Məhkəmə qərarları › İş №2(051)-1541/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1541/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1541/2021 27.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh: Cavabdeh2 Bayram oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayram oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayram oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 500 manat borc pulun, Cavabdeh2 Bayram oğlundan isə 1356 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair Mingəçevir Şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, təmsil etdiyi şəxs, İddiaçı xx.xx.1961-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Mingəçevir şəhəri Bahar küçəsi 25 saylı fərdi yaşayış evində yaşayır. Onkoloji xəstədir. İki ay əvvəl, 19.04.2021-ci il tarixdə iddiaçının əri X3 vəfat etdi. İddiaçı həmin hadisədən sonra tək yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayram oğlu qardaşdırlar və iddiaçı ilə qonşuluqda, bir evdə yaşayırlar. Lap uşaqlığından onları tanıyır. Ailələri arasında yaxşı münasibət olmuşdur. Çoxuşaqlı ailədirlər. 2019-cu ilin aprel-may ayları olardı Cavabdeh1 iddiaçının yaşadığı evə gəlib ondan borc pul istədi. Evdə məsləhətləşdilər. Uzun müddətdir ki, qonşudurlar. Ona bildirdi ki, 1 ay müddətinə ona 500 (beş) yüz manat verə bilərmi? Qeyd etdiyi kimi qonşudurlar, kasıb adam hesab edib, Cavabdeh1 bir ay müddətinə 500 (beş) yüz manat borc pul verdi. Bununla bağlı Cəlal əlyazma formasında dəftər kağızına qəbz yazib, imza etdi. Bir ay müddət keçdi, Cəlal dedi ki, maddi vəziyyəti yaxşı deyil imkan varsa bir neçə ayda gözləsin, oda razılaşdı. 2019-cu ilin iyun ayının 28də digər cavabdeh Cəlalın qardaşı Cavabdeh2 Bayram oğlu evlərinə gəlib ailəsində xəstə olduğunu, təcili bir gün müddətinə borc pul istədi. Oda də fikirləşmədən xəstəsi olduğu üçün ona pul verməyə razılaşdı. Cavabdeh2 Bayram oğlu ondan bir gün müddətinə 1356 (bir min üç yüz əlli altı) manat borc aldı, əlyazma formasında dəftər kağızına qəbz yazib, imza etdi. Əri sağ idi pula çox ehtiyacı yox idi. Hər dəfə pul istədikcə yalvarıb-yaxarıb vaxt istəyirdilər. Müəyyən müddətdən sonra pandemiya başladı. Yenə hər iki cavabdeh ondan müəyyən vaxt istədi. 2021-ci ilin aprel ayında iddiaçının əri Məmməd vəfat etdi. Pandemiya ilə bağlı yas mərasimi olmadı. iddiaçı X1 məzar daşı hazırlatmaq istədi. Pulu az idi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayram oğlundan ona olan borclarını verməyi xahiş etdi. Hər iki cavabdehlər Cəlal və Mixail onu kobud qarşılayıb, kobud cavab verdilər, konkret olaraq borclarını vermək istəmədiklərini bildirdilər. Çox pis oldu, əri sağ olanda ona yalvarıb, borclarını qaytarmaq üçün vaxt istəyirdilər. Təmsil etdiyi şəxs iddiaçını tək qadın görüb demək olar ki, evdən qovdular. Odur ki, Cavabdeh1 500 manat borc pulun, Cavabdeh2 Bayram oğlundan isə 1356 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, qeyd edilən borc pulu Xanımdan yox onun ərindən almışdır. Xanımın əri ona 1356 manat borc pul vermişdir. O, qeyd olunan pulu 500 manat bir, 300 manat bir 200 manat bir müxtəlif vaxtlarda almışdır. Maaş kartınıda ona vermişdir. Həmin hadisə 2019 və 2020-ci illərdə olmuşdur. O, maaşını “Kapital Bankdan” alır. İşlədiyi yerdə əmək haqqı kartı bir ildən bir dəyişir. Anasıda Beynəlxaq bankdan pensiya alır. İddiaçı bir neçə dəfə də anasının pensiya kartından pul çıxarmışdır. O, qeyd olunan borcu Xanımın ərinə tam olaraq ödəmişdir. Onun Xanımın ərinə cəmi 200-300 manat borcu qalmışdır. Bundan əlavə 4 ay 281 manatdan ona pul vermişdir. İşin içində olan qəbzə o, özü imza etsədə lakin özü yazmamışdır. Çünki o yazı yaza bilmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehə cəmi 1356 manat borc pul, cavabdeh isə özünün əmək haqqı kartını iddiaçıya vermişdir. Məhkəmə iclası zamanı həqiqətəndə cavabdehlərin həqiqətəndə iddiaçıdan şəxsi ehtiyacları üçün 1356 manat məbləğində pul aldıqları müəyyən edilmişdir. Lakin qeyd olunan borcun cavabdeh tərəfindən tam olaraq iddiaçıya qaytaırlmasnı cavabdeh heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. Əksinə iş matriallarından da eləcədə işə əlavə edilmiş cavabdehlər tərəfindən əlyazma vasitəsi ilə pulun iddiaçıdan aldığını təsdiq edən kağız üzərində yazılı və imzalı qəbzlərdən də görünür ki, cavabdehlər həqiqətəndə iddiaçıdan 1356 manat və 500 manat borc aldığını məhkəmə iclası zamanı etiraf etməsə də qəbzə imza etməklə cavabdehdən qeyd edilən borcun aldığını etiraf etmişdir. Məhkəmə, həmçinin, cavabdehin adından pul vəsaitinin iddiaçı tərəfindən borc pulun əvəzi olaraq çıxarılması ilə bağlı bank müvafiq sorğu göndərilmiş, Cavabdeh2 Bayram oğlunun adına bank hesabının mövcud olmadığı da aşkar edilmişdir. Beləliklə sadalanan iş materiallarını, tərəflərin izahatlarını işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin öz etirazlarının əsası kimi istinad etdiyi hallar məhkəmədə öz təsdqini tapmadığı üçün əsassız hesab edilir. İşdə olan Cavabdeh2 Bayram oğlu tərəfindən yazılmış qəbzdən görünür ki, cavabdeh İddiaçı 1356 manat məbləğində pul aldığını imzası ilə təsdiq etmişdir. İşdə olan Cavabdeh1 tərəfindən yazılmış qəbzdən görünür ki, cavabdeh İddiaçı 500 manat məbləğində pul aldığını imzası ilə təsdiq etmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində, həmçinin işin mübahisə edilməyən həqiqi hallarına əsasən müəyyən etdi ki, cavabdehlərin iddiaçıya 1356 manat və 500 manat borcu olmuş, cavabdeh tərəf isə həmin borcu iddiaçı tərəfə qaytarmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında şifahi formada predmeti pul məbləği və digər əvəz edilən əşyalar olan borc müqaviləsi bağlandığından tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1–ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarının tədqiqi zamanı müəyyən olunur ki, onlar arasında şifahi şəkildə borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan borc pul və digər əvəz edilən əşyalar alan zaman, qısa müddətdə olduğu kimi həmin borcu qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etməmişdir. Bununla da İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 500 manat Cavabdeh2 isə iddiaçıya 1356 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və cavabdehlər Cavabdeh1 500 manat və Cavabdeh2 Bayram oğlundan isə 1356 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 500 manat və Cavabdeh2 Bayram oğlundan isə 1356 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul müştərək qaydada cavabdehlərdən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar