daşınmasına razılıq vermişdir. Nəticədə, iddiaçıya maddi zərər dəymişdir. Yüksək təhlükə mənbəyi hesab edilən avtomobil sahibi olan Cavabdeh2 məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi avtomobilin soyuducu hissəsinin işləməməsi ilə bağlı yaranan təhlükəliliyi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdehlər tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehlərin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə vardır. Sadalanan hüquq normaları iddiaçıya dəymiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və X5 vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Məhkəmə hesab edir ki, iddiaçı 16.800 kq. 2020 yeşik xurma məhsulunu ayrı-ayrı fiziki şəxslərdən toplayarkən, 17170 manat vəsait xərcləmiş, həmçinin həmin məhsulu Rusiya Federasiyasının Çelyabinski şəhərinə göndərilməsi üçün ilkin olaraq sürücüyə (Cavabdeh1) 880 manat, gömrük rüsumu olaraq 3315 manat pul ödəmiş, lakin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus həmin xurma məhsulu tam şəkildə yarasız vəziyyətə düşmüşdür. Göründüyü kimi iddiaçı 21365 manat maddi zərərə məruz qalmışdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehlər yük daşınması müqaviləsinin şərtlərini pozaraq, iddiaçıya 21365 manat məbləğində ziyan vurmaqla onu əlverişsiz vəziyyətə salmışdır. Ona görə də iddiaçı pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək üçün pullu hüquqi yardım alaraq 1100 manat qonarar, habelə məhkəmədə iddia qaldırmaq üçün 156 manat dövlət rüsumu ödəmişdir. Bu hallar cavabdehlərin öhdəliyini lazımi qaydada icra etməməsi nəticəsində yaranmış və iddiaçıya maddi zərər dəymişdir. Həmin zərərin yaranması ilə cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqə olduğuna görə iddiaçıya dəymiş həmin zərər də cavabdehlər tərəfindən ödənilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Vəkil hüquqi xidmət göstərməsinə görə Şəmkir rayon Vəkil Bürosunun xəzinə hesabına 1100 manat pul ödəmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Vəkillər X11 tərəfindən təsdiq edilmiş, xx.xx.2022–ci il tarixli ******* nömrəli Orderdən də görünür ki, iddiaçı X7 ilə Şəmkir rayon Vəkil Bürosunun vəkili Vəkil arasında pul tələbinə dair mülki iş üzrə tapşırığın Mingəçevir Şəhər Məhkəməsində yerinə yetirilməsi üçün müqavilə bağlanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci tarixli mədaxil qəbzi ilə təsdiq edilir ki, X7 məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə 156 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442–ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM–in 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən müştərək qaydada dəymiş maddi zərərə görə 21365 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddianın qaldırılması üçün vəkilə hüquqi xidmət haqqı olaraq ödənilmiş 1100 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəmədə iddia qaldırarkən dövlət rüsumu kimi ödədiyi 156 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21365 (iyirmi bir min üç yüz altmış beş) manat məbləğində pul alınıb iddiaçı X5 verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hüquqi yardıma görə 1100 (bir min bir yüz) manat pul alınıb iddiaçı X5 verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 156 (bir yüz əlli altı) manat pul alınıb iddiaçı X5 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar