Məhkəmə qərarları › İş №2(051)-1495/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1495/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1495/2025 25.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul və pulun dəyərinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 12.367,89 ABŞ dolları əsas borc, 1.483,52 ABŞ dolları faiz, 148,46 ABŞ dolları cərimə olmaqla, cəmi 13.999,87 ABŞ dolları borcun, 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki ** DE *** dövlət qeydiyyat nişanlı, boz rəngli, MG 350 minik markalı avtomobilə yönəldilməklə, həmin avtomobilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə 19 dekabr 2014-cü il tarixdə cavabdehlər məhkəmə iclasına gəlmədiyinə görə iddiaçı tərəfin ərizəsi əsasında cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmış və məhkəmənin 19 dekabr 2014-cü il tarixli 2(051)-2131/2014 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən qeyd olunan qiyabi qətnaməni ləğv etməsini və işin icraatının təzələnməsini xahiş etmişdir. Məhkəmənin 21 iyun 2025–ci il tarixli 2(051)-1495/2025 saylı qərardadı ilə İddiaçı ASCnin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli 2(051)-2131/2014 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 əsl cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh5 ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli 700/A-12 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 illik 19 faiz dərəcəsi ilə 48 ay müddətində 15.997 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan boz rəngli, MG 350 minik markalı avtomobil 11 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsi əsasında banka girov qoyulmuşdur. Həmçinin Cavabdeh1 ilə 11 oktyabr 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2014-cü il avqustun 04-dək banka olan borc 12.367,89 ABŞ dolları əsas borc, 1.483,52 ABŞ dolları faiz, 148,46 ABŞ dolları cərimə olmaqla, cəmi 13.999,87 ABŞ dolları təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən boyun qaçırılmışdır. Girov (ipoteka) predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, onunla İddiaçı ASC arasında yalnız zaminlik müqaviləsi mövcud olmuş, digər cavabdeh tərəfindən götürülmüş məbləğlə hər hansı bir əlaqəsi olmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2131/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinin mövcudluğundan xəbər tutduqdan sonra bu barədə Cavabdeh2 ilə əlaqə saxlayıb məlumat almaq istəmiş, lakin onun vəfat etdiyini öyrənmişdir. xx.xx.2014-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə, ümumiyyətlə bu iş üzrə təyin edilmiş hər hansı bir iclas barədə onun xəbəri olmamışdır. Ona məhkəmənin çağırış vərəqəsi göndərilməyib. Ona görə də məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişdir. Hesab etmişdir ki, hazırkı vaxta qədər kredit ödənilmiş, çünki kreditin təminatı kimi avtomobil girov qoyulmuşdur. Lakin bu vaxta qədər ona bu barədə məlumat verilməmiş, hətta o, bir neçə dəfə öz adına kredit də götürmüşdür. Onda da ona borclu olması deyilməmişdir. Ona görə də onun qiyabi qətnamədən məlumatı olmamış, həmçinin icra mərhələsi müddətinə də onlara işlə bağlı hər hansı bir məlumat verilməmiş, bu ilin may ayının ortalarında Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən gələn smsdən sonra həmin şöbəyə yaxınlamışdır. Binəqədi Rayon İcra və Probasiya Şöbəsi qətnamənin surətinin X4 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda olması və ora müraciət etməyini tövsiyyə etdiyi üçün həmin şöbə ilə əlaqə saxlamış və oradan ona xx.xx.2025-ci il tarixdə həmin qətnamənin məzmunu barədə məlumat vermişlər. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2131/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinin varlığı barədə yalnız bundan sonra xəbər tutmuşdur. Ona görə də qiyabi qətnamədən şikayət vermişdir. Odur ki, məhkəmədən ona münasibətdə iddianın rədd edilməsini xahiş edir. Cavabdeh3 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, mərhum Cavabdeh2 əri olub. Ölümündən çox illər əvvəl faktiki olaraq ayrılmışlar. Belə ki, mərhum qazanc əldə etmək üçün yaşadıqları evi satıb işə düzəlmək adı ilə Bakı şəhərinə getmiş, lakin işi alınmadığı üçün avtomaşın almış və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan mərhumun deməsinə görə avtomaşının üstünə ağac qırılıb düşüb və bu səbəbdən həmin avtomaşını qəzalı vəziyyətində olduğundan avtomaşın duracağına yerləşdirmişdir. Nə avtomaşın görmüş, nə də kredit götürməsindən məlumatı olmuşdur. Cavabdeh2 mənzili satdıqdan sonra o, övladları ilə birlikdə anası evində yaşamışdır. Cavabdeh2 başqa qadınla yaşayırdı, elə onun evində də vəfat etmişdir. Cavabdeh2 uşaqların saxlanması üçün aliment ödəmək istəmədiyinə görə nikahın pozulmasına razılıq verməmişdir. Avtomaşını Bakı şəhərində hansı avtomaşın duracağında yerləşdirdiyini bilməmişdir. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh5 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, iddianı qəbul etmir. Həmin dövrdə azyaşlı olmuşdur, anasının göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasını iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli 700/A-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 19 faiz dərəcəsi ilə 48 ay müddətində 15.997 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan 11 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekanın predmeti Cavabdeh2 məxsus olan boz rəngli, MG 350 minik markalı avtomobildir. İpotekanın predmeti 15700 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 2014-cü il avqustun 04-dək banka olan borc 12.367,89 ABŞ dolları əsas borc, 1.483,52 ABŞ dolları faiz, 148,46 ABŞ dolları cərimə olmaqla, cəmi 13.999,87 ABŞ dolları təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2014-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə cari faiz borcu 698.0 ABŞ dolları göstərilməklə cədvəl üzrə yaranmış 1421.5 ABŞ dolları məbləğində borcu xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 11 oktyabr 2012-ci il tarixli Çıxarışdan görünür ki, 11 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən MG 350 minik markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan şəxs kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti Binəqədi filialı göstərilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MG 350 minik markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi kimi Cavabdeh2 göstərilmişdir. İşdə olan iddiaçı bank tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə ünvanlanmış xx.xx.2014–cü il tarixli bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, bank ipoteka haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İşdə olan iddiaçı bank tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2014–cü il tarixli bildirişdən görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmədiyini əsas gətirərək ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında xəbərdarlıq etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, MG 350 markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən Cavabdeh2 adında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh2 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamış və hər hansı əmlaka qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh2 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2025-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Arvadı: Cavabdeh3 (xx.xx.1973) Qızı: X1 (xx.xx.1995) Qızı: Cavabdeh5 (xx.xx.2007) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 1 sentyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 hazırda mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosu tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, Büronun informasiya sistemində axtarış zamanı “MG 350" markalı, 99DE201 dövlət qeydiyyat nişanlı və BAN nömrəsi LSJA16E31CG001319 olan nəqliyyat vasitəsinə aid "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş PXA********** nömrəli sığorta şəhadətnaməsinin xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə qüvvədə olduğu aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş Yevlax RQİ və TBŞ tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, MG-350 markalı 99DE201 dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya düşdüyü tarix və yerləşdirildiyi dayanacaq barədə məlumatlar DİN-in mərkəzi informasiya sistemində mövcud deyil. Qeyd olunan faktlara dair məlumatların öyrənilməsi üçün aidiyyəti rayon üzrə X3 X5 müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, “MG 350" markalı, 99DE201 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə aid heç bir sığorta hadisəsi qeydə alınmamışdır və "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirilməmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli 700/A-12 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 illik 19 faiz dərəcəsi ilə 48 ay müddətində 15.997 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 adında qeydiyyatda olan boz rəngli, MG 350 minik markalı 99DE201 dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 15700 manat dəyərində qiymətləndirilmişdir. Eyni zamanda Cavabdeh1 ilə 11 oktyabr 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə borcun ödənilməsinə dair xx.xx.2014-cü il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və ondan MG 350 minik markalı 99DE201 dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş ailə tərkibi haqqında arayışa əsasən Cavabdeh2 birinci növbəli qanun üzrə vərəsələri, arvadı Cavabdeh3, qızları X1 və Cavabdeh5 olduğu aşkar edilmişdir. Vərəsələr tərəfindən miras əmlaka dair vərəsəlik şəhadətnamələri alınmamış, həmçinin qanunda nəzərdə tutulmuş qaydada mirasdan imtina da edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icra tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan, yəni hüquq varisliyinə yol verən əmlak xarakterli öhdəliklər olduğuna görə kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Bununla belə vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarını 2-ci bəndinə əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Həmin Qərarın 3-cü bəndinə əsasən vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə hesab edir ki, əsas borclu mərhum Cavabdeh2 birinci növbəli qanun üzrə vərəsələrinin mirası qəbul etməmələri, onları miras qoyanın kreditoru qarşısında mülki məsuliyyət daşımasını istisna etmir. Belə ki, vərəsə miras açıldıqdan sonra qanunda müəyyən edilmiş müddətlər ərzində vərəsə mirasdan imtina etməmişsə, o mirasdan pay almaq hüququnu özündə saxlamışdır. Belə olan halda onun gələcəkdə miras əmlakdan öz payını almaq imkanı qalmışdır. Ona görə də vərəsə miras qoyanın kreditorları qarşısında zaminlə bərabər mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2023-cü il tarixli qərarında bir daha qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Məhkəmə hesab edir ki, faiz məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli xəbərdarlıq məktubuna əsasən 698.0 ABŞ dolları məbləğində pul alınıb iddiaçıya verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləği iddiaçının tələb etdiyi məbləğdə deyil, 698.0 ABŞ dolları məbləğində əsaslıdır. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı bank gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmədiyinə görə işə verilmiş iddia tələbi həddində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada yalnız 12.367,89 ABŞ dolları əsas, 698.0 ABŞ dolları faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, 7 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 7 ABŞ dolları məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 12.367,89 ABŞ dolları əsas, 698.0 ABŞ dolları faiz borcu və 7 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13072,89 ABŞ dolları məbləğində pul alınıb iddiaçı banka verilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasını 90 təqvim günü və daha çox müddətə gecikdirdikdə, həmçinin ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərti baş verdikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 11 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus olan boz rəngli, MG 350 minik markalı 99DE201 dövlət qeydiyyat nişanlı avtomobil kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, bankın ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın borc tələbi Cavabdeh2 adında qeydiyyatda olan boz rəngli, MG 350 minik markalı 99DE201 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması yolu ilə həyata keçirilməlidir. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, 11 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekanın predmetinin likvid dəyəri tərəflərin qarşılıqlı razılaşmasına əsasən 15700 manat müəyyən edilmişdir. Belə olan halda ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 15700 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 12.367,89 ABŞ dolları əsas, 698.0 ABŞ dolları faiz borcu və 7 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13072,89 ABŞ dolları pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçıya verilməlidir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı banka verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 12.367,89 (on iki min üç yüz altmış yeddi ABŞ dolları səksən doqquz sent) ABŞ dolları əsas kredit borcu, 698.0 (altı yüz doxsan səkkiz) ABŞ dolları faiz borcu və 7 (yeddi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13072,89 (on üç min yetmiş iki ABŞ dolları səksən doqquz sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı X4 İddiaçı ASC-yə verilsin. Tələb, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 11 oktyabr 2012-ci il tarixli Çıxarış əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 adında qeydiyyatda olan ** DE *** dövlət qeydiyyat nişanlı, MG 350 minik markalı avtomobilə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 15700 (on beş min yeddi yüz) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 13072,89 (on üç min yetmiş iki ABŞ dolları səksən doqquz sent) ABŞ dolları məbləğində pul alınıb iddiaçı X4 İddiaçı ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb iddiaçı X4 İddiaçı ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar