Məhkəmə qərarları › İş №2(051)-153/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-153/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-153/2025 22.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh, tərcüməçi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2024-cü ilin iyun ayında Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satması ilə əlaqədar tanımışdır. Cavabdeh ona bildirmişdir ki, satacağıfərdi yaşayış evi 6 sot torpaq sahəsinin sərhədləri çərçivəsində yerləşir. 24 iyun 2024-cü il tarixdə cavabdeh ona zəng edərək, Bakı şəhərində ev tapdığını, ev üçün 3000 manat beh verməli olduğunu və verəcəyi behin 2300 manatını topladığını, lakin 700 manat əskik olduğunu bildirmişdir. Buna görə ondan 700 manat borc istəmişdir. Nina ona pulu ya evi alanda ümumi ödənişdən çıxacağını və yaxud alğı-satqı baş tutmasa 31 avqust 2024-cü il tarixdə borc kimi geri qaytaracağını bildirmişdir. O ilk öncə cavabdehin dediklərini qəbul etməsə də, ancaq cavabdeh mütəmadi olaraq ona zəng edərək 700 manata ehtiyacı olduğunu, borc istədiyini bildirmişdir.Qarşılığında isə özünə məxsus ünvan 1 ünvanında yerləşən **********18-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunu təqdim etmişdir. Bundan sonra o, özünə məxsus bir neçə qızıl-zinət əşyasını lombarda qoymaqla 700 manat məbləğində nağd pulu cavabdehə vermişdir. Nina özünə məxsus fərdi yaşayış evinin texniki pasportunu ona versə də iki gün sonra yenidən zəng edərək həmin sənədi Bakı şəhərində ev almaq üçün orada yaşayan nəvəsinə etibarnamə vermək üçün lazım olduğunu bildirərək geri istəmişdir. Bir müddət sonra cavabdehin ona satmaq istədiyi fərdi yaşayış evinin özünün qeyd etdiyi kimi 6 sot torpağın sərhədləri çərçivəsində deyil, 3 sot torpağın sərhədləri çərçivəsində inşa edildiyi bəlli olmuşdur. Qeyd edilən hal ona məlum olduqdan sonra evi almaqdan imtina etmişdir. Cavabdehdən verdiyi 700 manat məbləğində borcu geri qaytarmağı tələb etmişdir. Bu zaman cavabdeh ona həmin pulu tam şəkildə birdəfəyə ödəmək üçün maddi imkanı çatmadığını bildirmişdir. O, cavabdehin maddi vəziyətinin çətin olmasını nəzərə alaraq onun təklifi ilə razılaşaraq ona olan borcunu hər ay 100 manat olmaqla cavabdehin aldığı təqaüddən ödəməsi barədə razılığa gəlmişdir. Cavabdeh bu razılaşmaya da əməl etməyərək hər ay ödəməsinə razı olduğu 100 manat məbləği ödəməmişdir. Ona olan borcunu ödəməsi üçün cavabdehin yaşadığı mənzilə getsə də cavabdeh ona qarşı təhqiramiz ifadələr işlədərək heç bir borcunun olmadığını bildirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, həqiqətən də İddiaçı 700 manat pul almışdır. Lakin, həmin pul borc deyil, behdir. Belə ki, Şəfa almaq üçün ev axtarmışdır. O da həmin vaxt evini satıb Bakı şəhərində ev almaq istəmişdir. Şəfa ondan evi alacağını bildirmişdir. Bu vaxt ərzində onun üçün də Bakı şəhərində uyğun ev çıxmışdır. Həmin evi almaq üçün ona 3000 manat lazım olmuşdur. Həmin evi almaq üçün 2300 manat düzəltsə də 700 manatı çatmamışdır. Bunu Şəfaya bildirmişdir. Şəfa da ona 700 manat vermişdir. O, Bakı şəhərindəki evi almaq üçün 3000 manat beh vermişdir. Daha sonra Şəfa onun evini almaq üçün pulu tamamlaya bilməmişdir. Beləliklə o, evini Şəfaya sata bilməmişdir. Bununla yanaşı onun evi üçün çox müştəri çıxmışdır. O, onların hamısından Şəfaya görə imtina etmişdir. Buradakı evini sata bilmədiyindən Bakı şəhərindəki evi də ala bilməmişdir. Beləliklə behi batmışdır. Şəfanın ona verdiyi 700 manat da evi almaq üçün behdir. Şəfanın təqsirindən alğı-satqı baş tutmadığından həmin behi ona qaytarmalı deyil. İş materialları xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X1 xx.xx.2003-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzinə əsasən Musayeva X2 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş halları Tərəflər evin alğı-satqısına dair razılığa gəlmişlər. Daha sonra iddiaçı 700 manat pulu cavabdehə vermişdir. Tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı razılaşma olmamışdır. Tərəflər arasında evin alğı-satqısı baş tutmamışdır. İddiaçı verdiyi 700 manatı cavabdehdən tələb edir. Cavabdeh alğı-satqının iddiaçının təqsiri üzündən baş tutmadığını, həmin pulun beh müqaviləsinin pedmeti olmasına əsaslanaraq geri qaytarılmasına etiraz edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında yazılı beh müqaviləsi yoxdur. Lakin cavabdeh pulun ona verilməsini etiraf edir. Bu halda iddiaçının cavabdehə verdiyi pul avans kimi qəbul edilməlidir. Tərəflər arasında evin alğı-satqısı baş tutmadığından verilən məbləğ iddiaçıya qaytarılmalıdır. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 700 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddianın təmin edilməsinə mütənasib olaraq ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar