Məhkəmə qərarları › İş №2(051)-15/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-15/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-15/2022 13.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Quliyeva (Səmədova) Elnurə Eldar qızının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Quliyeva (Səmədova) Elnurə Eldar qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quliyeva (Səmədova) Elnurə Eldar qızına qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3994 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcmin azalması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3943.56 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 13.12.2012-ci il tarixdə cavabdeh onun yoldaşlıq etibarından istifadə edərək onun zaminliyi ilə "xxxx" ASC-dən kredit müqaviləsinə əsasə n 3000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit borcunun bir hissəsini ödəmiş, lakin son zamanlar qalıq borcunu ödəmədiyi və kredit müqaviləsinin şərtlərinə əməl etmədiyi üçün kredit borcundan əlavə faiz borcu da hesablanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən kreditin ödənilməsi onun pensiyasından aparılan tutulmalar əsasında aparılmışdır. Cavabdehin ona 3994 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq, ödəyəcəyinə söz versə də, əməl etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmiş və məhkəmənin 03.10.2017-ci il tarixli 2(051)-4050/2017 saylı qiyabi qətnaməsi ilə iddia ərizəsi təmin edilərək cavabdehdən 3994 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh məhkəməyə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə təqdim etmiş və məhkəmənin 2(051)-4050/2017 saylı 03.12.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. Hesab edir ki, cavabdeh ona olan borcunu ödəməkdən yayınmaq üçün işin uzanmasında maraqlıdır. Halbuki, o, cavabdehin əvəzinə "xxxx" ASC-yə 3943.56 manat məbləğində pul ödəmişdir. Hansı ki, kreditdən faydalanan isə cavabdeh olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Quliyeva (Səmədova) Elnurə Eldar qızının nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək bildirdi ki, həmin puldan müəyyən qədər ödəniş etmiş, lakin maddi imkanı olmadığı üçün qalan puldan ödəniş edə bilməmişdir. İddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbələri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 13.12.2012-ci il tarixli zaminlik haqqında razılıqdan görünür ki, Quliyeva (Səmədova) Elnurə Eldar qızı istehlak məqsədləri üçün "xxxx" ASC-dən 3000 manat məbləğində kredit götürmüş və onun öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Məmmədova (Ələsgərova) Aygün Məsdan qızı ilə zaminlik barədə razılıq əldə edilmişdir. İşdə olan Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 19.10.2017-ci il tarixdə verilmiş 2449 nömrəli arayışdan görünür ki, Quliyeva Elnurə Eldar qızı kredit borcunun ödənilməsindən boyun qaçırmış və həmin kredit borcu zamin Məmmədova (Ələsgərova) Aygün Məsdan qızı tərəfindən 3943.56 manat olmaqla tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehdən 3943.56 manat məbləğində pulun alınmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, 13.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə "xxxx" ASC tərəfindən 3000 manat məbləğində kredit verilmişdir. Cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcunun bir hissəsini ödəmiş, lakin kredit müqaviləsinin şərtlərinə tam əməl etmədiyi üçün kredit borcundan əlavə faiz borcu da hesablanmışdır. Yaranmış kredit borcu "xxxx" ASC tərəfindən iddiaçıya məxsus pensiya kartından aparılan tutulmalar hesabına ödənilmişdir. Bununla da cavabdehin ona 3943.56 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, cavabdeh Quliyeva (Səmədova) Elnurə Eldar qızı banka olan kredit borcunun ödənilməsindən boyun qaçırdığı onun 3943.56 manat kredit borcu zamin olan iş üzrə iddiaçı Məmmədova (Ələsgərova) Aygün Məsdan qızı tərəfindən tam şəkildə "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh isə zaminə dəyən ziyanı ödəməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxalayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İş materiallarında olan bank tərəfindən məhkəməyə göndərilmiş arayışdan göründüyü kimi cavabdehin bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən 3943.56 manat məbləğində kredit ödənişi edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə banka arasında bağlanmış kredit müqaviləsinə əsasan yaranmış borc iddiaçı tərəfindən tam şəkildə ödənildiyindən, habelə cavabdehin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və cavabdehdən 3943.56 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh Quliyeva (Səmədova) Elnurə Eldar qızından 3943.56 (üç min doqquz yüz qırx üç manat əlli altı qəpik ) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh Quliyeva (Səmədova) Elnurə Eldar qızından ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar