Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1489/2023 11.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş Ramil və xx.xx.2013-cü il tarixdə doğulmuş Sübhan adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəllər Mingəçevir şəhər məhkəməsinin 2(051)-3230/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (altı yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə nikahlarını 03 oktyabr 2009-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə Ramil və xx.xx.2013-cü il tarixdə Sübhan adlı uşaqları doğulmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin ailədə yaranmış söz-söhbətlər nəticəsində 2017-ci ildən faktiki olaraq ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaqlar onun yanında qalır. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir kömək göstərmir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-3230/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Ramil və xx.xx.2013-cü il təvəllüdlü Sübhan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin Cavabdeh qətnamə ilə müəyyən olunmuş alimenti belə tam vaxtında ödəmir. O, cavabdehin maddi imkansızlığını nəzərə alaraq müəyyən müddət alimentin miqdarının artırılması ilə bağlı iddia qaldırmasa da, cavabdeh onun xoş niyyətindən sui-istifadə etmişdir. Göstərilən miqdarda aliment uşaqların saxlanılması üçün yetərli deyil. Uşaqların saxlanmasında çətinlik çəkir. Uşaqlara tək baxır. Cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik göstərmir. Təyin olunmuş aliment uşaqların gündəlik xərclərini belə qarşılamır. Cavabdehin uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Belə ki, cavabdeh hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və kifayət qədər qazancı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, iddiaçı ilə nikahlarını 03 oktyabr 2009-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə Ramil və xx.xx.2013-cü il tarixdə Sübhan adlı uşaqları doğulmuşdur. Ailədə yaranmış söz-söhbətlər nəticəsində 2017-ci ildən faktiki olaraq ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Ramil və xx.xx.2013-cü il təvəllüdlü Sübhan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay, hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddia tələbi ilə razı deyil. Belə ki, hal-hazırda işləmir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti ödəyə bilmədiyinə görə də aliment borcu yaranmışdır. Həmin aliment borcu çoxdur və onun iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Ramil və xx.xx.2013-cü il tarixdə Sübhan adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-3230/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Arif oğlundan 23 may 2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada “Cavadova” soyadı verilmişdir. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 21075/3-16 saylı arayışdan görünür kİ, Cavabdeh xx.xx.2023-cü il tarixədək 14000 manat aliment borcu yaranmışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sisstemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh aktiv Taksi Obyektinə malik olan sahibkardır və xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və onun adına ********** nömrəli VÖEN verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Ramil və xx.xx.2013-cü il tarixdə Sübhan adlı uşaqları doğulmuşdur. Əvvəllər münasibətləri normal olmuş, lakin ailədə yaranmış söz-söhbətlər nəticəsində 2017-ci ildən faktiki olaraq ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 2(051)-3230/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Arif oğlundan 23 may 2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Cavabdeh isə qətnamə ilə təyin edilmiş alimenti ödəyə bilmədiyinə görə də aliment borcu yarandığına görə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, uşaqlar iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2023–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, onda ödənilən hər iki uşaq üçün ümumilikdə 200 manat aliment məbləği uşaqların əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Hansı ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan aktiv vergi ödəyicisidir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin artırılması ilə iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşaqların üstün mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaqlar üçün ödənilən alimentin miqdarı, onlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşaqlara təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay cavabdehdən hər iki uşaq üçün ümumilikdə 200 manat alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi uşaqları saxlamaq hər iki valideynin borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etdiyindən və 50 manat mediyasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölünməli və ilkin mediasiya xərci olan 50 manat məbləğində pulun 25 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, ilkin Mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin məhkəmə xərclərinə aid olan dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı qeyd edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 112.1.3-cü maddəsinə əsasən dövlət rüsumunun məbləği aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehdən bir il ərzində 2 uşağa görə tutulmalı olan alimentin məbləği hər ay 320 manat olmaqla, cəmi 3840 manat olduğundan, həmin məbləğdə tutulmalı olan dövlət rüsumunun miqdarı 58.4 (əlli səkkiz manat qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MPM–in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 58.4 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il tarixdə doğulmuş Ramil və xx.xx.2013-cü il tarixdə doğulmuş Sübhan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir şəhər məhkəməsinin 2(051)- 3230/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər uşaq üçün hər ay 160 (yüz altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində rüsumun yarısı cavabdehə aid edilsin. Cavabdeh 25 (iyirmi beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 58.4 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1489/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1489/2023
11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver