Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1564/2023 21.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Səttar oğluna qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Səttar oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O, Cavabdeh Səttar oğlu ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 11 oktyabr 2005-ci il təvəllüdlü X1 və 22 noyabr 2013-cü il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan aralarında nikah məhkəmə qaydasında pozulmuşdur. Tərtər rayon məhkəməsini xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Səttar oğlundan 11 oktyabr 2005-ci il təvəllüdlü Fidan, 22 noyabr 2013-cü il təvəllüdlü Fəqan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Müəyyən edilmiş alimentlə uşaqların maddi tələbatını ödəyə bilmir, çünki uşaqlar böyümüş, onların tələbatları da artmışdır. Cavabdeh də uşağın maddi tələbatıın ödənilməsinə köməklik göstərməyə borcludur. Odur ki, məhkəmədən Cavabdeh Səttar oğlundan birgə nikahdan doğulmuş 11 oktyabr 2005-ci il təvəllüdlü X1 və 22 noyabr 2013-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment miqdarını artıraraq hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit məbləğdə aliment və mediasiya şurasına ödənilən 50 manat pulun Cavabdeh Səttar oğlundan alınıb ona verilməsini xahiş edir. Cavabdeh Səttar oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 367990 seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Səttar oğlu və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin may ayının 25 günündə 47 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra arvada Sadıqova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, 11 oktyabr 2005-ci il təvəllüdlü X1 və 22 noyabr 2013-cü il təvəllüdlü X2 adlı uşaqların atası Cavabdeh Səttar oğlu anası isə İddiaçıdır. İşdə olan Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh Səttar oğlunun mediasiya prosesini davam etdirməyə razılıq verməməsi səbəbindən proses davam etdirilə bilməmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-502/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Səttar oğlundan tutulan alimentin məbləği artırılaraq 11 oktyabr 2005-ci il təvəllüdlü X1 və 22 noyabr 2013cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat cəmi 200 (iki yüz) manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında qalırlar. Məhkəmənin qərarı ilə cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 100 (bir) manat miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət deyil. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşaqların saxlanması üçün hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar iddiaçının yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ödənilən cəmi 200 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay üçün cavabdehdən cəmi 150 manat aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşağa 150 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamalarını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 11 oktyabr 2005-ci il təvəllüdlü X1 və 22 noyabr 2013-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-502/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh Səttar oğlundan alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1564/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1564/2023
21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver